Ümummilli liderin ideyaları yeni müstəvidə
uğurla reallaşdırılır
“...Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da
çətindir...”.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının Ümummilli lideri.
“...1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır...”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Vətən və xalq qarşısındakı xidmətlərin müstəsna əhəmiyyəti
Haqq dünyasına köçdükdən sonra hafizələrdə qalmaq və xalqın qəlbində əbədi yaşamaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və onu daim qəlbində yaşadır. Bu sevgini isə yalnız Heydər Əliyev kimi millətini və dövlətini sevən vətənpərvər insanlar öz müstəsna xidmətləri ilə qazanır. Hər kəsə məlumdur ki, nəhəng tarixi şəxsiyyət Heydər Əliyev xalqı və vətəni qarşısında misilsiz xidmətləri ilə hələ sağlığında ikən “dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış və bu adı tarixin yaddaşında əbədi həkk etdirmişdir. Buna görə də, ulu öndər Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir və əminik ki, bu ənənə hər zaman davam etdiriləcəkdir.
Gənc yaşlarından dövlət təhlükəsizliyi orqanlarında qulluq keçən Heydər Əliyevin zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti onun uğurlarının davamlılığını şərtləndirir və müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir, elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, Azərbaycanın, o cümlədən bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik edəcəkdi.
14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa müvəffəq olmuş və azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almışdır. Bu sahədə kütləvi informasiya vasitələrinin əhəmiyyətini nəzərə alan müdrik lider Heydər Əliyev Azərbaycan KP MK-nın 20 mart 1970-ci il tarixli plenumundakı çıxışında onların fəaliyyətindən narazılığını ifadə edərək demişdir: “...Bəzən mətbuat, televiziya və radio işçiləri mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar...”. Bu kəsərli çıxışdan sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, folklorunu təbliğ edən materiallar əhəmiyyətli dərəcədə çoxalmış, milli irsi təcəssüm edən verilişlər ərsəyə gətirilmiş, ana dilinin təbliği istiqamətində konkret addımlar atılmışdır.
Bütün həyatını doğma xalqına və Azərbaycanın çiçəklənməsinə həsr etmiş ulu öndər milli maraqlara xidmət edən bir çox misli görünməmiş uğurlara imza atırdı ki, onlardan biri həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycanın Konstitusiyasında təsbit olunması idi. Heydər Əliyev hər zaman deyirdi: “...öz ana dilini bilməyən adamlar şikəst adamlardır...”. Bundan başqa, o dövrdə SSRİ məkanında analoqu olmayan hadisə baş verdi. Məhz Heydər Əliyevin səyi nəticəsində böyük dramaturq Hüseyn Cavidin nəşi 1982-ci ildə öz vətəninə, Azərbaycana gətirildi. Müdrik strateq Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası məhz xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən də iqtisadi inkişafın sürətli həyata keçirilməsi taktikası da milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin əsas təməlinə çevrilməli idi. Dahi lider Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə bərabər, milli düşüncə sahibi olan ziyalıları da qorumuşdur. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, həmçinin azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Qətiyyətli rəhbər Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur.
Millətin birliyində, həmrəyliyində mühüm rola malik, müqəddəs dəyərlərin qorunmasında müstəsna əhəmiyyəti olan dinə hər zaman xüsusi ehtiramla yanaşan Heydər Əliyev, onun siyasi alətə çevrilməsinə, insanların saf inanclarının cəmiyyətdə gedən proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç zaman imkan verməmişdir. Qeyd olunmalıdır ki, ulu öndər ölkədə islam dininin mütərəqqi dəyərlərinin təşviqinə, formalaşmasına və inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin də təşəkkül tapmasını, tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaranmasına müyəssər ola bilmişdir.
