Qətiyyətin, müdrikliyin parlaq təcəssümü

 

 

“Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur”.

 

Heydər ƏLİYEV,

 

Ümummilli lider.

 

Nə xoşbəxt xalqıq ki,  tariximizin  təxminən 34 illik dövrü  böyük dövlət xadimi, mükəmməl siyasətçi, fenomen şəxsiyyət ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub. Hər xalqa qismət olmayan belə bir dahinin özü kimi müdrik, dünyagörmüş, güclü siyasətçi və xalqının  daim yanında olan siyasi varisi İlham Əliyev bu gün xalqımıza Qarabağı bəxş etməklə bir daha sübut etdi ki, o da ümummilli lider qədər millətini, xalqını sevən, dəyər verən və əzəli torpağımız, vətənimiz olan, illərdir düşmən işğalında olan Qarabağımızın, Şuşamızın bizim üçün nə qədər dəyərli, nə qədər müqəddəs olduğunu bilən şəxsiyyətdir.

 

 

 

Ulu öndər Heydər Əliyev  alovlu vətənpərvər idi. Azərbaycanının  hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma idi. Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin qanunsuz hərəkətlərinin qarşısını dəfələrlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da 1967-ci ildən başlayaraq ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini yaxından hiss etmişdilər.

 

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilməsi xəbərini eşidən vilayətdə yaşayan azərbaycanlılar öz aralarında bir-birilərinə gözaydınlığı vermiş  nəhayət öz hüquqlarından sərbəst istifadə edəcəklərini böyük sevinclə qeyd etmişdilər. Ulu öndər vilayət partiya komitəsinin  ermənilərin də iştirak etdiyi toplantılarının birində “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər” bəyanatını verməsi Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak riyakarlığına bir sipər idi. Mərkəzdən olan təzyiqlərə  baxmayaraq,  Əliyev muxtar vilayəti millətçi cinayətkar ünsürlərdən təmizləməyə nail olmuşdu. Belə ki, vilayətin hüquq-mühafizə, o cümlədən dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklərə başladı. Separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Artıq vilayətdə yaşayan azərbaycanlıların   yeni bir həyat səhifəsi açılmışdı, onlar  demək olar ki, Heydər Əliyevin sayəsində  özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar,  sözün əsl  mənasında, vətəndaşlıq hüquqları əldə edə bilmişdilər.

 

Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Şuşa şəhəri də çox sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev Şuşa ilə bağlı çox mühüm iki qərar verdi. Onlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı, digəri isə Şuşanın “qoruq şəhər” elan edilməsi ilə bağlı idi. Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində quruculuq- abadlıq işləri görülməyə artıq başlanıldı. Xüsusilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə və  əhalinin güzəranı yaxşılaşmağa başlamışdı.

 

Ulu öndər Qarabağın tarixinə, mədəniyyətinə, incəsənətinə yaxından bələd idi. Qarabağı böyük həvəs ilə hər yerdə tərənnüm etdirən  Heydər Əliyevin tapşırığı ilə dünyanın ən qədim insan məskənlərindən olan Xocavənd rayonu ərazisində yerləşən “Azıx” mağarası haqqında sənədli film çəkilmişdi və bu film dünyanın bir çox ölkəsində keçirilən Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilmişdi. Bütün bunlar Heydər Əliyevin DQMV-ə və orada  yaşayan azərbaycanlılara xüsusi münasibətinin və qayğısının  təzahürü idi. 1978-ci ildə Xankəndini Bakı  ilə birləşdirən dəmiryol xəttinin çəkilişi isə Dağlıq Qarabağın iqtisadiyyatının Azərbaycanın digər bölgələri ilə əlaqəsinə zəmin yaratmış oldu. Bundan başqa,  yollar abadlaşdı, yeni körpülər tikildi, istehsal sahələri yaradıldı, azərbaycanlılar yaşayan kəndlərin uzun illərdən bəri məhrum olduqları enerjiqaz təchizatı yaxşılaşdırıldı.

 

Vilayətin iqtisadiyyatla yanaşı,  təhsil, səhiyyə və mədəniyyət sahələri də  inkişaf elətdirildi. Ulu öndər ucqar kəndlərdə məktəblər açdı, belə ki, azərbaycanlı əhalinin maariflənməsi işində də təqdirəlayiq tədbirlər həyata keçirdi. Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şırlan, Səfixanlar, Xanlar kəndlərində 375, Malıbəyli kəndində 625 yerlik orta məktəb, Turşsu kəndində səkkizillik məktəb məhz 70-ci illərdə istifadəyə verilmişdir.  Yeni yaradılmış təhsil ocaqlarını kadrlarla təmin etmək məqsədilə 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut belə açıldı. Təbii ki, bu təhsil ocağı azərbaycanlı kadrların yetişdirilməsində, milli ziyalıların Xankəndidə fəaliyyət göstərməsində müstəsna rola malik idi. Bütün sahələr üzrə yerli kadr ehtiyatının yaradılması məqsədi ilə hər il Dağlıq Qarabağdan olan gənclər müsabiqədən kənar ölkənin müxtəlif ali məktəblərinə qəbul olunurdular.

