Heydər ƏliyevAzərbaycan mədəniyyəti” mövzusunda videokonfrans

 

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Lənkəran, Astara və Lerik rayonlarının mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib. Növbəti tədbir Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub. “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda keçirilən videokonfransda ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərkəzin direktoru Reyhanə Sadıxova müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin şərəfli və zəngin həyat yolu haqqında ətraflı məlumat verib. Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişafından söhbət açıb. Bildirib ki, ümummilli lider hakimiyyətdə olduğu hər iki dövrdə mədəniyyət, incəsənət və ədəbiyyatımızın inkişafına misilsiz qayğı göstərib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu gün prioritet sahə kimi mədəniyyətin inkişafına yüksək diqqət və qayğı göstərir.

 

Tədbirdə Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov, Həzi Aslanov ev muzeyinin direktoru Cəmilə Şərifova, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülviyyə Əliyeva, Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Camal Həsənov çıxış edərək xalqımızın dahi oğlu, müdrik rəhbər Heydər Əliyevin Vətənə, xalqa sonsuz bağlılığından, müstəqilliyimizin, dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində tarixi xidmətlərindən danışıblar.

 

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2021.- 20 may.- S.5.