İdmanda qazanılan uğurlar Azərbaycanın dinamik inkişafı ilə paralellik təşkil edir

 

Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olanların sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

 

 

Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Ümummilli liderin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Bu baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna rol oynayır. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir.

 

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrü xatırlasaq görərik ki, 1990-1993-cü illərdə Azərbaycanda idman tamamilə bərbad hala salınmış, demək olar ki, yox səviyyəsində idi. Yalnız ulu öndər Heydər Əliyevin ölkəyə qayıdışından sonra idmana və idmançılara diqqət və qayğı artdı.

 

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, eləcə də ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.

 

1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etmişdir ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu siyasətin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirmişdi.

 

Ümumiyyətlə, qeyd etməliyik ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Onun idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsində də mühüm işlərə start verildi.

 

Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin bu sahədə fəaliyyəti hələ Azərbaycan Prezidenti olmadığı illərdən səmərəsini, bəhrəsini verdi. 2000-ci ildə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurları bu nailiyyətlərin memarı kimi İlham Əliyevin liderlik rolunu təsdiqlədi, onun Azərbaycan naminə fəaliyyətinin potensial imkanlarını bir daha əyani nümayiş etdirdi.

 

2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atdı.

 

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir.

 

Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar.

 

Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artır. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman strukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.

 

Ötən son 10 il ərzində idman sahəsindəki uğurlarımıza nəzər salsaq qazanılan medalların artan tempini görürük. 2010-cu ildə yeniyetmələr arasında ilk dəfə Sinqapurda təşkil edilən Yay Olimpiadasında 5-i qızıl və 3-ü gümüş olmaqla 12 yeniyetmə idmançımızdan 8-i vətənə medalla döndü. Bu nəticələrə görə ölkəmiz 204 ölkə arasında 11-ci yeri, iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən ölkələr sırasında 2-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutdu. Bu isə ölkədə yeni nəsil idmançıların yetişdirilməsi, əhali arasında bədən tərbiyəsi və idmanın dayaqlarının möhkəmləndirilməsinin əsas göstəricilərindən biri kimi qəbul edilə bilər.

 

2010-cu ildən bəri ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlara diqqət yetirək: 2010-cu ildə Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən gənclər arasında boks üzrə dünya çempionatı. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa Çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-Roma güləşi üzrə mübarizə aparıb.

 

Ölkəmizdə daha bir idman yarışı da Cüdo üzrə “World Masters” beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVİ Dünya Çempionatı da 2011-ci il sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.

 

2012-ci ilin “İdman ili” elan edilməsi də idmançılar üçün böyük töhfə oldu. Bu ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Dünya çempionatı keçirilib. 21-27 avqust tarixlərini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr-13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub ki, bu da Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda keçirilən yarışlardan biri də “GT 3 və klassik Formula-1” yarışıdır. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların “City Challenge” Bakı avtoparadı təşkil olunub. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.

 

Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətində başa çatdırdı. Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı: “Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb və Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazanıb və Avropa Oyunlarını 47 medalla başa vurublar.

 

Azərbaycan 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2016-cı ildə şahmat üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib. Xüsusi vurğulamaq lazımdır ki, 2019-cu il çox əlamətdar bir il olmuşdur. Təkcə bu ildə idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bayrağımızı yüksəklərə qaldırıblar. Bu və digər çoxsaylı misallar təsdiq edir ki, Azərbaycan tarixi və mötəbər tədbirlərə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirib, müstəqil və güclü bir ölkə olduğunu sübut edib.

 

Qeyd edək ki, 2020-ci il dünya idman və idman ictimaiyyəti üçün o qədər də uğurlu olmadı. İlin əvvəlindən yayılmağa başlayan koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, idmana da təsirini göstərdi. Bu ildə planlaşdırılan bir çox böyük idman tədbirləri ləğv olunaraq növbəti ilə keçirildi. Bunlar arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunları, Futbol üzrə Avropa Çempionatı və digər mötəbər yarışlar var. Bununla belə ayrı-ayrı idman sahələrinə aid qurumlar yarışların daha təhlükəsiz şəkildə baş tutması üçün bir çox vacib qərarlar qəbul etməklə turnirlərin keçirilməsini təşkil etdi. Belə idman növləri daha çox açıq hava şəraitində keçirilən yarışlar idi. Azərbaycan da koronavirusdan əziyyət çəkənlər sırasında idi. Bu ildə bir çox ölkədaxili və beynəlxalq turnirlərin keçirilməsi planlaşdırılsa da, bu, baş tutmayıb. Təkcə Gimnastika Federasiyasında Dünya Çempionatı da daxil olmaqla 3 yarış təxirə salınıb, 2 Avropa Çempionatının keçirilməsi isə Bakıdan digər ölkəyə keçirilib. Ləğv olunan yarışlar arasında Karate üzrə Avropa Çempionatı da var. Bundan başqa, siyahıya Formula-1 üzrə Azərbaycan Qran-Prisi, futbol üzrə Avropa Çempionatının görüşləri də daxildir. Bu il həmçinin Azərbaycan idmanı və idman ictimaiyyəti üçün qürurlu bir il olaraq yaddaşlarda qaldı. Sentyabr ayının 27-dən etibarən haqlı mübarizəmiz üçün Vətən müharibəsində bir çox idmançı, məşqçi və idman jurnalistləri könüllü olaraq döyüşlərdə iştirak etdi. Döyüşlər zamanı idmançılar arasında şəhid və qazilərimiz var. Bəli, hər bir tarixi hadisə özünəməxsus taleyini yaşayır. Lakin yaşanan taleyin də öz tarixi olur...

 

Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.

 

Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var.

 

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

 

 

 

Nurəngiz ADİLQIZI

 

Respublika.- 2021.- 26 may.- S.4.