TARİX YARADAN ƏBƏDİYAŞAR LİDER

 

Hər xalqın taleyində onun yetirdiyi dahi şəxsiyyətlərin rolu əvəzsizdir. Tarixin ayrı-ayrı dövrlərində hər bir ölkə ağır sınaqlarla üzləşəndə bütün xalqı öz ətrafında birləşdirib vəziyyətdən çıxış yolu tapa bilən liderə ehtiyac duyur.  Bütöv bir millət belə liderin sayəsində məhv olmaqdan xilas olub yenidən həyata qayıdır. Ümummilli lider, dahi şəxsiyyət, əbədiyaşar Heydər Əliyev xalqımızın taleyində məhz belə rol oynamış, millət qarşısında əvəzsiz xidmətləri ilə adını həmişəlik tarixin yaddaşına həkk etmişdir. Ulu öndər ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə fəxr etdiyi doğma Azərbaycanı bir xalq və dövlət kimi zamanın sərt sınaqlarından çıxarmışdır. Bəli, ümummilli liderimiz, milli dövlətimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur.

 

1993-cü ilin yayında xalqımız son ümid yeri kimi ona üz tutanda Azərbaycan “ölüm-dirim” dilemması qarşısında qalmışdı. Məhz bu tarixi şəxsiyyət ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi üzərinə düşən ən uca missiyanı gerçəkləşdirdi: Müasir Azərbaycan dövlətini yaratdı və onun şanlı tarixini öz əlləri ilə yazdı. Azərbaycanda milli şüurunmilli özünüdərkin bütün formalarının yüksək vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçilməsi, uğurla həyata keçirilməsi dahi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğu ardıcıl və məqsədyönlü proses olaraq, əslində 1993-cü ildə ulu öndərimizin hakimiyyətə qayıdışından sonra başlamışdır. Həmin tarixdən etibarən Azərbaycanda əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilmişdir. Dövlətçilik üçün ciddi təhlükə törədən silahlı birləşmələr ləğv edildikdən və dövlət orqanlarında müəyyən idarəçilik təcrübəsinə malik olan adamların bilik və qabiliyyətindən optimal surətdə istifadə olunduqdan sonra daxili sabitlik dövrü başlandı ki, bu da quruculuq işləri üçün ilkin zəruri şərait yaratdı.

 

Gənc, müstəqil dövlətin keçdiyi inkişaf yolunun zaman baxımından mərhələləri ilə dövlət quruculuğunun istiqamətləri arasında sıx dialektik əlaqə vardır. Təbii ki, dövlət quruculuğu heç də sadəcə dövlət idarəçilik orqanlarının formalaşması ilə başa çatmır. Sözün geniş mənasında, müstəqil dövlətin qərarlaşması onun öz maraqlarına və beynəlxalq siyasi reallıqlara uyğun müstəqil xaricidaxili siyasət xəttinin formalaşmasını, uzunmüddətli proqnoz əsasında müəyyənləşmiş inkişaf strategiyasının yaradılmasını və həyata keçirilməsini nəzərdə tutur. Ölkəmizdə aparılan hüquqi islahatlar ciddi konsepsiyaya söykənir və onun əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanır. Ulu öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və mübaliğəsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər həyatı boyu həmişə xalqına arxalanıb və bunu fəxrlə bəyan edib: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

 

Müstəqil Azərbaycan dövlətinin üzləşdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqıyla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz idi. Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Ulu öndərin xalq qarşısında göstərdiyi misilsiz xidmətləri sadalamaqla qurtarmaz. Eyni zamanda, Heydər Əliyevi olduğu kimi təsvir etməyə bəlkə sözün də qüdrəti çatmaz. Burada böyük həqiqət vardır, respublikamızın hər bir vətəndaşının, xaricdəki minlərlə soydaşımızın, hətta əcnəbi dostlarımızın qəlbində Heydər Əliyev olduğu kimidir, o öz nəhəngliyi ilə daim gözlərimiz önündə canlanır, onun parlaq ideyaları həmişə yollarımızı işıqlandırır. Hamı bilir ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan ölkəmizdə hər şey dəyişdi, irəliyə doğru sıçrayış baş verdi. O, xalqımızın iradəsi əleyhinə yönəldilmiş bütün cəhdləri qətiyyətlə rədd etdi, millətlərin, etnik azlıqların respublikada bərabər hüquqlar əsasında yaşamaq haqqını təmin etdi. Ulu öndərimiz bununla bir sıra rəhbərlərə nümunə göstərdi, nəticədə onlar ulu öndərlə hesablaşmalı oldular. Heydər Əliyevin təkidləri nəticəsində respublikada qısa müddətdə iri sənaye müəssisələri yaradıldı, yeni mədəniyyət ocaqları fəaliyyətə başladı, yaşayış binaları, yollar, körpülər inşa edildi, insanların yaşayış səviyyəsi qat-qat yüksəldi, Azərbaycan dinamik inkişaf və tərəqqi yoluna qədəm qoydu. Bütün bunlar, şübhəsiz, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış siyasət, düşünülmüş addımlar idi.

