Azərbaycan müxtəlif xalqlar və dinlər üçün doğma bir məkandır

 

“Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?” 2008-ci il iyunun 10-da Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən Beynəlxalq forumdakı çıxışında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bütün bəşəriyyətə ünvanladığı bu suala əslində o, çoxcəhətli fəaliyyəti ilə həm də cavab verir. Belə ki, o dünyanın 10-a yaxın ölkəsinin birinci xanımının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirak etdiyi bu konfransda mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsinin vacibliyini və əldə edilə biləcək nailiyyətləri bir platforma kimi ortaya qoydu.

 

 

 

Müzakirələrdə çıxış edən qonaqlar Azərbaycanın bir türk və müsəlman ölkəsi kimi Mədəniyyətlər və Sivilizasiyalararası dialoqda böyük rol oynadığını vurğulamaqla, həm də Bakının Qərblə Müsəlman dünyası arasında əsas qapı kimi mühüm əhəmiyyəmalik olduğunu qeyd etdilər. Ötən illərdəki fəaliyyəti ilə Mehriban xanım Əliyeva bu dialoqa nail olmağın yollarını, həm də qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərə bildi. Həyat göstərdi ki, maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına zəmin yaradır.

 

Bu gün siyasiiqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan İlham Əliyevin quruculuq fəaliyyəti birinci ledinin mədəni-mənəvi dəyərlərimizin qorunub- saxlanması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bu da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.

 

Təsadüfi deyildir ki, bu gün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş olan Bakıda toplaşır və dinlərin dialoqu çərçivəsində və bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli aparılır. Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində böyük işlər görür. Fondun mədəni və dini irsin bərpasında da xüsusi rolu var. Belə ki, fondun dəstəyi ilə 2005-ci ildə Cavad xanın qəbri üzərində ucaldılan məqbərə, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin, Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, 2007-ci ildə Mərdəkan Mədəniyyət Sarayının, 2008-ci ildə Gəncə qapılarının ilkin şəkildə qurulması, Ağcabədidə Qarabağ Muğam Mərkəzinin, Bakıda Beynəlxalq Muğam Mərkəzinin, 2009-cu ildə Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşası, Bakı Müasir İncəsənət Muzeyinin yaradılması və s. bu istiqamətdə görülən işlərin yalnız bir qismidir.

 

Fond xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində də fəaliyyət göstərir. 2006-cı ildə Gürcüstanın Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətləri-Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin təmiri, Vatikanda Roma katakombalarının, Moskvada M.İ.Rudamino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofuhumanisti M.F.Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, 2012-ci ildə Romanın Villa Borgeze parkında N.Gəncəvinin abidəsinin ucaldılması, 2013-cü ildə Romada Kapitolini MuzeyininFilosoflar zalı”nın təmiri və s. işlər həyata keçirilib.

 

2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işləri aparılıb. Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulub. 2007-ci ildə Bakıdakı Müqəddəs Məryəm kilsəsində təmir, bərpa işləri aparılmış, kilsənin asma tavanı bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadı dəyişdirilmişdir. Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, eyni zamandaXabad-Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir. 2009-cu ildə Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmiş, 1320-1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatını əks etdirən panno işlənilmişdir. 2011-2012-ci illərdə Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayrılmış, 2013-cü ildə Rusiya Federasiyasının Həştərxan şəhərində Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır.

 

Göründüyü kimi, Heydər Əliyev Fondunun Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönəlmiş fəaliyyəti çoxşaxəlidir və bu, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub-saxlanması və inkişaf etdirilməsini, bütün dini konfessiyalara dövlət dəstəyini əks etdirir.

 

Bu il may ayının 15-də ölkə Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri çərçivəsində Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində mövcud şəraitlə tanış olması, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etməsi də tolerantlıq ənənələrinə sadiqliyin bariz nümunəsidir.

 

Qeyd edək ki, Müqəddəs Məryəm Ana kilsəsində 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı başa çatdırılmışdır. Yenidənqurma zamanı tikilinin 50 faizində kərpic və daşlar bərpa olunmuş, həmçinin həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaqüç gölməçə yaradılmışdır. Kilsənin tavanı, döşəməsi dəyişdirilmiş, onun XII əsrə aid olan aşağı hissəsi qismən, 1898-ci ildə tikilən ikinci hissə də tam bərpa olunmuşdur. Bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılmış, daxilixarici tərtibata heç bir xələl gətirilməmişdir. Kilsədə görülən işlərlə tanış olan ölkə başçısı İlham Əliyev demişdir: “Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”. Prezident İlham Əliyev Şuşada keçirilən “Xarıbülbül” festivalında bir çox xalqların, o cümlədən udi xalqının nümayəndələrinin çıxışını xüsusi qeyd edərək demişdir ki, “Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır”.

 

Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Sovet dövründə fındıq anbarı kimi istifadə edilən kilsə müstəqillik dövründə təyinatı üzrə fəaliyyətə başlayıb. Ermənilər buranı da özününküləşdirməyə çalışmışdılar, lakin kilsə alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa olunmuş, hələ XIX əsrdə bütün alban tarixi mirasını özününküləşdirmək istəyən ermənilərin daha bir saxtakarlığı ifşa edilmişdir.

 

Mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Nic qəsəbəsindəki Müqəddəs Yelisey adına Cotari kilsəsində də oldular, burada şam yandırdılar.

 

Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib.

 

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.

 

Bəli, bu azsaylı xalqlara dövlət dəstəyinin bir nümunəsidir. Cotari kilsəsində olarkən yerli sakinlərdən birinin Prezidentə dediyi: “Sizin dəstəyinizi hər yerdə görürük, bu, bizim üçün çox xoşdur” sözləri də bunu təsdiq edir. Bir sözlə, demək olar ki, sivilizasiyalara, xalqlara, ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa hər cür imkan var, təki bunun üçün istək olsun. Birgə, mehriban yaşamaq istəyi isə həm də dünyamızın yeganə xilas yoludur. Bunun üçün bir “hə!” demək yetər!..

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 25 may.- S.5.