Azərbaycan müdafiə sənayesinin inkişafı, nailiyyətləri və daim artan potensialı

 

 

Hələ on il əvvəl Prezident İlham Əliyev çıxışlarından birində ordu quruculuğunda əldə olunmuş uğurlarımızın erməni faşizmini qorxuya saldığını vurğulayaraq demişdi: “Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər”. Ordumuzun gücünə böyük inamın ifadəsi olan bu fikirlər ötən il 44 günlük Vətən müharibəsində gerçəkləşdi və düşmənin başına vurulan “dəmir yumruqonun ordusunu məhv etməklə yanaşı, bütövlükdə dövlətçiliyini təhlükə altında qoydu.

 

 

Ordu quruculuğunun vacib elementlərindən biri onun müasir silah-sursat və hərbi texnika ilə yüksək səviyyədə təchiz edilməsidir. Ölkəmizdə hərbi və müdafiə təyinatlı müəssisələrin yaradılmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olub. Hələ sovet hakimiyyəti dövründə o, respublikamızda ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin tikilməsi üçün təşəbbüslər göstərib. Həmin dövrdə işə salınmış bir sıra zavodlar, elm-istehsalat sahələri hazırda ölkəmizin müdafiə sənayesinin mövcud potensialının mühüm bir hissəsini təşkil edir. Müstəqil dövlət quruculuğu dövründə ulu öndər ərazisi düşmən işğalına məruz qalan ölkəmizin müdafiə potensialının yaradılması üçün məqsədyönlü aparıb.

Milli iqtisadiyyatın mühüm seqmentlərindən biri olan müdafiə sənayesinin dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki rolunu nəzərə alan Prezident İlham Əliyev də bu sahənin inkişafını daim diqqətdə saxlayır, gücləndirilməsi və modernləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Məhz dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb, bir sıra zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Aerokosmik Agentlik onun tərkibinə verilib. Bu addım ölkəmizin hərbi sənaye kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə böyük töhfə verib. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir, son illərdə yaradılan müəssisələrin əksəriyyətində sursat istehsalına üstünlük verilir. Bundan başqa, müdafiə sənayemiz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçirir. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradır və bunlar silahlı qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.

Ölkəmizin müdafiə sənayesinin mövcud elmi-texniki potensialı milli təhlükəsizliyin təmin olunması məqsədilə silahlı qüvvələrimizi müasir silahlarla, hərbi və xüsusi texnika ilə təchiz etməyə imkan verir.

İnformasiyakommunikasiya texnologiyaları sahəsini ölkəmizdə prioritet sahə elan edən Prezident İlham Əliyevin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib. Kosmik dövlətlər sırasında öz yerini tutmaqla Azərbaycan həm də öz hərbi gücünə güc qatıb. Kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsi dövlətimizin iqtisadi və hərbi gücünün inkişafına öz töhfəsini verir. “Dəmir yumruq” əməliyyatının gedişi və nəticələri də bunu bir daha təsdiqlədi. Belə ki, aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən düşmən obyektlər haqqında genişmiqyaslı məlumatları operativ şəkildə əldə etməyə imkan verir.

Yüksək texnologiyaların müdafiə sənayesində geniş tətbiqi hazırda mühüm vəzifələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunur ki, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla ölkəmizi texnoloji ixrac məkanına çevirmək üçün perspektivlər yaradılmalıdır. Elmtutumlu və gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafının təmin edilməsi də bu məqsədə xidmət edir.