İstiqlala
və firavan istiqbala gedən yol
Ümummilli liderimiz hələ birinci dəfə ölkəmizə
rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanı hərtərəfli
və sürətli inkişaf etdirməklə müstəqil
güclü dövlətə çevirməyi qarşısına
məqsəd qoydu. “İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir” - deyən Heydər
Əliyev dərindən dərk edirdi ki, millətin siyasi
müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən
azadlığı şərtləndirir. Buna görə
də, SSRİ-nin əyalətlərindən biri kimi yanaşıldığından
60-cı illərin sonlarına doğru həyatın
bütün sahələrində, o cümlədən iqtisadi
sahədə geriləyən, mənfi meyillərin güclənərək
getdikcə daha dərin kök saldığı Azərbaycanda
hakimiyyətə gələn dahi öndərin ilk işlərindən
biri, respublikada iqtisadi potensialın dağılmasının,
ictimai-siyasi həyatda yaranmış tənəzzülün
qarşısını almaqdan ibarət oldu. Heydər
Əliyevin gərgin əməyinin, yorulmaz fəaliyyətinin
və yüksək idarəçilik qabiliyyətinin sayəsində
o illər ictimai və iqtisadi sahədəki köklü
islahatlar, baş verən dəyişikliklər miqyasına və
xalqın rifahının keyfiyyətcə yeni mərhələyə
keçməsinə görə Azərbaycanın quruculuq
salnaməsində ən parlaq dövrü təşkil
etmişdir. Heydər Əliyevin müstəqil
dövlətçilik strateji proqramının özünəməxsusluğu
onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan
tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin
çoxşaxəli inkişafını və milliləşdirilməsini
təmin edirdi.
Heydər Əliyevin milli müstəqil dövlət
quruculuğuna gedən yolda gördüyü böyük
işlər, SSRİ-nin daxili və xarici siyasəti çərçivəsində
olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni,
elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə
xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli
tədbirlər təşkil olunur, eləcə də SSRİ
respublikaları və digər xarici ölkələrdə Azərbaycan
elmi, mədəniyyəti və incəsənəti günləri
keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə,
orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların
xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin
hər yerdə tanınmasına, Bakının isə həmin
dövrdə dünya miqyasında tanınan mədəniyyət
və elm mərkəzinə çevrilməsinə, nəticədə
isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə
hesablanmışdı.
Ulu öndərin dərindən
düşünülmüş məqsədyönlü siyasəti
nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də
bir necə dəfə genişləndirildi və ölkənin
nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik,
daxili məhsulun yarısından da artıq çəkisi olan
bir sahəyə çevrildi. Azərbaycanın
rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti
dövlətdən əməkhaqqı almağa
başladı. İqtisadi yüksəliş
sözsüz ki, bütün sahələrin inkişafına
ciddi təkan verdi.
Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin
də nüfuzu artırdı. Heydər Əliyevin
“Sosialist Əməyi Qəhrəmanı” fəxri adını
alması, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd
seçilməsi xalqımızı nə qədər
qürurlandırırdısa, tarixi düşmənlərimiz
olan erməniləri bir o qədər məyus edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir,
təfəkkür tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən
çıxmağa çalışırdılar. 1982-ci ildə böyük öndərimizin
İttifaq rəhbərliyinin ən yüksək pillələrindən
birinə - Sovet İttifaqı Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə irəli çəkilməsi
isə ermənilər üçün qorxulu yuxuya
çevrildi. Heydər Əliyevin Mərkəzi Komitənin
Siyasi Bürosuna üzv seçilməsi və ikinci dəfə
“Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülməsi onlara daha bir
ağır zərbə oldu. Ümummilli liderimiz
yeni vəzifənin də öhdəsindən layiqincə gəlirdi.
Heydər Əliyevin şöhrəti
artdıqca, ölkə rəhbərliyinin yüksək
eşalonunda əyləşənlərin də ona
qarşı qısqanclıq hissləri güclənirdi və
bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən
sonra açıq-aşkar nəzərə
çarpırdı. Bu fürsətdən
istifadə edən ermənilər onun vəzifədən
uzaqlaşdırılması planını işə
saldı. Bu prosesə dünyada məşhur
olan erməni lobbisi də qoşulmuşdu. Öz əli ilə qurub-yaratdığı Azərbaycanda
da bəzi qüvvələrin ona qarşı
çıxması Heydər Əliyevi mənən
ağrıdırdı. Bu səbəbdən Ulu Öndər
1987-ci ilin oktyabrında vəzifədən istefa verdi. Həmin dövrdə
ölkədə yenidənqurma pərdəsi altında
bir-birindən mürəkkəb proseslər cərəyan
edirdi. Azərbaycanın əzəli
torpağı olan Dağlıq Qarabağı Ermənistana
birləşdirmək ideyası da ortaya atıldı. Buna qədər Heydər Əliyev amili, onun
gücü, dəmir iradəsi və qüdrəti erməni
millətçilərini bu kimi çirkin fikirlərdən
çəkindirirdi. Təsadüfi deyildir
ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini
1987-ci ildə onun siyasi rəhbərlikdən getməsindən
heç iki həftə keçməmiş qaldırdı və
Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana
birləşdirmək fikrini ortaya atdı. Bununla
əlaqədar Xankəndidə və Ermənistanda fasiləsiz
mitinqlər başlandı. Əlbəttə,
o vaxtkı Azərbaycan rəhbərliyi bu təxribatların
qarşısında aciz olduğundan öz qətiyyətli
mövqeyini ortaya qoya bilməzdi.
