Xalça Azərbaycan xalqının milli sərvətidir

 

 

5 May Xalçaçı Günüdür

 

Hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir. Tədqiqatçılara görə, xalqımızın özü qədər qədim olan Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Xalçaçılıq Azərbaycan mədəniyyətinin bir hissəsidir və o bir sənət növü kimi qədim dövrlərdən başlayaraq Azərbaycanda yaşayır, inkişaf edir.

 

Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

 

Paytaxtda fəaliyyət göstərən Azərbaycan Xalça Muzeyi keçmiş sovet ölkələri içərisində ilk dəfə bizim ölkəmizdə yaradılıb və dünyada ilk muzey kimi tarixə düşüb. Muzeyin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Ekspozisiyanın açılış mərasimində ulu öndər Heydər Əliyev iştirak edib. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaqbununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə edib. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur. Eyni zamanda, xalçaçılıq sənətinin elmi səviyyəyə yüksəlməsi də Lətif Kərimovun əvəzsiz xidmətlərindəndir. 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində təməli qoyulan və 2014-cü ilin avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı olmuş, Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak etmişdir.

 

Yurdumuzun təbiəti, güclü yem ehtiyatına malik olan yaylaq və qışlaq sahələrinin bolluğu, zəngin təbii boyaq maddələrinin zənginliyi, habelə ağbirçəklərimizin qaynar yaradıcılıq qabiliyyəti qədim dövrlərdən burada xalçaçılığın inkişafına imkan vermişdir. Azərbaycan xalçaçılıq məhsulları müxtəlifdir: keçə, namazlıq, kilim, palaz, zili, şəddə, sumax, xovlu xalçalar... Bunlarla yanaşı, ölkəmizdə xalça tipli məişət əşyaları - çuval, fərməş, heybə, xurcun, yəhər üstü, süfrə pərdələri də istehsal olunmuşdur.

 

Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir. Azərbaycan dövlətinin siyasətində xalçaçılığa münasibət də xüsusi yer tutubo tarixən böyük inkişaf yolu keçib. Ölkə Prezidenti cənab İlham Əliyev 7 dekabr 2004-cü il tarixində “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Qanunda göstərilir ki, “Azərbaycan xalçası Azərbaycan xalqının maddimilli sərvətidir, intellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik dünyagörüşünü və mədəni identikliyini əks etdirir”. Ölkə başçısı bu qanunun təsdiqindən az sonra, 2005-ci il fevralın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”Azərbaycan Respublikasının Qanununun tətbiq etdirilməsi barədə fərman imzalamışdır. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha da intensiv inkişafına misilsiz töhfə vermişdir.

 

Respublikamızda 2016-cı ildə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədlərindən biri məhz xalçaxalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. “Azərxalça”nın hazırda 21 filialı fəaliyyət göstərir. Yeni təyin olunmuş sədr bu il aprelin 1-dən “Azərxalça”nın bütün emalatxanalarında istehsalatı bərpa etmiş və filialların bir çoxuna baş çəkərək yerindəcə tanış olmuş, istehsalat prosesi ilə bağlı  problemləri dinləmişdir.

 

Xüsusilə qeyd olunmalıdır ki, xalçaçılığın inkişafı eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Bu sahə inkişaf etdikcə məhsul istehsalı da artacaq və ölkənin ixrac potensialı güclənəcək. Çünki Azərbaycan xalçaları öz təkrarolunmaz gözəlliyi və yüksək keyfiyyəti ilə həmişə diqqəti cəlb edib. Xalça həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ etməklə yanaşı, həm də böyük ixrac məhsuludur.   

 

Ölkə Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən hər il mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd edilir. Bu xalçaçı əməyinə verilən yüksək dəyərdir. Xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək qeyri-mümkündür.

 

 

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2021.- 5 may.- S.10.