Naxçıvan əfsanələr diyarı, qədim mədəniyyət mərkəzidir

 

 

Qədimliyi və təbii gözəllikləri ilə Ana yurdun — Azərbaycanın qoynunu gülüstana döndərən, təbii sərvətlər muzeyi, elm, incəsənət beşiyi, igidlər oylağı, Şərqin qapısı, qədim Naxçıvan... Təmiz havası, bol nemətli bağı, dağı, min bir dərdə dərman gül-çiçəkli düzləri, saf, şaqraq bulaqları, başı buludlara dəyən vüqarlı dağları... Təbiət bu yerlərə bütün gözəlliklərini səxavətlə verib. İnsan təsəvvürünə belə gətirə bilmədiyi əvəzolunmayan yeraltı, yerüstü sərvətləri, zəngin relyefi, flora, faunanı görəndə bu qədim yurd yerini ilahinin möcüzəsi və eyni zamanda bəxşişi adlandırır.

 

 

 

Çoxəsrlik tarixi, mədəniyyət nümunələri, qonaqpərvərlik ənənələri və zəngin təbii ehtiyatları ilə Naxçıvan əlverişli turizm potensialına malik qədim diyardır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatun məqbərəsi, orta əsrlərin memarlıq nümunəsi - Qarabağlar Türbə Kompleksi, xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi adlanan Yusif Küseyir oğlu türbəsi, dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biri olan Gülüstan türbəsi kimi yüzlərlə qədim mədəniyyət abidələri bu diyara əsrlərin, qərinələrin yadigarıdır. Yaşı 800 ildən artıq olan Şərq çinarı, Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı qayaüstü təsvirlərdən ibarət, qədim insanların ilk məskunlaşdığı yaşayış yeri-Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə Qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göygöl, dini-mədəni kompleks olan “Əshabi-Kəhf” qədim Naxçıvanın analoqu olmayan turizm potensalıdır. Naxçıvan şəhərinin 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi də onun zəngin tarixə və mədəniyyətə malik olmasından qaynaqlanır.

 

Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir.

 

Muxtar respublikanın kəndlərində yaradılmış unikal şərait - rahat yol, müasir infrastruktur obyektləri, hər şeydən əvvəl, burada kənd turizminin inkişafı üçün də əlverişlidir. Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar vardır. Bu baxımdan respublikanın dilbər guşələrindən biri olan Şahbuz rayonunun Ağbulaq kəndi səfalı təbiəti, bənzərsizliyi, hər fəslinin öz füsunkarlığı ilə göz oxşayır. Buranın təbiəti, havası və müasir infrastrukturu, aparılan abadlıq-quruculuq işləri kənddə ilin bütün fəsillərində dağ-kurort turizminin inkişafı üçün yararlıdır. Bütün bunların fonunda isə kənddə Ağbulaq İstirahət Mərkəzi yaradılmış, qış turizminin inkişafı sahəsindəki imkanlar nəzərə alınaraq dağ-xizək mərkəzi qurulmuşdur. Bura qış turizmi ilə yanaşı, yay turizmi üçün də əlverişli məkandır. Ağbulaq İstirahət Mərkəzi yerlixarici turistlərin ən çox üz tutduğu yerlərdən biridir.

 

Naxçıvan Muxtar Respublikasında mövcud olan dinimilli xüsusiyyətləri özündə əks etdirən tarixi abidələr, rəngarəng təbiət mənzərələri, təmiz iqlim, mineral sular və onların əsasında yaradılmış sanatoriya tipli müalicə mərkəzləri burada ekoturizmlə yanaşı, etnik və inanc turizminin də inkişafına geniş imkanlar yaradır. Muxtar respublika dini ziyarətgahlarla zəngindir. Buradakı pirlər, imamzadələr içərisində müqəddəs Qurani Kərimin “Əl-Kəhf” surəsində haqqında bəhs edilən “Əshabi-Kəhf” ziyarətgahı hər kəsdə maraq oyadır. Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda, Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgah ən qədim zamanlardan müqəddəs yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan, dünya əhəmiyyətli dini-mədəni kompleks kimi siyahıya salınan “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir.