Böyük
qayıdış hərtərəfli uğurları şərtləndirdi
Sirr deyil ki, Siyasi Bürodan uzaqlaşmağa qərar
vermiş Heydər Əliyevin 20 Yanvar faciəsi baş verənədək
fəal siyasətlə məşğul olmaq niyyəti yox idi. Ancaq ulu
öndər bu hadisəyə biganə qala bilməzdi və
qalmadı da. Onun 1990-cı ilin sərt qış
günlərində Azərbaycanın Moskvadakı Daimi
Nümayəndəliyinə gələrək respublikada 20
Yanvar faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini
kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla
çıxış etməklə, Azərbaycan
xalqının yanında olduğunu bildirməsi, yeni tarixi
epoxanın başlanğıcında Heydər Əliyevin
müstəqillik uğrundakı mübarizəsinin
başlanğıcı kimi böyük əhəmiyyət kəsb
edirdi.
Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və
təxribatlar kampaniyası geniş vüsət aldı. Həmin
kampaniya daxilində hətta onu həbs etmək də istəmişlər.
Buna baxmayaraq o, heç nədən və
heç kimdən çəkinməyərək Azərbaycana
üz tutsa da, ona Bakıda yaşamağa imkan vermədikləri
üçün doğulub boya-başa çatdığı
Naxçıvana qayıtdı. Naxçıvanda
xalq onu, o, isə xalqı müdafiə etdi. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin
məkrli niyyəti Naxçıvana da yönəlmişdi,
onların planlarında buranın işğalı da nəzərdə
tutulmuşdu. Ulu öndər buna imkan verməyərək
erməniləri yerində oturtmaqla, Naxçıvanı qorudu
və bununla da müstəqilliyin əldə edilməsi
üçün həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
dövlət bayrağı elan edildi və Azərbaycanın
Ali Məclisinə bu bayrağın dövlət
bayrağı kimi qəbul edilməsi barədə vəsatət
göndərildi. Bununla yanaşı,
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı
dəyişdirilərək “Sovet Sosialist” sözlərinin
çıxarılması da müstəqilliyə doğru gedən
yolda atılan çox ciddi addımlardan biri idi. Göründüyü kimi, Azərbaycanın
dövlət müstəqilliyinə gedən yol dahi öndərin
təşəbbüsü, uzaqgörən təfəkkürü,
gərgin əməyi, dərin düşüncəsi, iti zəkası,
cəsarəti və qətiyyəti hesabına
Naxçıvandan başlamışdır.
Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin
noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən
xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan
Partiyası öz düzgün fəaliyyəti, həmçinin
bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində
qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar
partiyasına çevrildi. Azərbaycan
xalqı növbəti dəfə müdrikliyini göstərib
öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə
gəlməsini təkidlə xahiş etməklə Yeni Azərbaycan
Partiyasının iqtidar partiyasına çevrilməsini
reallaşdırdı. Azərbaycanını
və xalqını canından çox sevən ulu öndərin
bu anda başqa seçimi yox idi. Heydər
Əliyev Bakıya gəldi və həmin anda həll edilməli
olan ən ümdə məsələni - vətəndaş
müharibəsinin dayandırılmasını həll etdi.
Bundan sonra, Azərbaycanda sabitlik yarandı və bu
böyük islahatların başlanmasına rəvac verdi.
Hər kəsə
məlumdur ki, o illərdə Azərbaycan vətəndaş
müharibəsindən təzəcə qurtulmuş, atəşkəs
rejimini yenicə əldə etmiş ölkə olduğundan,
həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək,
investorları sərmayə qoymaq üçün həvəsləndirmək,
onları inandırmaq həddindən artıq çətin,
demək olar ki, mümkünsüz bir məsələ idi. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər
1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik
tarixində mühüm əhəmiyyəti olan “Əsrin
müqaviləsi” kimi bir müqavilənin
bağlanılmasına nail oldu. O da məlumdur ki, Azərbaycan
neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi
olan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin təməlini öz əlləri ilə
qoymuşdur. Bundan sonra, bu gün Azərbaycanı
dünyada böyük qaz potensialına malik olan bir dövlət
kimi tanıdan “Şahdəniz” layihəsi reallaşdı.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi
ilə həyata keçirilmiş iqtisadi islahatların sayəsində
sürətlə qüdrətlənən Azərbaycanda
paralel olaraq digər sahələrdə, o cümlədən
hüquq sahəsində əsaslı islahatların
aparılmasına zəmin yarandı. 1993-cü ilin ikinci
yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa
qarşı mübarizə gücləndirilərək
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar atıldı.
