Azərbaycan təhsili müasir dövrün çağırışlarına uyğun inkişaf edir

 

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatların zəruriliyi ortaya çıxdı. Təbii ki, təhsil sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilməlidir. Çünki təhsil hər bir ölkə üçün strateji bir sahədir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.

 

 

 

Ölkəmizdə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da olduqca nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə ulu öndərin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycanda son illər ərzində təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, həyata keçirilən Dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir.

 

Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq edilməsindən 7 ildən çox vaxt ötür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra nailiyyətlər əldə olunmuşdur. Son illər təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiyaproqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər kifayət qədər artmışdır. Bu xərclər 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 2019-cu ildə 1,4 milyard manatdan 2,3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır.

 

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına zəmin yaratmışdır.

 

Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Elə bu baxımdan da son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir.

 

Qeyd etmək lazımdır ki, Təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi əldə edilmiş ən mühüm nailiyyətlərdəndir. Təhsil Nazirliyinin Milli Məclisdə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına da əlverişli şərait yaratmışdır. Belə ki, “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” qanun, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun qəbul edilmişdir ki, bu dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə edir.

 

Qanunda bir sıra məsələlər öz əksini tapıb. Belə ki, bu il dövlət büdcəsindən təhsil üzrə 3 277 655 549 manat vəsait ayrılmışdır ki, bunun da 319 352 315 manatı məktəbəqədər təhsil, 1 764 680 611 manatı ümumi təhsil, 51 143 908 manatı isə peşə təhsili üzrə xərclənməsi nəzərdə tutulub. Dövlət büdcəsindən ayrılmış təhsil xərclərini ötən illərlə müqayisə etsək, 3277,7 milyon manat vəsait 2020-ci ilə nisbətən 242,9 milyon manatya 8,0 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1085,5 milyon manatya 49,5 faiz çoxdur. Layihədə qeyd olunan 2021-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,5 faiz təşkil edir ki, bu da 2020-ci ilə nisbətən 0,5 faiz-bənd çoxdur. Təhsil xərclərinin bu il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,3 olacaqdır ki, bu da 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1,6 faiz-bənd çoxdur.

 

Ümumiyyətlə, son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi tərkibində xüsusi çəkisi 1,6 faiz-bənd, natural ifadədə isə 1523,3 milyon manatya 86,8 faiz artıb.

 

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1764,7 milyon manatı və ya 53,8 faizi ümumi təhsil xərclərinin, 1001,2 milyon manatı və ya 30,5 faizi təhsil sahəsində digər müəssisələrin və tədbirlərin, 319,3 milyon manatı və ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin, 71,0 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsili xərclərinin, 60,9 milyon manatı və ya 1,9 faizi ali təhsilin, 51,1 milyon manatı və ya 1,6 faizi peşə təhsilinin, 9,4 milyon manatı və ya 0,3 faizi əlavə təhsilin və təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.

 

2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Milli Aviasiya Akademiyasının maliyyə təminatı üçün 54,7 milyon manat vəsait nəzərdə tutulub.

 

Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün bu ilin dövlət büdcəsindən 80,0 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.

 

Ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirləri də uğurla davam etdirilir. Ötən illərdə Təhsil Nazirliyi tərəfindən 50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illərdə 3300-ə yaxın məktəb binası tikilibya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Bu da ikinci növbədə oxuyan şagirdlərin sayının 35 faizdən 14 faizə enməsi ilə nəticələnib. Bütün bu görülən işlərin sayəsində şagirdlərimizin uğurları da ildən-ilə yaxşılaşır.

 

Hazırda ümumi təhsildə yeni qiymətləndirmə modelləri tətbiq olunur ki, bu da 12 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalmışdır. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılmışdır.

 

Onu da deyək ki, tədrisdə İKT-dən istifadə imkanları müasir dövrün tələblərinə uyğun olaraq genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoydu. İnformasiya cəmiyyətinin yarandığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə İKT-nin inkişafı ölkənin rəqabət qabiliyyətinin, intellektualelmi potensialının vacib göstəricilərindən birinə çevrilmişdir. Bu da şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqlarını formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara maraqlarını artırmaq baxımından reallaşan mühüm layihələrdəndir.

 

Son illər əldə edilən ən böyük nailiyyətlərdən biri də müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri keçib. Uzun illər ərzində ixtisaslı kadr çatışmazlığı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib.

 

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi baxımından mühüm işlər görülmüşdür ki, bu prosesin nəticəsində ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Bu tədbirlərin davamı kimi, ölkə Prezidentinin Sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmış və beləliklə orta aylıq əməkhaqqı 600 manata çatmışdır. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı 5 min nəfər təşkil edib. Vurğulamaq lazımdır ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabəti peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı dəfələrlə artıb.

 

Ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində də ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb. Nəticədə təqaüd alan tələbələrin sayı həmin tədris ilində 45 faiz olub. 2020-2021-ci tədris ilində isə bu göstərici demək olar ki, 50 faizə çatdırılacaq. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də artıb. İndi tələbələr orta hesabla 20 faiz daha çox pul alır. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib.

 

Qeyd edək ki, ölkə başçısının müəyyənləşdirdiyi uğurlu təhsil strategiyasının icrası nəticəsində Azərbaycan təhsili müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edir, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tuta biləcək təhsil sistemi yaratmaqdadır.

 

Nurəngiz ADİLQIZI

 

Respublika.- 2021.- 8 may.- S.9.