Naxçıvan Azərbaycanın ən inkişaf etmiş bölgələrindəndir

 

 

Müzəffər Ordumuzun 44 gün ərzində düşmənlə döyüş meydanında üz-üzə, göz-gözə savaşaraq qazandığı Böyük Qələbədə Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi, həmrəyliyi və Azərbaycan əsgərinin rəşadəti, şücaəti düşmənin müqavimətini qıraraq 30 illik həsrətimizə son qoydu. Bu möhtəşəm qələbədə hələ ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu Heydər Əliyev adına Hərbi Liseyin yetirmələri, Naxçıvan Xüsusi Təyinatlıları əvəzsiz qəhrəmanlıq və hünər göstərdilər.

 

Hələ 2004-cü ildə Naxçıvana birinci səfərində Prezident İlham Əliyev demişdir: “Biz ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar yolu ilə bərpa olunacaqdır. Biz buna çalışacağıq və sülh danışıqlarına sadiqik. Ancaq, eyni zamanda Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Əgər biz görsək ki, danışıqların heç bir nəticəsi yoxdur, bütün vasitələrdən istifadə edib torpaqlarımızı azad edəcəyik. Bunu etmək üçün güclü ordu lazımdır, vətənpərvərlik ruhu lazımdır, xalqın birliyi, iradəsi lazımdır. Bunların da hamısı var”.

 

Belə də oldu, biz qələbəni döyüş meydanında qazandıq və bu tarixi qələbədə Naxçıvan Xüsusi Təyinatlılarının rolu böyükdür... Bu fikirlər ölkə başçısının bu ilin mayında Naxçıvana səfəri zamanı çıxışlarında da səsləndirilib.

 

Muxtar Respublikanın bugünkü uğurları göz qabağındadır. Ölkə başçısı İlham Əliyevin respublikaya rəhbərliyi dövründə bir çox nailiyyətlərə imza atılıb. Onun ölkə rəhbərliyinə gəldiyi ilk dövrlə müqayisədə də bu irəliləyiş aydın görünür.

 

Tarixə qısaca nəzər salıb bir qədər əvvələ dönsək, muxtar respublikanın hər sahədə inkişaf dinamikasının şahidi olmaq mümkündür.

 

Öz qapılarını dünyanın bir çox ölkələrinə, şəhərlərinə açan Naxçıvan Beynəlxalq Hava Limanı müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, 2004-cü ildə istifadəyə verilmişdir. Tikintisinə başlanan ilk günlərdən inşaatını daim nəzarətdə saxlayan ulu öndərin istəyi köhnə hava limanından böyük çətinliklərlə istifadə edən, ancaq Bakıya “YAK” təyyarəsi ilə uçan naxçıvanlılara yüksək səviyyədə xidmət göstərə biləcək hava limanı bəxş etmək, Azərbaycanın bu qədim torpağını respublikanın, eləcə də dünyanın bir çox şəhərləri ilə bağlamaq idi. Ulu öndərin bu arzusu 2004-cü ildə reallaşdı. Çətin şəraitdə, blokadada yaşayan naxçıvanlılar üçün böyük əhəmiyyət kəsb edən beynəlxalq hava limanı həmin il istifadəyə verildi.

 

Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət daşıyan, 90-cı illərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyan, gündən-günə sürətlə inkişaf edən muxtar respublikada dünya standartlarına cavab verən beynəlxalq hava limanının tikilməsi Heydər Əliyevin, sözün əsl mənasında naxçıvanlılara hədiyyəsi idi. Avropanın bir çox hava limanlarından daha keyfiyyətli olan Naxçıvan Beynəlxalq Hava limanı Naxçıvanla Bakı arasında əlaqələri daha etibarlı etdi.

 

Hər bir dövlət üçün güclü ordu onun müstəqilliyinin qazanılmasında və qorunub saxlanmasında vacib amillərdəndir. Müstəqilliyinin ilk illərində güclü ordunun olmaması, ayrı-ayrı dəstələrdən ibarət birləşmələrin fəaliyyəti Azərbaycanı çox çətin vəziyyətə salmış, torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdu. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə ordu quruculuğunda dönüş yarandı. Azərbaycanın iqtisadi potensialı gücləndikcə orduya ayrılan xərclər də artırdı. Naxçıvanda da bu istiqamətdə çox böyük işlər görülür, blokadada, düşmənlə sərhəddə yaşayan naxçıvanlıların qorunması zəminində tədbirlər görülürdü. O vaxt, 1990-1993-cü illərdə erməni təcavüzkarları Naxçıvana hücum etmiş, bu torpaqları işğal altına salmaq niyyətində olmuşlar. Lakin ulu öndərin səyi nəticəsində düşmənin niyyəti baş tutmamışdı. Bu illərdə ümummilli lider Naxçıvanda yerləşən hərbi hissələrə böyük diqqət göstərir, Naxçıvanın qüdrətli orduya malik olması istiqamətində davamlı islahatlar aparırdı.