 

Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala adlanan ərazidə yerləşən Nuhun qəbri ilə bağlı əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə “Nəbi yurduadlanan yaylaq yerinin və yaxınlıqda “Nuhdabanadlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapır. 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır. VIII-XII əsrlərə aid memarlıq abidəsi olan Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin çox ziyarət etdikləri məkanlardandır.

 

Ümumilikdə 1200-dən çox daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınan muxtar respublikada eyni zamanda otuz muzeybir rəsm qalereyası fəaliyyət göstərir. Daşınan tarix-mədəniyyət abidələrinin qorunub saxlanıldığı bu muzeylər də turistlər üçün böyük maraq kəsb edir. Turizm sahəsi hər ötən il daha da inkişaf edən Naxçıvan öz tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələri, qonaqpərvərliyi ilə dünyanın istənilən ölkəsindən bura gələn hər kəsi heyrətləndirir. Muxtar respublika turizmində öndə gedən sahələrdən biri də müalicə turizmidir. 1979-cu ildən insanların sağlamlığının keşiyində dayanan, uzun illər duz hasilatı məkanı olan Duzlu dağın dərinliyində yerləşən, bənzərsiz təbii şəfa mənbəyi olan, muxtar respublikada publik hüquqi şəxs statusu almış ilk səhiyyə ocaqlarından biri Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün hər cür şərait yaradılıb. Hər il orta hesabla 3500-4000 pasiyentin müalicə aldığı bu mərkəzə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə kimi xarici ölkələrdən gələnlərin də sayı az deyil. Şəfa tapmaq üçün bura üz tutan insanlar Naxçıvanın qədim tarixi, zəngin mədəniyyəti ilə də tanış olurlar. Axı, Duzdağ təkcə müalicə mərkəzi deyil, həm də Naxçıvanın qədim mədəniyyətini özündə əks etdirən tarixi məkandır. Bu amil nəzərə alınaraq son illər burada Duz Muzeyi də yaradılıb. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir.

 

Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla çox zəngindir. Təsadüfi deyil ki, bu diyarı dünyanın təbii və mineral sular muzeyi də adlandırırlar. Muxtar respublikanın müalicə turizmində əhəmiyyətli rol oynayan, müxtəlif kimyəvi tərkibə və temperatura malik 230-a yaxın mineral su mənbəyi mövcuddur. Kimyəvi tərkibinə və rəngarəngiliyinə görə seçilən bu sular tarixən həm süfrələrin bəzəyi olmuş, həm də müalicəvi su kimi istifadə edilmişdir.

 

Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 62 km məsafədə, Kiçik Qafqaz dağlarının yamacında, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşən, müalicəvi iqlimə malik kurort zonası-Batabatı Naxçıvanın simvolu adlandırırlar. Dağında, təpəsində min bir gözəlliyin cəm olunduğu təbiətin bu dilbər guşəsi elə cənnətin özüdür. Dünyanın müxtəlif yerlərindən insanlar təbiətin öz əli ilə yaratdığı, füsunkar gözəlliyi ilə hər kəsi heyran edən bu ecazkar təbiətin qoynunda dincəlməyə gəlirlər.

 

Bu gün turizm sektorunda keyfiyyət və kəmiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyan, zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu baxımdan muxtar respublikada iqtisadi-sosialekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, turizm potensialından istifadə daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaqdadır. Bu gün bu ecazkar diyarda hələ sovet dövründə aşkar olunmuş duz mədəni, aktiv arsen elementinin olduğu müalicəvi mərkəz, Haçadağın möhtəşəm zirvəsi, dramatik qayalıqları, Araz vadisinin cəlbedici mənzərəsi, bir-birindən zəngin muzeylər, Qarabağ kəndində mozaika ilə bəzədilmiş məşhur türbə, mənzərəli vadilərdə bir sıra orta əsr körpüləri, ekzotik, klassik üslubda hazırlanmış Şərq hamamı, Batabat gölündə üzən adalar təbiətin bu torpaqdan heç nəyi əsirgəmədiyini bir daha isbat edir.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 26 may.- S.9.