Bu barədə danışılarkən ulu öndərin 9
avqust 1994-cü il tarixdə
imzaladığı “Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” Fərmanının əvəzsiz
rolu xüsusi vurğulanmalıdır. Bu sahədə
aparılan islahatlar, o cümlədən sözügedən fərman
əsasında hüquq-mühafizə orqanlarının fəaliyyəti
cinayətkar təzahürlərə, xüsusən də,
mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və
terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı səfərbər edildi. Bütün bunlar
Azərbaycanda ardıcıl və sistemli surətdə
hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması prosesinə başlamaq
imkanını verdi. Məhz ulu öndər
Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində
hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu
yolu ilə irəliləyən müstəqil respublikamızda
vətəndaş cəmiyyətinin formalaşması,
insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin
təmin edilməsi üçün ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradıldı. 12 noyabr
1995-ci il tarixdə ümumxalq səsverməsi
yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası
qəbul edildi. Bu ali hüquqi akt ölkəmizin
gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə
bərabər, demokratik-hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun təməlini qoydu. Azərbaycan Prezidenti yanında Əfv
Komissiyasının yaradılması və əfvetmə
institutunun bərpası isə aparılan humanist siyasətin
bariz nümunəsi idi. Xüsusi vurğulanmalıdır
ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər
Əliyevin imzaladığı 32 əfv fərmanı ilə
üç mindən artıq məhkum azadlığa
buraxılmış, həmçinin onun təşəbbüsü
ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi
“Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə
şamil edilmişdir.
Azərbaycan
etibarlı əllərdədir
Tarixi proseslərin təhlili və müxtəlif
dövrlərin təcrübəsi belə qənaətə gəlməyə
əsas verir ki, varislik prinsipinə riayət edilmədən
dinamik inkişaf, xalqın rifahına xidmət edən ideyalar
məcmusunun reallaşmasının davamlı xarakter alması
mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi
ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də,
xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil
qaydada, demokratik prinsiplər əsasında ötürülməsi
cəmiyyətin inkişafı üçün çox vacib
amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul
etdiyi strateji inkişaf kursunu daha da təkmilləşdirməklə
zənginləşdirən və yeni dövrün tələblərinə
uyğun şəkildə, yüksək dinamizmlə
reallaşdıran Prezident İlham Əliyev əsl vətənpərvər
və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi
vədləri gördüyü işlərlə
doğruldaraq hər bir vətəndaşın Prezidenti
olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl
nümunəsini yaratmışdır. Möhkəm
siyasi iradəsi, qətiyyəti, məqsədə doğru
inamla irəliləməsi, yüksək erudisiyası,
praqmatizmi, təvazökarlığı və sadəliyi, ən
əsası Heydər Əliyev siyasi kursunun etibarlı
qarantı olması ölkə liderinə xalqın
böyük rəğbətini qazandırmışdır.
Onun 11 aprel 2018-ci il tarixdə
keçirilmiş Prezident seçkilərindəki növbəti
parlaq qələbəsi dediklərimizi bir daha təsdiq
etmişdir. Möhtərəm Prezident İlham
Əliyevin özünü xalqın birinci xidmətçisi
kimi bəyan etməsi də məhz Heydər Əliyev ideoloji
kursuna, onun siyasi irsinə sədaqətinin göstəricisidir.