 

Heydər Əliyev Sovet rejimi illərində xalqının gələcəyini düşünürdü, bilirdi ki, bir vaxt gələcək, Azərbaycan müstəqilliyinə qovuşacaq, bunun üçün isə möhkəm təməl olmalıdır. Qətiyyətlə söyləmək olar ki, Azərbaycanın bugünkü iqtisadi inkişafı o vaxt Heydər Əliyevin yaratdığı möhkəm təmələ söykənir. Təəssüf ki, müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin günahı üzündən böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vuruldu. Hətta bəzi üzdəniraq qüvvələr Heydər Əliyevin doğma xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışına qarşı çıxırdılar, onun Bakıya gəlməsinə mane olmağa çalışırdılar. Lakin xalq öz sözünü dedidahi oğlunu yenidən Azərbaycanda hakimiyyətə çağırdı. Heydər Əliyevin xalqın xahişi ilə hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxaran siyasi böhranın, Gəncə hadisələrinin, separatçılıq meyillərinin, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə yönəldilən cəhdlərin qarşısını aldı. Xalq bir nəfər kimi ayağa qalxıb ulu öndərə sipər oldu, onun arxasında durdu. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, onun müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin haqq işi dünya miqyasında müdafiə edildi. Bu gün dərin iftixar hissi ilə söyləmək olar ki, milli-siyasi məngənələr arasında sıxılan Azərbaycan məhz ümummilli liderimizin gərgin zəhməti, uğurlu siyasəti sayəsində nicatını tapdı, bundan sonrakı illər də onun siyasətinin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. İndi respublikamızın hər sahədə qazandığı uğurlara görə ilk növbədə Heydər Əliyev dühasına minnətdarıq.

 

Azərbaycan xalqının keçdiyi tarixi mərhələlərdə Heydər Əliyev kimi unikal, fenomenal, bənzərsiz dövlət xadiminə rast gəlmirik. O, ən humanist, ən demokratik ideyaları özündə ehtiva edən və bunu israrla həyata keçirən dahi rəhbər idi. Ulu öndərimiz doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı. Ulu öndərimizin yaradıcılıq gücünə, dərin və parlaq zəkasına, uzaqgörənliyinə və müdrikliyinə heyran qalmamaq olmur. Heydər Əliyevin sağlığında hazırladığı və yürütdüyü siyasət həmişə müasirdir, hər bir dövrün tələbini ödəyən müdrik siyasətdir. Bu gün hər birimiz şahidik ki, bu siyasi kurs nə qədər dəqiq düşünülmüşdür, bizi xoşbəxt gələcəyə aparır. Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, bu siyasi kursun ən layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezidentin amalı, əqidəsi və ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin daha da yüksəlməsinə nail olmaqdır.

 

Dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında misilsiz dəyişikliklər baş vermişdir. Bundan ötrü Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsinin yekunlarına diqqət yetirmək kifayətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial inkişaf strategiyası son 18 ildə praqmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Respublikamızın iqtisadi göstəricilərinin yüksəlməsi vətəndaşların sosial təminatının güclənməsi ilə müşayiət olunur. Azərbaycan dövlətinin bugünkü reallıqları onu göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, dövlətin inkişafına, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycanın bugünkü və gələcək inkişafına,  modernləşdirilməsinə hədəflənmiş bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən dövrdə daha da zənginləşdirilib və dövlətimizin, xalqımızın maraqlarını layiqincə ifadə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin, islahatların, Qarabağın dirçəlişinin fonunda respublikamızın gələcəyə gedən yolunun konturları aydındır. Bugünkü uğurlarımız və gələcəyə doğru atılan hər bir addım bizə perspektivə daha inamladaha nikbin baxmağa imkan verir.

 

Səbinə ƏHMƏDOVA,

Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin

 

Respublika.- 2021.- 9 may.-S.4.