Son 10 ildə ölkəmizin dinamik inkişafı mədəniyyət sahəsində də əksini tapıb

 

 

“Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.

 

Heydər Əliyev,

 

Ümummilli lider.

 

 

 

Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi,  Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malikdir və müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri daha da zənginləşmiş və çoxşaxəli olmuşdur. Mədəniyyət sahəsində həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində son illərdə böyük işlər görülmüş, bir çox dövlət proqramları hazırlanmış, çoxsaylı tədbirlər həyata keçirilmişdir. Qəbul edilən bu proqramlarda mədəniyyət sahəsində  dövlət siyasətinin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet təşkil edir. Əsas məqsəd ölkənin mədəni potensialının, mənəvi  irs, mədəni sərvətləri və milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf  etdirilməsindən ibarətdir.

 

Mədəniyyətimizin sistemli inkişafı, dünya səviyyəsində tanınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın bir çox sahələrdə gələcək inkişafının möhkəm əsasları yaradılmış, o cümlədən mədəniyyətimiz özünün intibah dövrünü yaşamışdır. Ulu öndər deyirdi: “Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər  diqqət yetirsək, qayğı göstərsək,  mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq”.

 

Ulu öndərin zəngin dühası ilə əsasını qoyduğu uğurlu inkişaf strategiyası 2003-cü ildən yeni parlaq  üfüqlərə doğru yol aldı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkəmiz dinamik inkişaf  dövrünü yaşadı. Bu tərəqqi mədəniyyət sahəsində də özünü göstərir. Mədəniyyət obyektlərinin yüksək səviyyədə təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğının təzahürüdür.

 

Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox  fərman və sərəncam imzalanıb. Bu sərəncamlar əsasında “Kitabxana-informasiya sahəsinin  2008-2013-cü illərdə inkişafı”, “Azərbaycan kinosu 2008-2018-ci illərdə”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020” və bu kimi proqram və layihələr qəbul edilərək icra olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.

 

Mədəniyyət sahələrindən biri olan teatr da zəngin inkişaf yolu keçib. Teatrlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. MDB  məkanında ilk dəfə ölkəmizdə “Teatrteatr fəaliyyəti haqqında” Qanun (2007), habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilib, paytaxtda  Rus Dram, Gənc tamaşaçılar, Musiqili teatr, Milli DramKukla teatrları, həmçinin Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunub, İrəvan və Pantomima teatrlarına bina verilib. Şuşa  Dövlət Musiqili Dram Teatrı da yeni binada fəaliyyətini davam etdirib.

 

Ölkəmizdə musiqi sahəsinin yüksəliş dövrünü yaşadığını da əminliklə söyləmək olar.  Bu illərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli festivallar keçirilmiş, paytaxtla yanaşı,  bölgələrimizdə də  iri mədəniyyət ocaqları yaradılmışdır. Belə ki, 2008-ci ildə Bakı və Ağcabədidə, 2010-cu ildə Füzuli rayonunda muğam mərkəzləri, 2017-ci ildə Gəncədə möhtəşəm filarmoniya binası, 2018-ci ildə Ağdamda (Quzanlı qəsəbəsi), 2019-cu ildə Sumqayıt şəhərində muğam mərkəzləri tikilib istifadəyə verilib.

 

Paytaxtda və bölgələrdə muzeylərin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Tarix-diyarşünaslıq muzeyləri ilə yanaşı, yerlərdə Heydər  Əliyev mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Qobustan Dövlət Tarix-Bədii  Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir.

 

Respublikamızda kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə  yenidən qurulur. Azərbaycan  Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET), ölkə kitabxanalarını vahid məkanda birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin (ALİSA)  yaradılması bu sahədə inkişafın göstəricisidir.

 

Yeni inkişaf mərhələsini yaşayan Azərbaycan kinosu da zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazır. Keçən müddət ərzində 50-dək tammetrajlı bədii, 50-dən çox qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən artıq cizgi filmi çəkilib.  Son dövrdə çəkilən  filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, mükafatlara layiq görülüb. 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra  müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.

 

Mədəniyyətimizin davamlı inkişafında ənənə və varisliyin qorunması baxımından kadr hazırlığı və müasir tədris sisteminin qurulması da böyük əhəmiyyət kəsb edir. Ötən illərdə bədii təhsil sahəsində də mühüm işlər görülüb. Paytaxtdaregionlarda onlarca musiqi və incəsənət məktəbinin yeni binaları inşa edilib, mövcud binalar əsaslı  təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin  bazasında ümumtəhsil, orta ixtisasali təhsil pilləsində tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir.

 

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz  BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa Şurası, Avropa İttifaqı, İSESCO və başqa təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin mühüm bir qismini mədəniyyət təşkil edir. Bu gün Azərbaycan dünyada  mədəniyyətlərarası,  sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesiregional təşəbbüsdən beynəlxalq platformaya çevrilib. Bakı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycanın dünyaya sülh mesajı olub.

 

2019-cu ildə Bakıda 4 mühüm beynəlxalq tədbir keçirilib. V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü  Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki tolerantlıq mühitindən  xəbər verir. Xüsusilə, Dünya Mədəniyyətlərarası Dialoq Forumu son 10 ildə beynəlxalq müstəvidə böyük nüfuz qazanıb. BMT-nin baş katibi  BMT-nin Baş Assambleyası tərəfindən bu Forum  dünyanın ən əsas qlobal platformalarından biri  elan edilib. Təbii ki, bu istiqamətdə keçirilən tədbirlər ölkəmizin mövqeyini daha da gücləndirir.

 

Göründüyü kimi, ölkəmiz son 10 ildə dinamik  və sürətlə inkişaf edirbu  tərəqqi mədəniyyət sahəsində də öz əksini tapır.

 

2020-ci il  çətinliklərlə dolu bir il oldu. Belə ki, dünyanı cənginə alan COVİD-19 pandemiyası ölkəmizdə həyatın ritmini dəyişdi. Ötən ilin sentyabr ayında Vətən müharibəsi başladı 44 gün ərzində uğurla başa çatdı, torpaqlarımız düşmən tapdağından azad edildi,  ədalət zəfər çaldı. İndi işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, düşmən tərəfindən dağıdılmış mədəniyyət abidələri bərpa olunur. Məsələn, mədəniyyət beşiyi olan Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpadan sonra  əvvəlki görkəmini alıb. Natəvan, Bülbül Üzeyir bəyin büstləri işğaldan əvvəlki yerlərinə qaytarılıb.

 

Ölkə başçısı davamlı olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər həyata keçirir, orada görülən işlərlə tanış olur, göstərişlərini verir. Tarixi, dini abidələr, mədəniyyət obyektlərinin bərpası da diqqət mərkəzindədir. Bu da təbiidir, çünki Azərbaycanı dünyada tanıdan, onun nüfuzunu daha da yüksəldən mühüm amillərdən biri mədəni-mənəvi sərvətimizdir.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 22 may.- S.9.