Xarıbülbül festivalı dünyaya mesajdır

 

Bundan sonra biz Şuşada əbədi yaşayacağıq

 

 

Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim!.. 1977-ci ildə bir məhəllə cocuğunun, sonralar Qarabağ bülbüllərindən biri olan 14 yaşlı Tacirin oxuduğu Bayatı Şiraz muğamından bir parçaondan əvvəl, nə də ondan sonra heç kimin ifasında bu qədər təsirli alınmadı bəlkə də. O ildən hər dəfə eşidəndə çoxları kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Hələ onda Qarabağımızın başını duman, çən almamışdı, günəş də, ay da öz parlaqlığındaydı.  

Onda hələ Qarabağ bülbülləri də perik düşməmişdi. Xarıbülbülün bağrı qana dönməmişdi hələ. Hardan idi bəs bu yanğı, kövrəklik, duyğusallıq? İfanın sehri, sirri, cazibəsi idimi bu? Bəlkə, Abbas Səhhət şeirinin, sözünün gücündən ürəklərə süzülüb gələn Vətən məhəbbəti, Vətən sevgisiydi insanı bu qədər titrədən. Onu bilirəm ki, Vətəndə vətənsizləşməyimizə on ildən bir qədər çox vaxt qalırdı onda. Düz 44 il səsləndi bu muğam parçası həmin ifada, çox mətləbləri ahəstəcə qandırdı bizə. Anladıq ki, muğamsız Azərbaycan, Azərbaycansız da muğam yoxdur

Taleyin işinə bax, 44 ildir ki, yer-yurd bilmədən bu məmləkətin azad olan hər guşəsində səslənən muğam parçası 28 ildən sonra bir gün Cıdır düzünə gəlib çıxdı, ancaq başqa bir ifada: gənc xanəndə Kənanın avazıyla, özüazad Şuşamızda düzənlənən Xarıbülbül musiqi festivalının açılışında. Ahəstə-ahəstə anlatdı bizə: Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz!..

Belə bir möhtəşəm tədbirin bədii hissəsinin muğam ifası ilə açılışı özü də rəmzi məna daşıyır. Azərbaycanın vizit kartı sayılan muğam sadəcə musiqi, melodiya deyil, bir millətin varlığının, onun qəhrəmanlığının, yenilməzliyinin ifadəsi, tərənnümüdür. Zili-zil, bəmi-bəm üstündə kökləndikcə könül quşu bu məmləkətin Muğanından, Milindən, Aranından, dağından keçib, diş göynədən bulaqlarından süzülüb Cıdır düzünü dolaşır, Murovun zirvəsində qanad çalır, orada şikəstəyə dönüb Xarıbülbülün ləçəklərinə qonur. Xarıbülbül, təbiətin gözəl qızı, mən indi bildim bəşəri bir sualın cavabını:

Vətən bağı al-əlvandır,

 

Yox içində xarıbülbül.

 

Nədən hər yerin əlvandır,

 

Köksün altı sarı, bülbül?!

 

Çünki Tanrı səni belə gözəl yaradıb, dünyanın ən gözəl məkanı Şuşaya əbədi sakin edib. Söylə, indi xoşbəxtmisən, Şuşan azaddır, Xarıbülbül.

 

Bu illərin ayrılığına dözdün, yad nəzərlərdən qorundun, ümidini itirmədin, şuxluğun da, əlvanlığın da özünə qayıdıb indi, çünki Şuşamıza həyat gəlir. Qələbəmizin təminatçısı Ali Baş Komandanın söylədiklərini o gün bütün dünya duydu: ... Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı... İndi isə biz burada Cıdır düzündəhər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa!..