Xalqına bağlılığını və
xalqla iqtidar arasında olan sıx birliyi təcəssüm
etdirən belə bir optimist mövqeyin 2003-cü ildən bəri
getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir
ki, bu gün respublikamızın dinamik inkişafını təmin
edən fundamental istiqamətlər sürətlə
reallaşır. Azərbaycana ulu öndərin
zəngin dövlət idarəçiliyi təcrübəsinin
əsaslarını dərindən mənimsəmiş,
xalqına xidməti həyat amalına çevirmiş
İlham Əliyev kimi müdrik bir siyasətçi rəhbərlik
edir və Heydər Əliyev siyasətinə sadiqliyini öz
müstəsna xidmətləri ilə əyani şəkildə
sübuta yetirir. Möhtərəm Prezident
İlham Əliyev dövlət idarəçiliyinin möhkəm
təməl prinsipləri əsasında Azərbaycanın
sürətlə qüdrətlənməsinin təmin edilməsini
özünəməxsus peşəkarlıqla bacarmaqla
yanaşı, onun davamlılığının yüksək
templə inkişafını bu gün də uğurla davam
etdirir. Azərbaycanda əldə edilən
iqtisadi mənfəətlərin bu gün qloballaşan
dünyanın ən qiymətli sərvəti rolunda
çıxış edən insan kapitalına çevrilməsi
üçün məqsədyönlü addımlar
atılır, informasiyalı cəmiyyət formalaşır,
informasiya texnologiyalarının son nailiyyətləri daha
böyük sürətlə Azərbaycanın həyatının
ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlarla yanaşı, ölkədə
aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət
alır, insan hüquq və azadlıqlarının təminatı
sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda
tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar
möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti
formalaşdırılır. Hər bir vətəndaş
onunla dövlət arasındakı münasibətlərdə
müəyyən edilmiş rol və vəzifələri, mənsub
olduğu dövlətin bu gününə və gələcəyinə
görə daşıdığı məsuliyyəti daha
aydın görür, hər addımında buna riayət etməyə
çalışır.
Bu gün
Azərbaycanın yüksək templə hərtərəfli
qüdrətlənməsindən danışarkən,
xalqına və həyat yoldaşına olan sədaqəti,
davranışı, elmi bilikləri, dərin düşüncəsi,
peşəkar idarəçilik qabiliyyəti və digər bu
kimi əsl Azərbaycan xanımına xas müsbət cəhətləri
ilə bütün dünya qadınlarına örnək olan
Mehriban xanım Əliyevanın dövlət və xalq
qarşısında genişmiqyaslı fəaliyyəti
haqqında danışmamaq mümkün deyil. Onun
ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət
postuna gəlişi hazırkı inkişafımızın
daha da sürətlənməsinə və
uğurlarımızın davamlılığına, həmçinin
milli maraqlara hesablanmış bir qərar idi. Heç kəsə sirr deyil ki, xalqımızın
qəlbində Mehriban xanıma dərin inam və etimad var.
İnsanların öz dərd-səri ilə dolu olan müraciətlərinin
çox böyük bir hissəsinin ona ünvanlanması bunun
aşkar göstəricisidir. Bu həm də
dövlətimizin ədalət gücünə olan
inamdır. Prezidentin sosialyönümlü
siyasətinin gerçəkləşməsində də,
Mehriban xanımın zəhməti və fəaliyyəti
misilsizdir. Təbiidir ki, vaxtilə onun
xarici və daxili siyasətdə apardığı və
bütün dünyada etiraf olunan fəaliyyəti hazırda
yeni statusda daha yüksək səmərəliliklə davam
edir, bu da öz növbəsində xalqımızın və
dövlətimizin yeni uğurlarını şərtləndirir.
Möhtəşəm
44 gün — Prezident—xalq birliyinin təntənəsi
Ulu öndərin mükəmməl siyasətinin onun ən
layiqli davamçısı cənab Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsindən bəhs
edərkən Vətən müharibəsində
qazandığımız möhtəşəm qələbəni
xüsusi vurğulamaq lazımdır. Ümummilli lider illər öncə
böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini
həll edəcəyik. Zaman lazımdır, vaxt
lazımdır. Azərbaycan torpaqları
heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız
mütləq qaytarılacaqdır. Nəyin
bahasına olur-olsun”.
