Xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi

 

 

Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın tarixində deyil, bütün müsəlman aləmində ilk demokratik respublikadır. Xalqımızın azadlıq, istiqlaliyyət və dövlət quruculuğu tarixində onun rolu əvəzsiz olmuşdur. Xalqımız öz tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir.

 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü kimi, Azərbaycanın dünya birliyində layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməyə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi. Dövlət strukturlarında və ictimai həyatın əsas sahələrində o dövrə məxsus Avropa standartlarının tətbiqi Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yüksək siyasi səviyyəsindən, demokratik prinsiplərə sadiqliyindən xəbər verirdi. Ölkədə yaşayan müxtəlif millətlərin və milli azlıqların hüquqlarına hörmətlə yanaşılması da bu dövlətin demokratik mahiyyətinin çox mühüm göstəricisi idi.

 

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə - XIX əsrin sonu XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi fikirli övladları, ziyalıları xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”.

 

1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süquta uğrasa da, ilk demokratik respublika həm dünya tarixinə, həm də xalqımızın qan yaddaşına əbədi həkk olundu və sonrakı nəsillər üçün mübarizə simvoluna çevrildi. Milli dövlətçilik tariximizin bu şərəfli səhifəsini yaşadanistiqlal arzularını daim müqəddəs tutan xalqımız XX əsrdə ikinci dəfə azadlığını qazandı və dövlət müstəqilliyini bərpa etdi.

 

1991-ci il oktyabrın 18-də “Azərbaycan dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu. Bu, dünyanın qlobal inkişaf proseslərinin təsiri altında keçmiş SSRİ imperiyasının dağılması nəticəsində yaranmış ictimai-siyasi şəraitdən irəli gələn, həmçinin milli şüurumuzdakı oyanışdan, suverenlik əzmindən qaynaqlanan əlamətdar tarixi hadisə idi. Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətin səriştəsiz və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə ilə üzləşdirmişdi.

 

Əlbəttə, Heydər Əliyev kimi dünya şöhrətli, Vətənini, xalqını bütün varlığı ilə sevən, fenomenal təşkilatçılıq və idarəçilik istedadına malik şəxsiyyətin bu prosesdən kənarda qala bilməzdi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ənənələrinin bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr və 1995-ci ilin 2 mart hadisələri zamanı Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi.

 

Ulu öndərimiz siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının  yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiyasında Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları təsbit olundu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın ilk konstitusiyası kimi tarixə düşdü.

 

1995-ci ildə müasir müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkan açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda istinad mənbəyi rolunu oynadı. Bununla da dünya dövlətləri arasında özünəlayiq yer tutması beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində daha fəal və geniş fəaliyyətin əsası qoyuldu.

 

Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan hərtərəfli inkişaf edirulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azadrifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdə olmaqla, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunur.

 

Ağacan ABİYEV,

Əməkdar elm xadimi, professor.

 

Respublika.- 2021.- 26 may.- S.8.