Doğma Qarabağımız tezliklə cənnətməkana çevriləcək

 

İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir

 

 

 

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. 44 günlük savaş həm də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xaricdən bizə təzyiqlərə cəhd göstərildi. Lakin İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla həmin cəhdlərin qarşısını aldı. Prezident Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə qətiyyətlə sinə gərdi, onların reallaşmasına imkan vermədi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi.

 

 

 

Dövlət başçımız 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə demişdir: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyükqürurlu xalq kimi yaşayacağıq”.

 

Artıq Qarabağda bərpa-quruculuq işlərinə start verilib. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır.

 

Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. Tezliklə ərazilər minalardan tamamilə təmizləndikdən sonra insanlarımız, bu qədim diyarın əsl sakinləri yenidən öz doğma ocaqlarına qayıdacaq, firavan həyat yenidən təmin ediləcək, yurddaşlarımız əkib-becərəcək, qurub yaradacaqlar. Bütün bunlar lap tezliklə reallaşacaqdır.

 

Dövlət başçımız çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Bu ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq - bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir. Dövlət başçısının azad edilmiş rayonlarımızla bağlı, oraya qayıdışın mümkünlüyü ilə əlaqədar əhəmiyyətli qərarları xalqımız tərəfindən elliklə dəstəklənir. Prezidentin sərəncamı ilə bir neçə ay əvvəl yaradılmış Qarabağ Dirçəliş Fondu da bu məqsədlərə xidmət edir. Məlumdur ki, erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilib, dağıdılıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir.

 

İndiyə qədər işğal səbəbindən regionun kənarından keçən beynəlxalq səviyyəli nəqliyyat-kommunikasiya layihələri Qarabağ bölgəsində gerçəkləşdiriləcək. Qarabağ Dirçəliş Fondunun yaradılması ilə bağlı imzalanan fərmanda qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, təhlükəsiz yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcək.

 

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident cənab İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə - Cəbrayıl və Zəngilana səfər etdi. Ali Baş Komandanla ölkənin Birinci vitse-prezidenti növbəti dəfə Qarabağımıza səfərlərini gerçəkləşdirdilər və bununla növbəti dəfə tarix yazdılar. Qələbələrimizin üzərinə Qələbələr, Zəfərlərimizin üzərinə Zəfərlər əlavə etdilər! Bu səfər də əvvəlki səfərlər kimi, zəngin açılışlarla, Ali Baş Komandanın tarixi mesaj və bəyanatları ilə yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi, eyni zamanda, dövlət başçımız Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu. Həmçinin səfər zamanı dövlət başçımız Zəngilan sakinləri ilə görüşdü. Bəli, bunlar bizim növbəti böyük hədəflərimizin tərkib hissəsi və bir parçasıdır.

 

İşğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlanması, “ağıllı şəhər”, “agıllı kənd” layihələrinin icrası, infrastrukturun yenilənməsi, bu ərazilərimizdə müasir iqtisaditexnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentimizin istəklərini nümayiş etdirir. Məqsəd soydaşlarımız üçün daha yüksək yaşam standartlarını tətbiq etməkdir. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan bu torpaqlarımızda daş-daş üstə qalmayıb. Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnət-məkana çevriləcək.

 

Prezident İlham Əliyev Cəbrayıl və Zəngilana səfəri zamanı demişdir: “Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu, böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd - Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilmişdir. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldubu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də yerləri, əkin sahələri müəyyən edilibdir. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcəkdir.

 

Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır”.

 

Ölkə başçısının işğaldan azad olunan ərazilərə tez-tez səfər etməsi ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz bu ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi tutur. Bu, görülən işlərin şəxsən cənab Prezident İlham Əliyevin nəzarətində olduğunun göstəricisidir. Təəssüf hissi ilə vurğulanmalıdır ki, işğaldan azad olunmuş ərazilərimizə edilən hər səfərdən sonra bir daha da aydın olur ki, 30 ilə yaxın müddət ərzində ermənilər bu torpaqları tamamilə dağıdıb, yerlə-yeksan edib. Düşmən sadəcə evləri, binaları yox, həm də dini ibadətgahlarımızı dağıntılara məruz qoyub. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərən 67 məsciddən, sadəcə ikisi, o da yarıdağılmış vəziyyətdə qalıb. Bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.

 

Qarabağın dilbər guşələrindən olan Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malikdir. Həmçinin, Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçirilir. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün ölkələrindən gələn turistləri yenidən heyran edəcəkdir. O gün çox uzaqda deyil.

 

Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu - işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq, Qarabağ öz yeni həyatına qovuşacaqdır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.

 

Bir sözlə, Prezident cənab İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” ifadəsi çox yaxın bir zamanda böyük layihə və işlər sayəsində, Qarabağımızın gözəlliyinə gözəllik qatacaqdır.

 

 

 

M.MİRZƏ

 

Respublika.- 2021.- 6 may.- S.8.