Biçmədim zəmim qaldı...

 

Yaşasaydı güllü-çiçəkli bu yazda 86 yaşı tamam olacaqdı. Əcəl aman vermədi ki, Ağdamın işğaldan azad edilməsinin şahidi olsun, canından artıq sevdiyi şəhərin xarabalıqları arasında yanğı ilə, kədər qarışıq sevinclə zümzümə etsin ki, “biçmədim zəmim qaldı”.

 

Ağdam deyəndə həm o ilahi səs sahibi, doğulub boya-başa çatdığı şəhərin aşiqi olan, xarakteri ilə başqalarından yer-göy qədər fərqlənən, bənzərsiz Qədir Rüstəmov yada düşür. Dünyanın nadir səslər xəritəsinə öz adını yazdıran, bulaq suyu kimi saf səsi ilə ruh dünyamıza çalar qatan, Qarabağın səs abidəsi hesab olunan Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ilin may ayında Ağdam rayonunda anadan olub. Burada musiqi təhsili alandan sonra Bakı şəhərində ustad xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb.

 

Qədir Azərbaycanı, doğulub boya-başa çatdığı Ağdamı Məcnun kimi sevirdi. O məhəbbət onun damarlarında inanın ki, qan yerinə axırdı. Yaxşı yadımdadır, 1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra böyük sənətkar uzaqlara gedə bilmədi. Bir müddət Bərdədə yaşadı. Məcburi köçkünlük qayğıları qədər başımızı qatsa da aradabir görüşürdük. Hər dəfə görüşəndə deyirdi ki, dörd yol tərəfdən gəlirəm, oradan Ağdamın havasını uda bilirəm. Bəlkə , saatlarla həmin yerdən Ağdama sarı baxırdı, Ağdamsızlıq onu sıxırdı, gen dünyanı başına dar eləyirdi, için-için onu ağladırdı. Sonralar Qədir İsmayıllı rayonunda məskən saldı həmişə deyirdi ki, buraların təbiəti Ağdamın təbiətinə oxşayır. Orada bir az rahatlıq tapa bilirdi.

 

Qədir Rüstəmovun sənətinə, onun ifaçılıq məharətinə ulu öndər çox yüksək qiymət verirdi, qeyri-adiliyi ilə seçilən sənətkar dövlət qayğısı ilə əhatə olunmuşdu. Yüksək fəxri ada layiq görülən Qədir həm , Azərbaycanın orden medalları ilə təltif olunub.

 

Qədir Rüstəmov haqqında mətbuatda çoxlu yazılar yazılıb, haqqında sənədli film çəkilib. Mən bu böyük sənətkar haqqında bir neçə məqalə yazmışam. Onu da deyim ki, Qədir hər yazını bəyənmirdi, bəyəndiklərini isə qəzetlərdən kəsib saxlayırdı.

 

Məlahətli səsi özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları, o cümlədənRast”, “Çahargahlentə alınaraq milli radionun qızıl fondunda saxlanılır. Qədim xalq mahnısı olanSona bülbüllər”ə Qədir Rüstəmov əbədiyaşar bir ömür verib, bu mahnı milyonların qəlbinə həkk olunub, milli musiqi sərvəti kimi qorunur yaşadılır. Yüz illər keçsə bu səs yaşayacaq, düşmənlərin yer üzündən silmək istədikləri Ağdam torpağından yenidən zühur edərək göylərə ucalacaq.

 

44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın qazandığı zəfəri, tarixi qələbəni çox güman ki, ustad sənətkarın ruhu duyub. İşğaldan azad edilən Ağdam şəhərinə səfər edəndə, qədim İmarətdə olanda Qədir Rüstəmov yadıma düşdü. Ötən əsrin 80-ci illərində İmarətdə keçirilən beynəlxalqXarıbülbülfestivalında Qədir elə oxudu ki, elə bil köksündən qopan zəngulələr göy üzündə çaxan şimşəyə bənzəyirdi. Bənzərsiz ecazkar ifa idi.

 

Su atdım yara dəydi,

 

Əlim divara dəydi,

 

Dilim-ağzım qurusun,

 

dedim yara dəydi

 

Elə yar-yar deyirlər,

 

Heç məni demirlər

 

Ay sona bülbüllər!

 

Məşhur xanəndə, bənzərsiz muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının Xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997) Qədir Rüstəmov 2011-ci il dekabrın 14-də qardaş Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.

 

86 yaşlı dahi sənətkar, ruhun dolaşan Ağdam torpağı işğaldan azad edilib... Ağdama yeni bir həyat gəlir, perik düşən ruhlar geri qayıdır, ruhun şad olsun. Biçilməyən zəmilərimiz biçiləcək, ağaclarımız çiçək açacaq, torpaqlarımız dirçələcək, Ağdam yenidən bərpa olunacaq. İnanıram ki, qədirbilən xalqımız Qədir Rüstəmova Ağdamda bir heykəl ucaldacaq. Qəlbimizdə özünə taxt quran, abidə ucaldan Qədirin adı əbədi yaşayacaq.

 

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2021.- 21 may.- S.9.