Azərbaycan və Heydər Əliyev adları əsrlər boyu qoşa səslənəcək

 

 

Millətlərin, xalqların  mədəni yüksəlişində, dövlətlərin möhkəmlənməsində böyük şəxsiyyətlərin  mühüm rolu olur. XX əsrin ən böyük siyasətçilərindən biri, dünya azərbaycanlılarının  lideri,  xalqımızın böyük oğlu Heydər Əliyev  qeyri-adi  zəkaya, təfəkkürə, qabiliyyətə malik olan  dahi bir şəxsiyyət idi. Tarixin yazılmasında  tarixiçilərin böyük əməyi olduğu kimi, tarixi hadisələrin ərsəyə gəlməsində də tarixi şəxsiyyətlərin rolu böyükdür. Bəzi insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Xalqının adını çəkəndə ilk ağıla məhz o şəxsiyyətlər gəlir. O tarixi şəxsiyyətlər isə öz adlarında bütün bir xalqı ehtiva edə bilir. Azərbaycan və Heydər Əliyev adları əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu Öndər müdrikliyin təcəssümüdür.

 

 

 

Ümummilli liderimizin şəxsiyyəti və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir.  Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Bu dahi şəxsiyyət zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.      

 

Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Bugünkü azadsuveren Azərbaycan Ulu Öndərin “şah əsəri”dir.

 

Ulu Öndər dərin, hərtərəfli təfəkkürə malik bir insan idi. Heydər Əliyev fenomeninə, onun tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər.  İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi dünya şöhrətli rəssam Nikos Safronov Ulu Öndərin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuşbu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir. Dünya mətbuatı Heydər Əliyev ilə bağlı xəbərlər verərkən Türkiyə, İsrailAlmaniya qəzetləri Heydər Əliyevi “Canlı Qafqaz əfsanəsi”, “Qafqazın dev adamı” və “Mərkəzi Asiyanın danılmaz qüdrətli və ən böyük demokratı” adlandırıb. Bu da  Ümummilli Liderin yalnız öz xalqının deyil, bütün dünya xalqlarıının hörmət və ehtiramını qazandığını deməyə əsas verir.

 

Ulu Öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də nə qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.

 

Tarixi  təcrübə sübut  edir  ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid bir qurumda birləşməsinə nail olmadan qarşıya qoyulmuş milli problemlərin həlli mümkün deyil. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu Öndər  Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətin diqtəsi idi.

 

Dahi şəxsiyyətlərin  əməlləri  bir tərəfdən  onun öz zamanında  gördüyü işlərin,  həyata keçirdiklərinin  əhəmiyyəti, təsir dairəsi ilə ölçülürsə,  digər tərəfdən  bu fəaliyyətin  tarixdə əks-sədası, hadisələrin gedişatına təsiri ilə müəyyənləşir. Heydər Əliyev  Yeni Azərbaycan Partiyasının  timsalında  milli məfkurəyə və milli dövlətçilik ənənələrinə  söykənən  siyasi məktəb yaratmağa, praqmatik  “dövlət idarəçiliyi  akademiyası” formalaşdırmağa nail olmuşdur. Ulu Öndər Heydər Əliyev Qafqazın ən böyük ictimai-siyasi hərəkatı olan Yeni Azərbaycan Partiyasının yaradıcısı olaraq ölkəmizdə demokratik hərəkatlara təkan vermişdir. YAP qısa zamanda  öz sıralarına  yetərincə  üzv toplaya bilmişdir. Doğma partiyamız Azərbaycan cəmiyyətinin sosial müdafiəçisidir. Ulu Öndərin adına və xalqının qarşısında olan xidmətlərinə layiq siyasi davranışlar sərgiləyən doğma partiyamız hər zaman cəmiyyətimizə nümunə olmaqdadır. Dövlətçiliyimizin idarəçiliyində həyata keçirilən və müsbət nəticələr verən islahatlar kursu hakim partiyada da tətbiq edilməkdədir. Tətbiq olunan müasir, inkişafa meyilli islahatlar YAP-ın tərəqqisinə daha böyük təkan verəcəkdir.

 

Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışına qədər respublikamızda dərəbəylik hökm sürür, ölkəmizin  əyalətlərə parçalanması prosesi gedir, vətəndaş müharıbəsi aparılırdı. Xarici təcavüzlərin və  daxili çəkişmələrin qarşısında  çıxış yolu tapa bilməyən  o zamankı siyasi rəhbərlik çaşbaş qalmışdı. Xalqı  və dövləti gözlənilən  bədbəxt hadisələrdən  xilas edə biləcək  qüvvə  isə Heydər Əliyev  şəxsiyyəti  müdrikliyi idi. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə öz liderinə inanır, əminliklə öz liderinin ən mürəkkəb dövlətçilik sınaqlarından üzüağ çıxacağını bilirdi. Tale Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Dövlətimizin əldə etdiyi uğur və nailiyyətlərin  əsası isə  1993-cü ilin  iyununda qoyulmuşdu. Xalq  o zaman  qalib olur ki, qüdrətli rəhbəri, vahid  dövləti və xalqın milli şüuru, təfəkkürü olur. Biz bu, ali məqsədlərə çata bilmişik.