 

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasına cəhd etmədilər. Çox maraqlı bir faktdır ki,  1982-ci ildə Qarabağın ən uca zirvəsində - Şuşada Azərbaycan varlığının canlı təcəssümü kimi Vaqifin məqbərəsinin ucaldılması ilə   Heydər Əliyev bir daha bizlərə  Qarabağın tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşatdı.

 

1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verməsi xəbərini  ermənilər Dağlıq Qarabağda toy-bayramla qarşıladılar. Bu xəbərdən  15 gün sonra Qorbaçovun iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan Aqambekyan Parisdə keçirdiyi bir mətbuat konfransında “Dağlıq Qarabağ Ermənistana verilməlidir” bəyanatı ilə çıxış etdi. Bununla da ermənilərin uzun illər ərzində Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə hazırladıqları planların həyata keçirilməsinin əsası qoyuldu.

 

1987-ci ildən Dağlıq Qarabağda ermənilərin təşkilatlanması, silahlı dəstə yaratması, bir çox ölkələrdən gəlmiş muzdluların ermənilərə hərbi təlim keçməsi, bir sözlə, münaqişəyə hazırlıq görmələri heç kəsə sirr deyildi. Ermənilər artıq silahlı basqına və terrora keçmişdilər. Avtobuslar, maşınlar, adamlar atəşə tutulur, günahsız insanlar həlak olurdular. Ən acınacaqlısı isə o idi ki, ermənilərin törətdikləri bu cinayətlər cəzasız qalırdı.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun ağır nəticələri dünya birliyinə yaxşı məlum idi. Bu münaqişə qeyd etdiyimiz kimi, Azərbaycan torpağı olan Dağlıq Qarabağı özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin vaxtında qarşısını almaq istəməməsi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrilmişdi.

 

1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 613 nəfər günahsız insanın vəhşicəsinə öldürülməsi, 487 nəfərin şikəst olması, 1275 nəfərin əsir götürülməsi və 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonların da işğalına başladı.

 

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq, bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı.

 

Xalq çıxış yolunu özü tapmaq qərarına gəldi. Naxçıvana Heydər Əliyevə saysız-hesabsız müraciətlər etməyə başladılar. Xalq üzləşdiyi çətinliklərdən xilas olmaq üçün öz dahi oğlunu Bakıya çağırdı. Azərbaycan xalqının təkidli xahişi ilə 1993-cü ilin iyununda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə müstəqil Azərbaycanın tarixində yeni bir dövrün  əsası qoyuldu.

 

“Torpağımızın hər bir qarışının itirilməsi bizim üçün dəhşətlidir, ...düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir” deyən ulu öndər  Heydər Əliyevin xarici siyasətində başlıca yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın geri qaytarılması məsələsi tuturdu.

 

Artıq qeyd etdiyimiz kimi, 1993-cü ilin iyununda xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini təmin etdi.

 

Həmin dövrdə ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələrimiz bütövlükdə uğursuzluğa düçar olurdu.

 

Ümummilli liderin hakimiyyətə qayıdışından sonra döyüşçülərimizin əhvali-ruhiyyəsi yüksəldi, özlərinə inamı artdı. Yeni Ali Baş Komandanın əmri ilə hücuma keçilərək  düşmən geri oturduldu. Ordu xeyli torpaqlarımızı, qəsəbə və kəndlərimizi işğaldan azad etdi. Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə, onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

 

1994-cü ilin dekabrında ATƏT-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏT dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏT-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırıldı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏT-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu.

 

ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dincsiyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.

 

Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın Prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarca görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.

 

ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç böyük dövləti - Rusiya, ABŞ, Fransa oldu. Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair indiyədək üç təklif vermişdilər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif - “ümumi dövlət” təklifini verdilər.

 

1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir format yaradıldı və o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayırdı. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqu idi. Heydər Əliyevin Ermənistanın keçmiş  prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın sərhədində çoxsaylı görüşləri olmuşdur.

 

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm” deyən ulu öndər Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışdı. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

 

Ümummilli liderin xalqımızla, dövlətimizlə, Qarabağımızla bağlı qəlbində daşıdığı bütün arzularını Prezidentimiz, ordumuzun müzəffər Ali Baş Komandanı olan İlham Əliyev həyata keçirdi. Onun komandanlığı ilə güclü ordumuz 44 gün davam etmiş “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxındır düşmən işğalında olan ərazilərimizi azad etdi. Ermənistandan açılacaq dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana birbaşa quru yolunun təmin edilməsinə nail olundu.

 

Ruhun  şad olsun ulu öndər! Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz dünyanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılacaq zəfər əldə etdi. Bu gün sevdiyin, dəyər verdiyin müqəddəs bayrağımız, uğrunda minlərlə şəhid verən Vətənimizin qürur mənbəyinə çevrilib. Bu gün bu müqəddəs ayda  sevdiyin, bir zamanlar çiçəklənməsi üçün əlindən gəldiyini etdiyin, arzuladığın Şuşa şəhərində azan səslənir. Ulu öndər! Biz hər zaman varıq... Biz bütün dünyaya sübut etdik, gücümüzü birliyimizi!

 

Şəlalə QULUZADƏ,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının baş müəllimi,

kiçik ədliyyə müşaviri.

 

Respublika.- 2021.- 9 may.-5.