 

Həmin dövrdə Azərbaycanla əlaqələrin kəsilməsi, blokadada olması nəticəsində Naxçıvan tamamilə təbii qazsız qalmışdı. Azərbaycan ildə 4 milyard kubmetrdən artıq qaz idxal etdiyi halda, illik tələbatı 350-400 milyon kubmetr qaz ehtiyacı olan Naxçıvana qaz verə bilmirdi. 2004-cü ildə ölkə başçısı kimi Naxçıvana ilk səfərində çıxışlarının birində İlham Əliyev demişdir: “Naxçıvan Azərbaycanın yeganə diyarıdır ki, buraya təbii qazın verilməsi hələ mümkün deyil, qışda havalar soyuq keçir, bəzi hallarda elektrik enerjisinin verilməsində problemlər yaranır, amma biz bütün bu məsələləri həll edəcəyik, görüləcək tədbirlər nəticəsində bu məsələlər öz əksini tapacaqdır”.

 

Naxçıvanda əsas problemlərdən biri elektrik enerjisinin verilməsi idi. Belə ki, o vaxtlar respublikada sərf olunan 140 meqavat enerjinin 120 meqavatı İran Türkiyədən alınır, cəmi 20 meqavat enerji daxildə istehsal olunurdu. Naxçıvanı elektrik enerjisi ilə tam şəkildə təmin etmək məqsədilə layihələr həyata keçirilirdi.

 

Heydər Əliyevin düşünülmüş uzaqgörən siyasəti ölkə başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində bütün Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası müstəqilliyimizin ilk illərindən - 1996-cı ildən sonra sürətli inkişaf, dirçəliş dövrünə qədəm qoymuşdu. Bu dövrdən etibarən Naxçıvanın sosial-iqtisadi göstəriciləri yüksəlir, ümumi daxili məhsul, sənaye potensialı, yerli istehsal ildən-ilə artır, respublikanın bütün sahələrində quruculuq işləri gedirdi. Eyni zamanda respublikanın həyatı üçün vacib məsələlərdən biri - yeni yerlərinin açılması istiqamətində islahatlar aparılırdı.

 

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərində - 2004-cü ildə Naxçıvana birinci səfəri zamanı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, yüksək standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava limanı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yeni korpusu, Təbii Ehtiyatlar İnstitutunun binası, Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, yeni kompüter tomoqrafiyası kabineti, kitabxana, ümummilli liderin təşəbbüsü ilə tikilən onun adını daşıyan orta məktəb, üzgüçülük kompleksi, mədəniyyət səhiyyə ocaqlarının açılışı olmuşdu. Naxçıvanın kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyəti olan Vayxır Su Anbarı da bu dövrdə tikilib istifadəyə verilmişdi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-2008-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu illərdə Naxçıvanda uğurla icra olunurdu.

 

Azərbaycanın qədim torpağı olan Naxçıvan bu gün öz inkişaf dövrünü yaşayır. Bu inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə qoyulmuşdu. Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsində bu gün Naxçıvan böyük həcmdə özünü təmin edir, burada iri sənaye müəssisələri, yeni infrastruktur obyektləri tikilir, bütün sahələrdə genişmiqyaslı işlər aparılır. Keyfiyyətli yollar salınır, içməli su layihələri muxtar respublikanın üç şəhərini əhatə edir. Vaxtilə tamamilə qaz təchizatı olmayan, elektrik enerjisinin verilməsində böyük fasilələr olan muxtar respublikada bu gün qazlaşdırmanın elektrik enerjisi təchizatının səviyyəsi yüz faizə çatıb.

 

Muxtar respublikada sənaye, kənd təsərrüfatı sahələrində yüksək inkişaf tempi müşahidə olunur. Təkcə bunu demək kifayətdir ki, Naxçıvan son 20 il ərzində iqtisadi artım templərinə görə aparıcı bölgəyə çevrilib. Respublikada Ümumi Daxili Məhsul 10 dəfədən çox artıb. Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanın öz əhalisini südçülük sahəsində tam təmin edəcəyinə zəmanət verir. Böyük turizm potensialı olan muxtar respublikada yeni uçuş-enmə zolağının açılışı gələcəkdə Naxçıvana gəlmək istəyən xarici qonaqların sayını daha da artıracaq.

 

Bu gün Naxçıvan Azərbaycanın ən inkişaf etmiş bölgələrindəndir. Bu ilin may ayında ölkə başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 15-ci səfəri zamanı bir sıra sosial-iqtisadi obyektlərin açılışında qeyd etdiyi bu fikirlər muxtar respublikanın bütün sahələrində özünü göstərir. Ölkə başçısı demişdir: “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silahtexnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir... İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

 

Son illər ərzində muxtar respublikada bütün hərbi hissələrin yenidən qurulması, eyni zamanda yeni hərbi hissələrin yaradılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması— bütün bunlar həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi gücünün göstəricisidir.

 

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 15-ci səfəri zamanı əlamətdar hadisələrdən biri də Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Hərbi Aerodromun açılışı olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin, ölkə başçısını tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunun tikintisi də yaxın vaxtlarda həyata keçiriləcək.

 

Səfər çərçivəsində “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olan ölkə başçısı bu təsisatın ictimai xidmətlər sahəsində çox önəmli olduğunu vurğulamış və sosial təminat və pensiya təminatı sahələrində Azərbaycanın milli brendi olan DOST Mərkəzinin Naxçıvanda da yaradılmasına göstəriş vermişdir.

 

Bəli, bu gün Naxçıvan qədimliklə müasirliyin sintezində sürətlə inkişaf edir, yaşayır, gündən-günə güclənir və tarixə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevi bəxş edən ulu torpaq kimi xoş gələcəyə inamla addımlayır.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 22 may.- S.1:3.