Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur

 

Azərbaycan ədəbiyyatının, milli-mənəvi dəyərlərinin təbliği və inkişafı istiqamətində başlanan ənənələr praqmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri bütün sahələr kimi, ədəbiyyat sahəsini də, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ədəbiyyatımızın bütün dünyada təbliğ olunması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq qərar və sərəncamlar ədəbiyyatımızın klassik nümayəndələrinin daha yaxından tanıdılmasına xidmət edir. 2021-ci ilin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Nizami Gəncəvi ili elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin təbliği sahəsində atılan növbəti addımdır. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, söz yox ki, onun zəngin irsinin yenidən araşdırılması və təbliği istiqamətində geniş imkanlar açacaqdır. Gəncə Dövlət Universiteti ilə Türkiyənin Kastamonu Universitetinin birgə təşkil etdikləri Nizami Gəncəvi və ədəbi mirası mövzusunda videokonfransda dahi şairin bəşəri ideyalarla zəngin olan bədii irsi ətrafında maraqlı fikirlər səsləndirilmişdir.

 

Konfransı giriş sözü ilə Türkiyənin Kastamonu Universitetinin professoru Orhan Söylemez açaraq, iki qardaş ölkənin birgə ədəbi əlaqələrindən, eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı ölməz əsərlərdən danışmış, diqqətə çatdırmışdır ki, Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin nadir, bu gündünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikir tarixində öz mövqeyi olan fenomenal şəxsiyyətlərdən biridir. Buna görədir ki, Nizami sənətinə olan maraq heç vaxt azalmır, zaman-zaman ölməz əsərləri istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.

 

Sonra videokonfransda Türkiyənin Giresun Universitetinin professoru Beyhan Kesik Klassik türk ədəbiyyatında Leyli və Məcnun hekayələri, Kastamonu Universitetinin professorları Abdullah Aydın Osmanlı şairlərinə görə Nizami Gəncəvi və professor Vüsalə Musalı Nizami Gəncəvi və Osmanlı ədəbiyyatı, Gəncə Dövlət Universitetinin professorları Mübariz Yusifov Nizami şəxsiyyəti və Nizamidə obrazlaşdırma haqqında və Nizamişünas alim Xəlil Yusifli Nizami Gəncəvinin həyatı ilə bağlı mülahizələr mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzəçilər qeyd etmişlər ki, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair burada yaşayıb, yaratmış dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi Nizami Gəncəvi irsinin dünyada daha yüksək səviyyədə tanınmasında böyük rol oynayacaqdır.

 

Zabit XƏLİLOV

 

Respublika.- 2021.- 6 may.- S.9.