Ulu öndər Heydər Əliyevin Azərbaycanın meliorasiya və su təsərrüfatının inkişafında misilsiz xidmətləri

 

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyətilə sıx bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

 

 

Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi.

Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

1976-1982-ci illərdə ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s.obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hekatr suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, süd istehsalı 1,8 dəfə artmışdır.

1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdü. Tikinti işləri demək olar ki, dayandırılmışdı. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdi.

Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

1993-1995-ci illərdən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan Kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan Kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan Kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.

Heydər Əliyevin tapşırığına əsasən Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2020-ci illərdə 4,5 min km uzunluğunda suvarma kanallarının, 3,3 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 473 min hektar sahədə torpaqların su təminatının və 303 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 202 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 200 km muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2990 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoqolovoçay, Ləvain) təmir-bərpa edilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Aqroparkların, iri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədilə Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üzrə kanalın 33 km uzunluğunda olan vacib hissələrində yenidənqurma, I və II pillə nasos stansiyası üçün 3 ədəd nasos aqreqatının alınması və tikinti sahəsinə gətirilməsi, avadanlıqların və 4066 metr ŞMP tipli basqılı boru kəmərinin quraşdırılması işləri yerinə yetrilmişdir. Şəmkir rayonunun 2500 ha torpaq sahəsinə suyun verilməsi üçün Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların tikintisi üzrə 14536 metr paylayıcı suvarma boru kəmərləri qurğularla birlikdə çəkilmişdir. Goranboy rayonunun 4950 ha torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Şəmkir maşın kanalının II növbəsinin zonasında 17404 metr uzunluğunda təsərrüfatlararası paylayıcı kanalların tikintisi işləri aparılmışdır. Yuxarı Mil kanalının sonunda artıq suların Yeni Xanqızı kanalına verilməsi üçün ümumi uzunluğu 7000 metr olan sutullayıcı kanalın qalan 4750 metrlik hissəsinin qurğularla birlikdə tikintisi tamamlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala və Biləsuvar rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərindəki nasos stansiyasının və magistral kanalın suvermə qabiliyyətinin artırılması məqsədilə layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Saatlı rayonunun 20 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayından əlavə suyun verilməsi və Bərdə rayonunda 3150 ha torpaq sahəsinin suvarma suyu ilə təminatı tədbirləri üzrə layihə-smeta sənədləri hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 9547 ha əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmaqla qazılması işləri başa çatdırılmışdır.

Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Astara, Lənkəran, Qax, Şəki, Xaçmaz və Ağcabədi rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarında 3795 pm uzunluğunda istinad divarının tikintisi tamamlanmış və Astara sərhəd çayında 7292 pm məcratəmizləmə üzrə tikinti işləri yerinə yetrilmişdir. Eyni zamanda Ağstafa rayonunun Köçəsgər kəndində “Acı” dərənin sel sularından mühafizə tədbirlərinin, Qax rayonu ərazisində Zərnəçay çayında sahilbərkitmə işlərinin, Quba rayonunun Qonaqkənd kəndinin Vəlvələçay və Quba şəhərinin Qudyalçay çaylarının sel sularından mühafizəsi tədbirlərinin layihə sənədlərinin hazırlanması üzrə işlər yerinə yetrilmişdir.

2020-ci ilin mürəkkəb təbii-iqlim, eləcə də bütün dünyada, o cümlədən ölkəmizdə davam etməkdə olan pandemiya şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparmış, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmiş, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirmiş, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlamış və ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədilə cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı, kollektor-drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanmasına başlanılmış, eləcə də Əlicançay su anbarının layihə sənədlərinin hazırlanması davam etdirilmiş, Qəbələ rayonu ərazisində Yengicə su su anbarının tikintisi üzrə hazırlıq işlərinə başlanılmışdır.

Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpasını və gələcək inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə Proqram” hazırlanmışdır.

Proqramın məqsədi uzun illər erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağın ətrafında yerləşən işğaldan azad olunan ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə melioarsiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilindən ibarətdir.

2021-ci ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.

Şəmkirçay su anbarı zonasında magistral və paylayıcı kanalların tikintisi, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi tədbirlərinin, iri təsərrüfatların və aqroparkların yaradılması nəzərdə tutulmuş obyektlər üzrə Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisinin, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq sahələrində və bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin aparılmasına, Samux və Goranboy rayonlarında yaradılmış aqroparka məxsus torpaq sahələrinin su təminatının yaxşılaşdırlması, Biləsuvar rayonunda 1090 hektar yeni əkin sahəsinin suvarma suyu ilə təmin olunması və kollektor-drenaj sisteminin tikintisinə başlanılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi böyük məsuliyyətlə işləməyə və daha yaxşı nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyətilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəkdir.

 

Zakir QULİYEV,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC-nin sədr müavini.

 

Respublika.- 2021.- 6 may.- S.5.