Mükəmməl təhsil qüdrətli dövlətin təzahürüdür

 

Təhsilə yatırılan investisiya bir müddətdən sonra öz müsbət nəticəsini verməyə başlayır

 

 

 

Hər bir millətin intellektual potensialının formalaşması onun təhsil sistemi ilə bağlıdır. Cəmiyyətin tərəqqisinin vacib amillərindən biri olan elm və təhsil bir çox problemlərin həllində başlıca rol oynayır. Ən başlıcası isə elmin, mədəniyyətin inkişafında təhsilin son dərəcə mühüm əhəmiyyəti vardır. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi milli təhsilimizin də dünya təhsil sisteminə inteqrasiya dövrü başladı. Siyasi, iqtisadi inkişafın ən mühüm istiqamətlərindən biri ölkədə müasir təhsil sisteminin yaradılması oldu. Azərbaycanın dünyaya geniş miqyasda inteqrasiyası onun təhsil sahəsində də beynəlxalq aləmə inteqrasiyasını zəruri etmişdi. Bu illərdə müstəqil Azərbaycan Respublikasının müstəqil təhsil sistemi artıq beynəlxalq təhsil sisteminə nəzərəçarpacaq dərəcədə inteqrasiya edə bilmişdi.

 

 

 

Elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək müxtəlif sahələrdə elmi ideyalara malik yüksəkixtisaslı milli kadrlar yetişdirmək ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin əsasını təşkil edirdi. Hələ 1970-1980-ci illərdə Heydər Əliyev sovet rejiminin sərt qanunları çərçivəsində Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin yüksəlməsi üçün çox məharətlə düşünülmüş strategiya və taktika seçərək həmin dövrdə respublikamızın hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olmuşdu. Hər bir dövlətin gələcəyinin onun insan potensialından , milli kadrlarının peşəkarlığından və bilik səviyyəsindən asılı olduğunu görən və gələcəyi uzaqgörənliklə analiz etməyi yaxşı bacaran Heydər Əliyev hələ keçən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının aşağı olmasına baxmayaraq insan potensialının formalaşması və inkişafına xidmət edən çox mühüm addımlar ataraq yüzlərlə gənci sovetlər İttifaqının ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərmişdi. Belə ki, 70-ci illərin ortalarından hər il orta hesabla 800-900 nəfər, 80-ci illərin əvvəllərindən isə 1000-1400-ə qədər gənc respublikadan kənarda keçmiş İttifaqın tanınmış ali məktəblərində təhsil aslmağa göndərilmişdi. Bu illər ərzində Azərbaycanda təhsilin inkişafı geniş vüsət almış, bütün təhsil sistemi əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxaraq Azərbaycanda təhsilin və intellektual səviyyənin yüksəlməsində böyük rol oynamışdı.

 

Lakin 1988-ci ildən etibarən Azərbaycanın təhsil sahəsində tənəzzül dövrü başladı və 1992-ci ildə qəbul olunmuş Təhsil Qanunu respublikada təhsil prosesinin inkişafına təkan verə bilmədi. 1993-cü ilin ikinci yarısından başlayaraq intensiv inkişaf dövrünü yaşayan milli təhsil siyasətimiz ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə işlənmiş və qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında milli təhsilimiz dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiya olunmuş və ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanılmışdı.

 

Cəmiyyətin gələcəyini təmin etmək və gənc nəslin yüksək səviyyədə təhsil alması məqsədilə təhsil sahəsinin inkişaf etdirilən sahəyə çevrilməsi dövrün, zamanın tələbidir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə bilik iqtisadiyyatının formalaşdırılması və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsi, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində bir çox mütərəqqi islahatlar həyata keçirilmişdir. Qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlamış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində gənclərimizin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsində əsas məqsəd də ölkəmizin gələcək inkişaf strategiyası baxımından təhsil sisteminin müasir tələblərə cavab verən kadr bazasının gücləndirilməsi, modern idarəetmə və istehsal texnologiyaları əsasında fəaliyyət göstərən sahələrin kadr ehtiyacının ödənilməsi, qeyri-neft sektorunun inkişafının gələcəkdə sürətləndirilməsinin təmin olunması , ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət idi.

 

Xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri üzrə mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi “Dövlət Proqramı”nın əsas hədəfi olmuşdu. Proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış, yüzlərlə gənc Harvard Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti, Sorbonna Universiteti, Kioto Universiteti, Toronto Universiteti, Heydelberq Universiteti, Bilkənd Universiteti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün əhəmiyyət daşıyan sahələr üzrə təhsil almışlar. BMT, NASA, “Microsoft”, “Google”, “Bloomberg”, “Samsung”, “LG” və s. kimi dünyanın aparıcı təşkilat və şirkətlərində təcrübə keçən həmin gənclər yaşadıqları ölkələrin ictimai-mədəni həyatında yaxından iştirak etməklə, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğində və diaspor işində xüsusi fəallıq göstərirlər. Onların Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, Koreya Respublikası və Yaponiya kimi ölkələrdə azərbaycançılıq məfkurəsi və milli dəyərlər ətrafında təşkilatlanması ölkəmizin maraqlarının həmin ölkələrdə qorunmasına xidmət edir.

 

“2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu davamı olaraq yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi, Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanmışdır. Bu gün ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaradır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin olunur. “ADA” Universiteti ilə Niderland Krallığının Maastrixt Menecment Məktəbinin “Biznesin idarə olunması” ixtisası üzrə 2 illik birgə magistratura layihəsi, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə 3 texniki ixtisas üzrə birgə bakalavriat səviyyəsi üzrə kadr hazırlığı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsi çərçivəsində 4 texniki ixtisas üzrə birgə bakalavriat proqramı qeyd edilən sahədə atılmış uğurlu addımlardır.

 

Azərbaycanın suveren, azad bir dövlət kimi dünyaya inteqrasiya olunduğu dövrdə keyfiyyətli təhsil məsələsi çox önəmli, həm də ciddi məsələ kimi qarşıda durur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı, yüksək əhəmiyyətə malik fərman və sərəncamları davamlı inkişaf strategiyasının ən əsas sahəsi olan milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiya etdirərək müasirləşdirmək məqsədi daşıyır. Bu gün dünya dövlətləri sırasında müstəqil dövlət kimi inkişaf edən, möhkəmlənən, dünyada söz sahibi olan Azərbaycan xoş sabahına doğru mətin addımlarla irəliləyir. Bu yolda addımlayan sabahımızın qurucuları isə gənclərdir.

 

Bir millətin yüksəlişi o millətin gənclərinin yüksək təhsili ilə bağlıdır. Gəncləri fərqli biliklər zəminində yetişən, övladları Yer üzündə insanlıq üçün gərəkli olan elmin, biliyin arxasınca gedən millət isə hər zaman tərəqqiyə qadirdir.

 

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 8 may.- S.9.