Təməli Ulu Öndər tərəfindən qoyulan zəfər tariximiz

 

 

Azərbaycan dövlətinin tarixində əvəzedilməz şəxsiyyət olan Heydər Əliyev xalqının yaddaşında, təfəkküründə güclü dövlət xadimi olmaqla bərabər, həm də dəyişməz əqidəli, öz xalqına, onun adət-ənənələrinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlı olan müdrik rəhbər kimi əbədi yaşayır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişinin, milli özünüdərkin, xalqın tarixi yaddaşının özünə qaytarılmasının, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini Heydər Əliyev hələ ötən əsrin 70-ci illərdəki fəaliyyəti dövründə qoymuşdu.

 

 

Bu illərdə Azərbaycanda sürətli inkişaf dövrü başlamış, bütün sahələrdə dahi rəhbərin səriştə və prinsipiallıqla həyata keçirdiyi sosial-iqtisadi və mədəni siyasət öz bəhrəsini verməyə başlamış, ölkə yeni bir intibah dövrünə qədəm qoymuşdu. Respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyan Heydər Əliyev hər bir dövr üçün xarakterik olan ictimai-siyasi yönlü maneələri məharətlə aradan qaldıraraq tənəzzülün qarşısını almağa və ölkənin bütün sahələrində dinamik inkişaf üçün möhkəm özül yaratmağa müvəffəq olurdu.

SSRİ-nin siyasi rəhbərliyindən uzaqlaşandan sonra çox böyük çətinliklə də olsa, 1990-cı ilin iyul ayında Heydər Əliyevin Bakıya, iki gün sonra isə təzyiqlər, təqiblər məcburiyyətindən Naxçıvana qayıdışı çox çətin vəziyyətə düşmüş doğma yurduna yenidən nəfəs verdi. Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvanın ən ağır günlərində ona dayaq durdu. O, Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman ərzində Azərbaycanın imperiya əsarətindən tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm, siyasiideoloji amilə çevrilən tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 1990-cı il Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. SSRİ-nin qorunub saxlanması barədə referendumdan Naxçıvan əhalisinin imtina etməsi, Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, ilk demokratik islahatların keçirilməsi, ilk milli sərhəd qoşunlarının yaradılması, keçmiş Sovet ordusu Muxtar Respublikanı tərk edərkən hərbi hissədəki silah-sursatın və texnikanın Azərbaycanın digər bölgələrindən fərqli olaraq tamamilə Naxçıvanda saxlanılması ulu öndərin bacarığı, liderlik qabiliyyətinin göstəricisi idi. Bu vaxtlar isə paytaxt Bakıda savadsız rəhbərlərin məntiqsiz siyasəti nəticəsində Azərbaycanın əbədi-əzəli torpaqları bir-birinin ardınca işğal olunur, qaçqınların, köçkünlərin sayı günbəgün artırdı.

Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycanı dağıtmaq istəyən daxilixarici düşmənləri ciddi təşvişə salmışdı. Elə bu səbəbdən də 90-cı illərdə Naxçıvana təzyiqlər get-gedə güclənir, respublika tamamilə blokada şəraitində saxlanılır, ərzaq qıtlığı, elektrik enerjisininqaz təchizatının olmaması demək olar ki, naxçıvanlıları aclıq, səfalət içində yaşamağa vadar edirdi. Lakin Naxçıvan camaatı Heydər Əliyevlə birlikdə bütün çətinliklərə qalib gəlməyə hazır idi. Heydər Əliyevin Azərbaycan və Naxçıvan MR Ali sovetlərinə deputat seçilməsi xalqın iradəsi və qətiyyətinin ifadəsi idi. Həmin vaxtdan Naxçıvanın ictimai-siyasi həyatında böyük canlanma, tərəqqi dövrü başlandı. Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edildi, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul olundu.

Heydər Əliyevin sədrliyi ilə keçən MR parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında Muxtar Respublikanın rəsmi adından “Sovet Sosialist” sözləri çıxarılaraq “Naxçıvan Muxtar Respublikası”, Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı, Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan MR-in bayrağı kimi qəbul edildi. Heydər Əliyev özünün bu mətin, iradəli, müdrik və qətiyyətli addımı ilə respublika rəhbərliyini susdurmağı bacarmışdı.

1991-ci il sentyabr ayının 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi böyük hadisə oldu. Bu seçimlə ulu öndər, ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.

Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Bu, Naxçıvan əhalisinin hər zaman arxalandığı, etibar etdiyi Heydər Əliyevin müdrik və yenilməz siyasətinin təcəssümü və eyni zamanda, Azərbaycanın milli müstəqilliyinə doğru atdığı ilk addım idi. Bütün bu ağır, məsuliyyətli və taleyüklü qərarların verilməsində Naxçıvan əhalisi ümummilli lider Heydər Əliyevə arxalandığı kimi, Heydər Əliyev də doğma el-obasından güc alırdı.

Ümumiyyətlə, Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdi. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdı. Naxçıvana rəhbərlik etdiyi illərdə ulu öndər demişdi: “Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur”.

90-cı illər Naxçıvan Muxtar Respublikasının ən ağır dövrü idi. Bu zaman şimaldan və şərqdən Ermənistanın, qərbdən və cənubdan Türkiyə və İranın əhatəsində olan Naxçıvan faktiki olaraq Ermənistan tərəfindən blokadaya salınmış, avtomobil yolu kəsilmiş, dəmir yolu isə ermənilər tərəfindən tez-tez bağlandığından Azərbaycanla əlaqə itmişdi. Əhali aclıq, səfalət və qorxu içərisində yaşayırdı. Heydər Əliyev ağır blokada şəraitinə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd belə düşmən əlinə keçmədi. Ulu öndər Naxçıvan ərazisini erməni işğalından, əhalini aclıqdan, səfalətdən, soyuqdan donmaqdan, ümumiyyətlə məhv olmaqdan qorudu. Qısa müddətdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası enerji təchizatı ilə tam təmin edildi.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrdə bir sıra mühüm tarixi qərarlar qəbul edildi. Belə ki, hələ 70-ci illərdə ordu quruculuğuna ixtisaslı hərbçi kadrların hazırlanması ilə başlamış ulu öndər 90-cı illərin əvvəllərində Naxçıvanda ilk milli ordu qurumu yaratmış, 1998-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdı. Bu gün müstəqil Azərbaycanın ordu quruculuğuna mühüm töhfələr verən liseyin on minlərlə zabiti Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstərmiş, Şuşaya qədər döyüş yolu keçərək, Qarabağın azadlığı uğrunda zəfər tariximizi yazmışlar.

Naxçıvanda ictimai-siyasi şəraiti stabilləşdirmək və sağlamlaşdırmaq üçün böyük tədbirlər həyata keçirildi, getdikcə güclənən erməni təcavüzünün, düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünülmüş çevik siyasət yürüdüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi həyata keçirdiyi bütün siyasi, mədəni-iqtisadi tədbirlər, Naxçıvanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, qonşu ölkələrin və dünyanın aparıcı dövlətlərinin başçıları, səfirləri və s. ilə apardığı danışıqlar, görüşlər nəticəsində Naxçıvanı ermənilərin labüd işğalından xilas etdi.

Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.

Naxçıvanda Heydər Əliyev siyasi xətti uğurla, sədaqətlə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş Dövlət proqramlarının dəqiq icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Naxçıvanın sürətli inkişafını və yüksəlişini təmin edir. Naxçıvan ölkə səhiyyəsinin inkişafında, müasir təhsil infrastrukturunun yaradılmasında mühüm rol oynayır, müasir sənayeləşmə hərəkatına öz töhfələrini verir. Bu gün Naxçıvan Muxtar Respublikası inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənaye sürətlə inkişaf edir. Kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsi yüksək səviyyədə ixtisaslaşıb. Torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikada tikinti-quruculuq işləri də geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Qədim diyarda aparılan tikinti-quruculuq işlərində müasirliklə milliliyin vəhdəti hər zaman qorunub saxlanılıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib.

Son illərdə regionun sosial, iqtisadi və mədəni həyatında qazanılan uğurlar təməli ulu öndər tərəfindən qoyulan yeni həyat quruculuğu xətti ilə uğurla davam etdirilir. Bu gün Naxçıvanda elə bir sahə yoxdur ki, o sahə üzrə əsaslandırılmış islahatlar aparılmasın. Naxçıvanın bu möhtəşəm inkişaf dövrü vaxtilə zamanın sərt sınaqlarından çıxmış Heydər Əliyevin böyük ideyalarının təntənəsidir.

 

Mehparə ƏLİYEVA,

 

Respublika.- 2021.- 20 may.- S.1;4.