Ölkəmizin hərbi-texniki əməkdaşlıq sahəsində başlıca prioriteti silahlı qüvvələrimizi ən müasir silahlarla təchiz etmək və bu məqsədlə şaxələndirilmiş tərəfdaşlıq imkanlarından yararlanmaqdır. Hazırda Azərbaycanın hərbi-müdafiə xərclərini ağılla və çevik idarəetməsi təcrübəsini təhlil edib öyrənən xarici mütəxəssislər bu məsələyə xüsusi diqqət yetirirlər. Məlum olduğu kimi, dövlət büdcəsindən bu sahəyə ayrılan illik maliyyə vəsaitinin həcmi, təqribən, 25 milyard ABŞ dollarına ekvivalentdir. “The Print” nəşrinə açıqlamasında hindistanlı general Ved Prakaş Malik ölkəmizin silah arsenalını artırmaqla yanaşı, bu sahədə şaxələndirmə siyasəti aparmasını “ağıllı addım” adlandırıb. O deyib: “...Ermənistan silah almaqda əsas diqqətini Azərbaycana da silah tədarük edən Rusiyaya yönəltdi. Bu zaman, Azərbaycan ağıllı davranaraq satınalmalarını şaxələndirdi və Rusiya ilə bərabər Türkiyədən, İsraildən də müdafiə sənayesi məhsullarını tədarük etdi”. General vurğulayıb ki, Azərbaycan hökuməti silah alışı üçün tərəfdaş seçərkən mövcud siyasi müttəfiqlərə üstünlük verir. Belə ki, Azərbaycan üçün 2010-2015-ci illərdə Rusiya, 2015-2019-cu illərdə İsrail, 2020-ci ildə Türkiyə əsas tərəfdaş olub.

Prezident İlham Əliyev bu il fevralın 26-da yerlixarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqlərinin sualını cavablandırarkən deyib: “Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadır və Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayətlənməmişik. Ona görə ki, əvvələn, şikayətlənmək üçün səbəb olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir”. Dövlətimizin başçısı Ermənistanın bu məsələ ilə bağlı ittihamlarını əsassız sayaraq, Rusiya hərbi texnikasının “düzgün əllərdə olmasının” vacibliyini qeyd edib.

Prezident İlham Əliyev həmin mətbuat konfransında Türkiyənin “Haber Qlobalteleviziya kanalının sualını cavablandırarkən isə deyib: “Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin etmişdir. Müharibədən sonra da bu təmaslar davam edir. Onu bildirməliyəm ki, yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək”.

Ölkəmiz hərbi təyinatlı məhsulların dünyanın müxtəlif yerlərində keçirilən sərgilərinin fəal iştirakçısı olmaqla yanaşı, həm də özü indiyədək 3 dəfə keçirilmiş Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin - ADEX-in təşkilatçısıdır. Sonuncu dəfə sərgi 2018-ci ilin sentyabrında keçirilib. “ADEX-2018” dünyada istehsal edilən müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi olub. Sərgidə 29 ölkədən 224 şirkət və rəsmi nümayəndə heyətləri iştirak edib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edib.

Dünyanın silah bazarında ixrac üçün təklif edilən müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanışlıq imkanı yaradan, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevrilən və iki ildən bir keçirilən “ADEX” sərgisinin təşkili, ötən il Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı nəticəsində başlanan və Azərbaycanın hərb tarixinə 44 günlük Vətən müharibəsi kimi yazılan “Dəmir yumruq” əməliyyatına görə, mümkün olmadı. Ancaq 2022-ci il sentyabrın 6-8-də sərginin 4-cü dəfə keçirilməsi nəzərdə tutulub. Ümid edə bilərik ki, “ADEX-2022” Azərbaycan müdafiə sənayesinin vüsətli inkişafının mühüm nailiyyətlərini və daim artan potensialını dünyaya çatdıracaqdır.

Prezident İlham Əliyev bu günlərdə bir daha bəyan etdi ki, Ermənistanda revanşizm qoxusu verən bəyanatlar çox təhlükəlidir və ilk növbədə, onun özü üçün təhlükəlidir. Bəli, tərkibində müdafiə sənayesi də mühüm yer tutan “dəmir yumruq” yerindədir və erməni faşizminin bir daha baş qaldırmaması üçün daim zərbə endirməyə hazırdır.

 

Möhtərəm RƏCƏBOVA

 

Respublika.- 2021.- 20 may.- S.3.