 

Müqəddəs Ramazan ayının son günlərində Qarabağa, Şuşamıza qayıdışın reallığını, arzularımızın gerçəkliyini gördük. O gün muğamlarımızın da yaşamaq, yaşatmaq haqqı çoxaldı, Şuşa həsrəti ilə dünyadan köçənlərin, onu azadlığına qovuşdurmaq uğrunda canından keçənlərin ruhuna qarışıb döndü doğma yerlərə. Güllədən deşik-deşik olmuş büstləri öz yerinə dönən Üzeyirin, Xan qızı Natəvanın, Bülbülün ruhu sevindi o gün. Ermənilərin qurutduğu Xan qızı bulağına da su gəldi. Bu şəhərin qurucusu olan Pənahəli xanın, dünyanın hər yerində yurdum, yuvam deyib vəsf etdiyi Azərbaycanı canı qədər sevən, qalalıyam, qalalı deyən Rəşidin, Şuşanın tarixiliyinə yeni-yeni ştrixlər vurub onu daha da əzəmətli edən ulu öndərimiz Heydər Əliyevin və daha neçə-neçə insanın ruhu qanad çaldı bu yerlərdə. Ölkə başçısı, Ali Baş Komandanın sevinc çələngindən bir ərməğan oldu hər kəsə Xarıbülbül-özünün qeyd etdiyi kimi, bu, qayıdış, ləyaqət, birlik bayramı: ... Bu il uzun fasilədən sonra birinci dəfə keçirilən Xarıbülbül musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Biz bu gözəl ənənəni bərpa etdikbundan sonra Xarıbülbül festivalı Şuşada hər il keçiriləcək.

 

Həmin gün Cıdır düzündən təkcə muğam sədaları deyil, bu diyarda yaşayan müxtəlif xalqların nümayəndələrinin milli musiqiləri də yayıldı dünyanın hər bir yanına. Tədbirin təşkilatçısı olan Heydər Əliyev Fonduna bu təşəbbüsü də ölkə başçısı verdi, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların payı vardır-deyən Prezident bununla həm də dünyaya göstərmək istədi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və 44 günlük müharibə bironu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Ölkə başçısı dedi: ... bütün dünyaya buradan-Şuşadan, qədim torpağımızdan mesaj veririk: ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur...

 

Xarıbülbül musiqi festivalı xalqımızın bir çox dəyərlərini əks etdirmək baxımından da yaddaqalan oldu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı Azərbaycan musiqisində multikulturalizm mövzusunda təqdim edildi, ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşamaq ideyasını çatdırdılar. Ölməz Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı, Qarabağı vəsf edən unudulmaz ifaları da ruhumuzu təzələdi.

 

Festival daha bir layihə ilə yadda qaldı. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan Əbədi imzalar layihəsi bu festivalda gerçəkləşdi. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu halında nəşr edilmişdi. Topluya daxil edilən əsərlərin bir çoxu isə ilk dəfə işıq üzü görürdü. Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrindən-Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi Vasif Adıgözəlovun əsərlərinin notları yer alan toplu Azərbaycan musiqi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması yeni nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Xarıbülbül musiqi festivalı ərəfəsində təşkil olunan Xarıbülbül beynəlxalq incəsənət festivalının şərtlərinə əsasən dünyanın 13 ölkəsini təmsil edən 32 rəssamın Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri əvvəlcədən hazırlanan Xarıbülbül maketlərinin üzərində çəkdikləri rəsm əsərləri ilə ifadə etməsi maraqlı idi. Ən maraqlısı da o idi ki, bu əsərlər Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənirdi.

 

Bəli, Xarıbülbül musiqi festivalı ilk dəfə düz 32 il əvvəl, 1989-cu ilin mayında Şuşada Cıdır düzündə təşkil edildi. O zaman sovetlər birliyi çökməsə ermənilərin torpaq iddiaları artıq çoxdan başlamışdı. Əslində bu, ermənilərə onların havadarlarına bu ərazilərin azərbaycanlılara məxsus olmasına dair verilən bir mesaj idi. Təəssüf ki, buna məhəl qoyulmadı, digər ərazilər kimi Şuşa da işğal edildi. Hər gecənin, aydın bir səhəri olduğu kimi, çətin, günlərin ömrü az olur deyirlər. Bizim ağır günlərimiz arxada qaldı, ölkə başçısı xalqına yaşatdığı böyük qələbə sevincinin üstünə sevinc gətirir hər gün. Bundan sonra belə olacaq, bu diyarın sorağını çoxları eşidəcək. Elə isə dünyanın heç bir yerində bitməyən, Şuşanın rəmzi sayılan Xarıbülbülü, bu gözəl məkanı görmək istəyən Azərbaycana gəlsin!..

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 22 may.- S.6.