Nizami Gəncəvi-880: dünyada Azərbaycan mədəniyyətinə verilən yüksək dəyər

 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-PeterburqdaRomada möhtəşəm heykəlləri ucaldılmışdır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir.

 

Qeyd edək ki, bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilib, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olub. Nizami Gəncəvi irsinin 1970-ci illərdən öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açıb. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaradıb. Ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Onu da qeyd edək ki, Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadisosial böhran buna imkan verməyib. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə 23 dekabr 2011-ci il tarixli Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayaraq silsilə şəkildə geniş qeyd edilib.

 

Belə bir deyim var: “Nizami Gəncədə doğuldu, Azərbaycan göylərinə qalxdı və bütün dünyaya işıq saçdı”. Nizami Gəncəvinin Azərbaycan, o cümlədən dünya mədəniyyət və ədəbiyyat tarixində tutduğu yeri möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə yüksək qiymətləndirib, böyük məhəbbət və ehtiramla, fəxarətlə qeyd edib.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qüdrətli sözfikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq 2021-ci ilNizami Gəncəvi İlielan edilmişdir. Qeyd edək ki, ədəbiyyatşünasların fikrincə, bu sərəncam Nizaminin dünya şöhrətini bir daha təsbit edən konseptual sənəddir. Nizami Gəncəvi irsinə verilən bu dəyər xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

 

Zabit XƏLİLOV

 

Respublika.- 2021.- 23 may.- S.7.