Hüquqi, demokratik dövlətin memarı

 

 

Dünya şöhrətli siyasətçi və dövlət xadimi, ümummilli  lider Heydər Əliyev bütün türk dünyasının diqqət mərkəzində olub, böyük iftixar hissi ilə xatırlanır. Azəbaycanın müasir tarixinin 34 ildən artıq bir dövrü ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imzasını çəkən Heydər Əliyev fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayaraq müasir dövlətçiliyimizin banisi, qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalmışdır. Azərbaycan xalqının dahi şəxsiyyəti  Heydər Əliyev bəşər tarixinin bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir. Tərəqqipərvər insanlarbütün Azərbaycan xalqı Heydər  Əliyevin şəxsiyyətinə, onun ideyalarına, yaratdığı dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşırlar. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır.

 

Heydər Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər onu həmişə yüksək qiymətləndirir, onunla razılaşırdılar. O, əvəzsiz, yeri görünən çox müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə çox borcluyuq. Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda daim mübarizə aparmışdı. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın prezidenti olduğu son 10 ildə həyat devizi, amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb.

 

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

 

Məhz Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadihüquqi islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

 

Ümummilli liderin ölkənin gələcək inkişafı naminə qarşıya qoyduğu vəzifələrdən biri də məhkəmə-hüquq islahatlarının aparılması nəticəsində milli qanunvericiliyimizin təkmilləşdirilməsi məqsədilə dünyanın inkişaf etmiş demokratik ölkələrinin müsbət təcrübəsindən istifadə edərək yeni normativ-hüquqi bazanın yaradılması idi ki, 1995-2003-cü illəri bu proseslərin həyata keçirilməsinin ilkin hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi.

 

Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrinin müasirləşdirilməsi və demokratikləşdirilməsi məqsədi ilə ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə geniş sahədə köklü islahatlar aparılmağa başlandı. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ildə referendum yolu ilə ilk milli Konstitusiyamızın qəbul edilməsi məhkəmə-hüquq islahatının əsas mərhələsinin  başlanğıcı oldu.

 

Konstitusiyanın qəbulu  Azərbaycanda demokratik quruluşunhüquqi dövlətin möhkəm təməlini qoydu, hüquqi islahatların aparılmasına zəmin yaratdı. Konstitusiyada  demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapdı. Bu inkişafın əsas  komponentlərindən biri də qərəzsiz, ədalətli, aşkar və səmərəli ədalət mühakiməsinin formalaşdırılması məqsədi ilə məhkəmə-hüquq sisteminin islahatıdır.

 

Ulu öndər tərəfindən əsası qoyulmuş, bugünkü həyatımızın reallıqlarını özündə əks etdirən  Konstitusiyada insan amilinin daha çox önə çəkilməsi və müddəaların üçdə birinin  insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin   əyani təzahürüdür.

 

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Ulu öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

 

Azərbaycan dövlətinin qurucusu və memarı, dərin, zəngin biliyə, məqsədyönlü siyasətə malik Heydər Əliyev elə bir yol, elə bir iz qoyub getmişdir ki, uzun illər boyu xalqımız həmin yolla azad və firəvan addımlayacaqdır. Heydər Əliyev fenomeni haqqında siyasətçilər, tarixçilər, müxtəlif peşə sahiblərinin bir çox nəsilləri hələ uzun müddət araşdırmalar, təhlillər aparacaqonu öyrənəcəklər. Heydər Əliyevin zəngin dövlətçilik qabiliyyətini yüksək qiymətləndirən Rusiyanın sabiq prezidenti Boris Yeltsin onugüclü və cəsur insankimi dəyərləndirmişdir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski isə ümummilli liderimizin siyasi cəhətdən möhkəm,  məntiqli və dərin zəkalı şəksiz lider olduğunu vurğulamışdır. Bütün bunlar xalqımızın böyük oğlu Heydər Əliyevin bir şəxsiyyət, siyasi xadim və dövlət başçısı olaraq hansı ucalıqda dayandığı barədə aydın  təsəvvür yaradır.

 

Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi ümummilli liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir müdrik rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvoluydu. Ulu öndərin ideyaları ziyası kimi xalqımızın həyat yolunu işıqlandıracaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Ömrünün qalan hissəsini, həqiqətən də xalqına həsr etdi. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaqdır.

 

Heydər Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək əlində Azərbaycan xəritəsi, Dağlıq Qarabağın vəziyyəti, yerləşməsi haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Heydər Əliyevin gerçəyə çevrilən arzuları nəhayət ki, həyata keçdi.

 

Azərbaycan Böyük qələbənin ilk addım səslərini ötən ilin noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

 

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

 

Bu gün bu böyük şəxsiyyətin qoyub getdiyi irsə müraciət edəndə görürük ki, o vaxt bizim üçün çıxılmaz sayılan məsələləri necə də müdriklik və uzaqgörənliklə həll etmişdir. Odur ki, nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var - demək Heydər Əliyev də tarixdə qalacaqdır.

 

Dövlət başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır. Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni inkişafa aparan yeganə düzgün yoldur. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevə inanır və onun siyasi kursunu və şəxsiyyətini dəstəkləyir.

 

Bu gün biz məmnunluq və qürur hissi ilə ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin necə uğurla doğrulduğunun xoşbəxt şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı, ictimai-siyasi sabitlik adası olmağı, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir.                                                                                            

 

Ötən 18 ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

 

Fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları  onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.İctimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də təkmilləşdirilməsini tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır və sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin və ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Respublikada inamla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qısa müddətdə mühüm nəticələr verməsi isə müəyyən mənada ədliyyə sisteminin mütərəqqi mahiyyəti ilə bağlıdır. Azərbaycanda yeni dövrün tələblərinə adekvat olaraq həyata keçirilən ədliyyə islahatları ölkənin hüquq sisteminin müasirləşdirilməsinə, habelə ədliyyə orqanlarının cəmiyyətdəki nüfuzmövqeyinin möhkəmlənməsinə xidmət edir.

 

Prezident cənab İlham Əliyevin rəhbərliyi

 

ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir.

 

Bu gün ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

 

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.

 

Babək Qasımov,

Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi.

 

Respublika.- 2021.- 8 may.- S.5.