 

Ağır vaxtda Azərbaycan xalqının  təkidli tələbi ilə  yenidən hakimiyyətə qayıdan Heydər Əliyev  ölkənin  dövlət müstəqilliyinin  itirilməsi kimi  olduqca real  bir təhlükənin  aradan qaldırılması  onun böhran vəziyyətindən çıxarılması kimi çox böyük problemlə üzləşmişdi. Heydər Əliyev qısa bir müddət ərzində  ölkədə hərbi-siyasi sabitliyin  bərqərar olunmasına, güclü dövlət quruculuğu, o cümlədən  iqtisadi inkişaf ilə məşğul olmağa vaxt itirmədən başlamışdır. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə  gəldiyi ilk gündən  cəmiyyətin bütün sferalarında  müstəqil  dövlət quruculuğu, ölkədə  ictimai-siyasi sabitliyin  bərqərar olunması, ölkə iqtisadiyyatının dirçəldilməsi, Azərbaycanın dünyaya tanıdılması  istiqamətində apardığı çoxşaxəli siyasi xətt milli hədəflərin həyata keçirilməsinə hesablanmışdır.

 

Ulu Öndər Heydər Əliyevin fəaliyyəti bütün sahələri əhatə etmişdir. Müstəqillik illərində dövlətimizin dayaqlarının möhkəmləndirilməsi, atəşkəsin əldə olunması, “Əsrin Müqaviləsinin” imzalanması və əlbəttə, ordu quruculuğu əldə olunan bütün uğurların təməlində dayanan səbəblərdir. Əgər vaxtı ilə doğru strateji addımlar atılmasa idi, bugünkü qələbəmiz üçün hüquqi, hərbi və iqtisadi əsaslar olmazdı. Dünya ölkələrinin ölkəmizə və təbii ehtiyyatlarımıza olan maraqlarının düzgün proqnozlaşdırılması və doğru qiymətləndirilməsi bizə böyük mənfəətlər gətirmişdir. Yalnız iqtisadi mənfəətlər deyil, qüdrətli dünya dövlətlərinin maraqlarının milli maraqlarımıza tabe edilməsi, onların iqtisadi maraqlarının siyasi mövcudluğumuzu təmin etməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məhsuludur. Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, getdiyi hər ölkədə əlində Azərbaycan xəritəsi, Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsninin doğru ifadəsi, tarixi torpaqlarımızın hüquqi sənədlərlə xalqımza məxsusluğunun sübutu Heydər Əliyev zirvəsinin diplomatik zəfərlərindəndir. Birmənalı olaraq, Ulu Öndər Heydər Əliyevin müxtəlif zirvə və görüşlərdə qəti mövqeyi bu gün əldə etdiyimiz qələbənin əsasını təşkil edir. Təsadüfi deyil ki, düşmən ölkənin rəhbərliyi dəfələrlə vaxtı ilə Ulu Öndərə uduzulan diplomatik “döyüşlərin” nəticəsində İkinci Qarabağ zəfərinin hüquqi bazasının formalaşdığını ifadə edirlər. Cənab Prezident İlham Əliyev Ulu Öndərdən aldığı zəfər bayrağını Şuşaya sancmışdır.

 

Ulu Öndər Heydər Əliyevin sərt sovet rejimi daxilində azərbaycanlı kimliyinin qorunub saxlanmasında, Azərbaycan dilinin mühafizəsində və milli özünüdərk prosesində müstəsna xidmətləri olmuşdur. Onlarla şair, alim, sənət adamı, din və dövlət xadimi sərt və ədalətsiz sovet rejiminin məngənəsindən xilas edilərək gələcək müstəqil Azərbaycan Respublikası üçün qorunmuşdur. Elə eyni dövrlərdə minlərlə Azərbaycan gəncinin ittifaqin müxtəlif  ali təhsil ocaqlarına göndərilməsinin özü belə müasir dövlətçiliyimizin əsası üçün zəmin idi. Milli kadrların formalaşdırılması, onların ittifaq çərçivəsində irəliyə çəkilməsi gələcəyə qoyulmuş mənəvi kapital idi. Təsadüfi deyil ki, müasir dövlətçiliyimiz məhz o dövrdə Heydər Əliyev tərəfindən yetişdirilmiş gənclərin xidmətləri sayəsində bugünkü əzəmətinə nail ola bilmişdir.

 

Biz qısa zamanda dövlətimizi inkişaf etdirərək regionun və dünyanın siyasətinə müəyyən mənada təsir imkanlarına malik beynəlxalq münasibətlərin faktoruna çevrilməyi bacarmışıq. Dünyanın müasir tələblərinə  müasir menecment üsul-idarəetmə ilə cavab verən dövlətçiliyimizin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır. Əsası illər öncə qoyulmuş bu siyasəti incələdiyimiz zaman görürük ki, bu siyasət çox aktualdır və günümüzün tələblərinə uyğundur. Bu amillər Ulu Öndər Heydər Əliyev fenomenini əbədiləşdirən başlıca məqamdır. Onun ideyaları, yanaşmaları və düşüncələri həmişə yaşardır.