27 sentyabr
2020-ci il tarixdə səhər saatlarında növbəti təxribatlara
başlayan Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu
zonada yerləşən Azərbaycan ordusunun mövqelərini
və yaşayış məntəqələrini
iriçaplı silahlar, minaatanlar və müxtəlif
çaplı artilleriya qurğularından intensiv atəşə
tutması ordumuzu mənfur düşmənin layiqli cavabını
verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri
əks-hücum əməliyyatları həyata keçirdi və
bununla da ikinci Qarabağ müharibəsi başladı. Bütün xalq Vətən müharibəsinin qələbə
ilə başa çatmasını qarşıya məqsəd
qoydu. Dövlət başçısı
cənab İlham Əliyevin “Biz birlikdə
güclüyük!” şüarı dillərdə əzbər
olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək
mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə
isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın növbəti təxribatlarının
qarşısını almaq və düşməni sülhə
sövq etmək məqsədilə gedən 44 günlük
müharibədə müdrik və qətiyyətli Ali Baş
Komandan və onun rəhbərlik etdiyi qüdrətli Azərbaycan
Silahlı Qüvvələrinin hərbçiləri
şanlı tarix yazmağa müvəffəq oldular. Elə
ilk günlərdən düşmənə
sarsıdıcı zərbələr vuran qəhrəman
övladların sayəsində qısa zamanda ardıcıl
uğurlar qazanılmaqla kəndlərimizin, qəsəbələrimizin,
yaşayış məntəqələrimizin, eləcə də
şəhərlərimizin, o cümlədən Cəbrayılın,
Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət
Şuşanın işğaldan azad olunması Ermənistanı
sülhə sövq etdi və bu biçarə düşmənin
kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə
başa çatdı və ədalət bərpa olundu. Hərbi Prokurorluq işçisi olaraq qeyd olunan
dövrlərdə bilavasitə döyüş əməliyyatlarının
və əldə olunan ardıcıl zəfərlərin
şahidi, eləcə də işğaldan azad olunmuş
torpaqlara ilk ayaq basan şəxslərdən biri kimi xüsusi
vurğulamaq istərdim ki, müşahidə etdiyim mənzərələrin
unudulmaz təəssüratlarını sözlə ifadə
etmək mümkün deyil. Ardınca Ağdam, Kəlbəcər
və Laçın rayonlarının qan tökülmədən
və şəhid verilmədən işğaldan azad edilməsi
isə hər birimizdə ömür boyu xatırlanacaq xoş
ovqat yaratdı.
Xüsusi vurğulanmalıdır ki, Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətində indiyə qədər görünməmiş birlik və həmrəylik yaşandı. Cəbhədə şiddətli döyüşlərin getdiyi bir vaxtda siyasi partiya və təşkilatlar, həmçinin ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər, bütün ziyalılar xalqın, dövlətin, Ali Baş Komandanın, ordunun yanında olduqlarını bəyan edir, ümummilli məsələ ətrafında birlik nümayiş etdirirdilər. Təbii ki, qazanılan bu möhtəşəm qələbə müdrik və yenilməz sərkərdəsi olan qüdrətli ordu və ona dəstək verən əzmkar xalq birliyinin nəticəsi idi.
Hələ 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda uzaqgörən lider İlham Əliyev demişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, gözlənilən o möhtəşəm gün gəldi. Dekabrın 10-da paytaxtımızın ən böyük meydanı olan Azadlıq meydanında Vətən müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradın keçirildiyi gün təsadüfi seçilməmiş, düşmənin cəfəng “müstəqillik” tarixinin yaddaşlardan silinməsinə hesablanmışdır. Bu münasibətlə keçirilən möhtəşəm parad böyük zəhmətin, eləcə də uzun illər ərzində görülmüş nəhəng işlərin bəhrəsi idi. Azərbaycan xalqı tarixi ədalətin bərpa edilməsini bayram edərək müstəqillik illərində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi.
Hər kəsə məlumdur ki, bundan öncə də həmin meydanda bir neçə parad keçirilmişdir. Bu paradın əvvəlki paradlardan fərqi ondan ibarət idi ki, həmin gün, meydandan düşmən ordusunu darmadağın etməklə ərazi bütövlüyümüzü təmin etmiş Müzəffər Ordu keçirdi. Hər birimizi hədsiz qürurlandıran və hələ də təəssüratlarının təsiri altında olduğumuz bu parad müstəqil Azərbaycanın ilk Zəfər paradı idi. Eyni zamanda, Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün böyük əhəmiyyətli siyasi bir eyham oldu.
Ümummilli lider Heydər Əliyevin müasir tələblərə uyğun gerçəkləşdirilən ali və ölməz ideyalarının ölkəmizə, eləcə də xalqımıza qazandırdığı sadaladığımız bütün bu uğurlar qəti əminliklə onu deməyə əsas verir ki, bu mütərəqqi ideyaların müəllifi millətimizin qəlbində əbədi olaraq yaşayacaqdır.
Rasim KAZIMOV,
Azərbaycan Respublikası
Hərbi prokurorunun müavini,
ədliyyə
general-mayoru.
Respublika.- 2021.- 7 may.- S.3.