Azərbaycanın döyünən ürəyi - Şuşa

 

Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şuşa şəhərinin tarixi görkəmi, əvvəlki şöhrəti özünə qaytarılır

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı.

 

Dövlət başçısının qətiyyəti sayəsində Şuşamız düşmən əsarətindən azad edilərək xalqımıza qaytarıldı. Bunu gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev və qəhrəman Azərbaycan ordusu oldu! Azərbaycan Prezidentinin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüzillik tarixinin ən möhtəşəm müjdəsi oldu. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin məzarı önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sadiq olduğunu göstərdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, şərəfini, milli qürurunu, müqəddəs Vətən torpağının ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ!

 

Ötən il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

 

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

 

Ordumuz gözəl Qarabağın tacı sayılan bu tarixi şəhəri özünəlayiq misilsiz bir qəhrəmanlıqla—əlbəyaxa döyüşlə aldı. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Ümummilli lider Heydər Əliyev demişdir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

 

Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq araşdırdıqdan sonra mülayim təbiətli Şuşanın həm də böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişlər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarıbülbül” gülü bitir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.

 

 

 

Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, musiqi və mənəvi dünyamızın ruhudur

 

Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlıdır. Əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır.

 

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 may 2021-ci il tarixində sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.

 

Şuşa - unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa - Pənahəli xanın, İbrahimxəlil xanın, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün və daha neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatr və kino xadiminin vətənidir. Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qaytarılıb. Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri də artıq reallığa çevrilib.

 

Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi onun mədəni həyatını qısa müddətdə bərpa edəcəkdir. Həmçinin, bu, beynəlxalq əhəmiyyətli tədbirlərin burada hər zaman keçiriləcəyi anlamına gəlir.

 

 

 

Qarabağın azadlıq rəmzi - Xarıbülbül

 

1989-cu ilin mayında Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı 32 ildən sonra ölkə Prezidentinin tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təşkil edildi. Mayın 12-də və 13-də festivalı televiziya kanallarında böyük qürur hissi ilə seyr etdik.

 

“Xarıbülbül” festivalının açılışında cənab İlham Əliyev demişdir: “Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

 

Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

 

Hamımızın diqqətlə izlədiyi “Xarıbülbül” musiqi festivalı Şuşada hər il keçiriləcəkdir. Musiqi festivalı Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini əhatə etdi. Musiqi bayramında Azərbaycan vətəndaşı olan ayrı-ayrı millətlərin musiqi və mədəniyyəti nümayiş olundu. Bu, onun göstəricisidir ki, dövlətimizin milli azlıqlara ehtiramı böyükdür. Qələbəmizi təmin edən 44 günlük Vətən müharibəsi zamanı necə ki, çoxmillətli ordu olaraq döyüşdüksə, Şuşadakı ilk festival da çoxmillətli ölkə olduğumuzu və həmin xalqların nümayəndələrinə hər zaman necə diqqət və qayğı ilə yanaşdığımız, bunun bariz nümunəsidir. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında həmişə möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, dini ayrı-seçkilik müşahidə edilməyib. Bu gün də ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar ailə kimi mehriban yaşayırlar. Tolerantlıq Azərbaycanda milli-mənəvi sərvət, dünya xalqlarına nümunə göstəriləcək bir dəyərdir. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzunəsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Ölkəmizdə azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında azsaylı xalqlar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar.

 

Artıq çoxmillətli Azərbaycan dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur.

 

 

 

270 illik tarixi olan Şuşa şəhəri yenidən bərpa edilir, dirçəldilir

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşaya səfər çərçivəsində “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak etmiş və bu otelin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə, Şuşa Rəsm Qalereyasında görülən işlərlə, Şuşada xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada və Yuxarı Gövhərağa məscidində aparılan bərpa işləri ilə, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə də tanış olmuşlar. Xatırladaq ki, Yuxarı Gövhərağa məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu. Həmçinin Şuşada Prezidentin göstərişi ilə “Xan qızı” bulağı bərpa edilmiş, Xan qızı Natəvanın sarayına isə baxış keçirilmişdir.

 

Səfər zamanı ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə 150 illik yubileyi qeyd olunan, lakin işğal zamanı tamamilə ermənilər tərəfindən dağıdılan 960 şagird yerlik 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulmuş, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının isə açılışı olmuşdur. Bu yarımstansiyanın işə salınması ilə Şuşa şəhəri ölkəmizin ümumi enerji sisteminə qoşulmaqla şəhərin fasiləsiz elektrik enerjisi ilə təchizi təmin edilmişdir.

 

Həmçinin yeni məscidin təməli də qoyulmuşdur. Ən önəmli məsələlərdən biri də Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan yeni məscidin modern memarlıq üslubunda layihələndirilərək inşa edilməsidir. Məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir. Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirəcək ki, bu da Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini xarakterizə edir.

 

Qürur və sevinc hissi ilə qeyd edilməlidir ki, bu gün müstəqil Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazır, qüdrətli ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur. Müqəddəs üçrəngli bayrağımız respublikamızın digər bölgələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

 

Bu gün Prezident İlham Əliyev ulu öndərimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətini özünə qaytarır. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində bayraq, ürəklərində Vətən sevgisi.

 

 

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2021.- 18 may.- S.1;2.