Göyçay: Bayraq Muzeyi - zəfər, qürur ünvanı

 

Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətdir.  Gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər  kimi böyüməsində Bayraq muzeylərinin xüsusi əhəmiyyəti var.

 

Göyçay şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin  adını daşıyan meydanın ərazisində yerləşən  Bayraq Muzeyinin  inşasına 2018-ci ildə başlanılmış və  təxminən bir il ərzində tikinti  başa çatmışdır.  Muzeyin 360  kvadratmetrlik  ümumi ərazisinə sərgi zalı, inzibati və yardımçı otaqlar  daxildir. Sərgi zalında Azərbaycanın  xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər,  xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın müxtəlif dövrlərdə qəbul edilmiş  konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, ordenmedallar nümayiş etdirilir.

 

Göyçay  sakinləri ulu öndər Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin bayrağımıza olan həssas münasibətindən ağızdolusu danışır”-deyə Göyçay rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov bildirdi ki, göyçaylılar həmişə dövlətin və  dövlət başçısının  yanında olmaqdan  qürur duyublar.

 

Bir mərtəbədən ibarət olan  muzeyin ətrafında əkilmiş möhtəşəm çinarlara,  dekorativ  ağacgül kollarına  nəzər  salırıq. Yazın gəlişi  ilə gözəl təbiəti olan Göyçay  yaşıl libasa bürünüb. Göyçay Bayraq Muzeyinin rəhbəri Nicat Mahmudov bildirdi  ki, 2017, 2018-ci illər ərzində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı  Mehdi Səlimzadə tərəfindən muzeyin inşa olunmasına başlanılarkən məhz bu əraziyə üstünlük verildi.  Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatdı.  Həmin ilin 9 noyabr tarixində, yəni, Dövlət Bayrağı Günündə  muzeyin açılışı oldu.  Açılış tarixi  həm də Göyçayda hər il keçirilən Nar bayramına  təsadüf edirdi.  Məhz bu səbəbdən də buraya  gələn yerli qonaqlar, həm də xarici ölkələrdən olan  turistlər muzeylə yaxından tanış olublar.

 

Qeyd edək ki, muzeyin  binası müasir standartlara uyğun  tikilib. XVIII əsrin II yarısına aid olan xəritə tablosu  muzeyin daxilində qabarıq  əks etdirilir ki,  bu da muzeyə gələn məktəblilərə  tələbə-gənclərə  keçmişdə  Azərbaycana məxsus ərazilərin  xəritəsi  ilə yaxından tanış olmağa imkan yaradır.

 

 

 

Maarif  RZAYEV

 

Respublika.- 2021.- 6 may.- S.8.