 

Bizlərə Azərbaycan adlı bir dövləti bəxş edən Heydər Əliyevin cismani yoxluğuna hamı heyifislənir. Ancaq Azərbaycan xalqının bir təsəllisi var. Ulu Öndər özündən sonar xalqını və min bir əziyyətlə qurduğu dövlətini əmanət edəcəyi ən layiqli davamçısını yetişdirə bilmişdir. Ötən 17 ildən artıq bir dövr sübut etdi ki, vaxtı ilə Azərbaycan xalqı Ulu Öndər yadigarı olan İlham Heydər oğlu Əliyevə etimad göstərməklə müdrik qərar vermişdir. Tarix və hadisələr bir daha sübut edir ki, cənab İlham Əlyev ümummilli Lider Heydər Əliyevdən sonra bu xalqın nicatıdır.

 

Son illər ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılmaqdadır. İslahatlar kursu dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinin təzahürüdür. Hər sahədə aparılan islahatlar öz nəticələrini verməkdədir. Belə ki, atılmış addımlar büdrəyən sahələrin yenidən canlanmasına səbəb olur. Kadr və əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilmiş və nəzərdə tutulan islahatların müsbət nəticələri xalq-iqtidar birliyinin möhkəmlənməsinə və milli birliyimizin güclənməsinə xidmət edir. Müasir menecmentin tədbiq edildiyi dövlətçiliyimiz Heydər Əliyev siyasi kursuna sadiqdironun davamıdır. Ümummilli LiderimizinŞah əsərim” dediyi Azərbaycan Respublikası forma olaraq öz idarəçilik üslübunu bugünün tələblərinə uyğunlaşdırsa da, məzmun olaraq Ulu Öndər Heydər Əliyevin yolundan bir addım belə kənara çıxmamışdır. Onun xilaskar missiyası hər zaman xalqımz tərəfindən böyük ehtiramla yad edilməkdədir.

 

Ulu Öndərin  xalqımıza Müzəffər Ali Baş Komandan və rəşadətli ordu miras qoymuşdur. Cənab Ali Baş Komandanın rəhbərliyi altında biz tarixi zəfər çalmışıq. Biz dəmir yumruğumuzla erməni faşizminin başını əzmişik. Bundan sonra da milli müdafiəmizi və təhlükəsizliyimizi təhdid edən hər hansı bir cəhd olarsa, onun da qarşısı heç şübhəsiz alınacaqdır.

 

Ulu Öndərin mirası olan dövlətimiz və onun ən layiqli davamçısı olan cənab İlham Əliyev rəhbərliyi altında qısa zaman ərzində azad olunmuş ərazilərdə başlanılmış və artıq həyata keçirilmiş onlarla layihələr vardır. Füzuli Beynəlxalq Hava Limanının tikintisi artıq başlayıb. Növbəti  Zəngilan və Laçın Beynəlxalq Hava Limanları isə artıq layihələndirilmişdir. Kəlbəcərin Murov dağlarından çox çətin şəraitdə elektrik xəttləri çəkilməkdədir. Şuşaya çəkilən “Zəfər yolu” artıq yekunlaşmaq üzrədir ki, bu yol bütün Qarabağda iqtisadi inkişafı təmin edəcəkdir. Bərdə-Ağdam, daha sonra Xankənkəndiyə qədər uzanacaq dəmiryolu xətti, Horadiz-Zəngilan-Zəngəzur avtomobil yolu və dəmiryolu xətti layihəsi, Şuşanı elektrik enerjisi ilə fasiləsiz təminatı regionda əsaslı işlərin getməsinə bariz sübutdur.

 

Ulu Öndərin əməlləri ilə milyonların qəlbində yaşamağı bacaran dahi insan hələ sağlığında əbədiyaşarlıq qazanıb. O, yüz milyonlarla insanın qəlbində, sevgisində, duyğusunda bu gün də yaşayır, sabah da yaşayacaq. Onu sevənlər fenomenal fitri istedadı, xalqına və torpağına hədsiz sevgi ilə bütöv bəşəriyyəti heyrətləndirən böyük, əvəzsiz işlərini, ideyalarını yaşatmaqla Heydər Əliyevi dünya durduqca yaşadacaqlar.

 

Azərbaycan xalqı Ümummilli Lider, dahi rəhbər, Millət Atası Heydər Əliyevin ideyalarını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında yaşatdıqca, Heydər Əliyev də bizimlə yaşayacaq.

 

Vüqar SEYİDOV,

Yeni Azərbaycan Partiyası Suraxanı

rayon təşkilatının sədri.

 

Respublika.- 2021.- 8 may.- S.6.