Milli və mənəvi iftixarımız

 

 

Milli tariximizin acılı-şirinli məqamları çox olub. Ermənilərin Qarabağımızı işğal etməsinin, zaman-zaman bizi öz doğma yurd-yuvamızdan didərgin salmalarının, vətəndaşlarımızı uşaqlı-böyüklü xüsusi amansızlıqla qətlə yetirmələrinin, bəşəri cinayət olan Xocalı faciəsinin və digər qəddarlıqların tariximizdən gələn fəryad səslərini bu gün də eşidirik.

 

 

 

Dahilərinin “güllələnərək” bir müddət əsarətdə saxlanılmasının, tarixi, dini, mədəni abidələrinin dağıdılmasının məşəqqətlərini yaşayan Şuşamızın, bütünlükdə Qarabağ torpağının çəkdiyi ağrıları təsəvvür etmək mümkün deyil. Bu ağrı başqa ağrılara, acılara bənzəməz. Bütün bu əzab-əziyyətin bir məlhəmi vardı: Qarabağı azad etmək. Milli qeyrət, cəsarət, qətiyyət göstərən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz, qəhrəman xalqımızla əl-ələ verərək ədaləti bərpa etdi. Şuşamız, Qarabağımız işğaldan azad olundu. İndi o yerlərə dönmək zamanıdır...

 

İşğaldan azad edilmiş ərazilərə mütəmadi şəkildə səfər edən Prezident o yerlərin qurtuluşu ilə nə qədər qürur duysa da, şəhər və kəndlərimizin xarabalığa çevrilməsindən doğan kədərini də gizlətmir. Amma dövlət başçımız azadlığına qovuşmuş bütün torpaqlarımızda infrastrukturun əvvəlkindən də yaxşı, müasir üslubda yaradılacağını da dilə gətirir. Xalq isə ölkəmizə rəhbərliyi dövründə verdiyi sözləri həmişə gerçəkləşdirmiş Prezidentinin o yerləri gülüstana çevirmək vədini də mütləq reallaşdıracağına əmindir. Bu işdə hamı fəal iştirak etməlidir.

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Xarıbülbül” musiqi festivalı işğaldan azad olunmuş ərazilərdə ilk mədəni tədbir olsa da, əslində onun siyasi, strateji mahiyyəti də aydın görünür. Bu, onu göstərir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: “Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır” - deyən ölkə başçısı həm də işğal altında olsa belə heç vaxt unutmadığımız, qəlbimizdə yaşatdığımız yurd yerlərimizi bərpa edəcəyimizi dilə gətirir.

 

Ermənilərin dini abidələrimizi, ziyarətgahlarımızı, məscidlərimizi dağıtmasını bütün İslam dünyasına, İslam dininə qarşı hörmətsizlik, təhqir kimi dəyərləndirən Prezident bu acı həqiqəti təəssüf hissi ilə qeyd edərək bir daha bəyan etdi: “Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı”. Dinimizə, imanlı şəxslərə hörmətlə yanaşan dövlət rəhbəri ürəyində, qəlbində ucaltdığı Allah evini işğal olunmuş torpaqlarımızda ilk dəfə bir neçə il öncə azad edilmiş Cocuq Mərcanlıda reallığa çevirə bildi. Belə ki, bu ərazidə Şuşada ermənilərin dağıtdığı məscidin eynisi tikildi. Hələ o zaman məscidin açılışında çıxış edərək Prezident belə bir məscidin Şuşada da tikiləcəyini bildirmişdi.

 

Müqəddəs Ramazan ayının sonuncu günü, may ayının 12-də yeni bir məscidin təməli qoyuldu. Həmin gün ölkə başçısı xalqı qarşısında verdiyi daha bir vədə əməl etdi. Vaxtilə Məkkədə Allah evini ziyarət edərkən Şuşada məscid tikdirməklə bağlı duaları da müstəcəb olmuşdu...

 

Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi inşa ediləcək. Məscidin iki minarəsi, mozaika ilə bəzədilmiş günbəzi olacaq və onun layihələndirilməsini azərbaycanlı və italyan memarları birgə həyata keçiriblər. Bu mədəniyyət abidəsinin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

 

Onu da qeyd edək ki, vaxtilə Şuşa şəhərində 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri isə yarıdağıdılmış vəziyyətdə olub. Qələbədən sonra dövlət başçısının göstərişi ilə bu məscidlərdə təmir işlərinə başlanılıb. Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Uzun fasilədən sonra Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı, azan səsi eşidildi.

 

May ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Yuxarı Gövhərağa məscidində oldular. Dövlətimizin başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verildi: Bildirildi ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olub.

 

Şuşada inşa edilən məscidlər şəhər memarlığının xüsusiyyətlərinə uyğun bir üslubda tikilib. Yeni məscidin layihəsi hazırlanarkən bu nüanslar da nəzərə alınıb. Ölkə başçısının tövsiyəsinə əsasən hazırlanan layihədə məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki Şuşanın taleyində, ümumiyyətlə Azərbaycan tarixində 8 rəqəmi əhəmiyyətli rol oynayır: “... noyabrın 8-də Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür” - deyən dövlət başçısı məscidin memarlıq elementləri barədə də fikir söyləyib: “Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıblar...”.

 

Məscidin təməlqoyma günü də təsadüfən seçilməmişdi, çünki mayın 13-ü müqəddəs Ramazan bayramı qeyd olundu. Prezidentin dediyi kimi, qədim Şuşa şəhərində, məhz bayram ərəfəsində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır.

 

Ümumiyyətlə, ermənilər işğal olunmuş ərazilərdə dağıntı işlərini məqsədli şəkildə aparıblar, onlar bununla tarixi yaddaşı silmək istəyiblər. Bu yerlərdə azərbaycanlı izini itirməyə çalışan düşmən hər cür saxtakarlığa əl atıb. Məsələn, Şahbulağın lap yaxınlığına saxta daşlar qoyub oranı “Tiqranakert” adlandırıblar. Kəlbəcərdə mövcud olan qədim kilsələrə də daşlar qoymaqla onların da ermənilərə məxsus olduğunu sübut etməyə çalışıblar, lakin nə qədər çalışsalar da məqsədlərinə çata bilmədilər: “Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlər dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu” - deyən ölkə başçısı eyni zamanda işğaldan azad olunmuş ərazilərdə həyatın əvvəlki axarına dönəcəyinə, daha yaxşı olacağına əminliyini ifadə edir.

 

30 illik işğal dövründə erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri, İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Həmin ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür münasibət əslində dünya mədəni irsinə qarşı yönəlmiş təhdiddir. Bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə ermənilərin münasibətinə beynəlxalq təşkilatlar, xarici dövlətlər laqeyd qalmamalıdırlar. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

 

Bəli, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb, erməni vandalizminin qurbanı olan tarixi, dini, mədəni abidələr bərpa edilir. Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidinin bərpası, şəhərin ən hündür yerində yeni məscidin tikintisinə başlanılması və digər bölgələrdə bu istiqamətdə görülən işlər onu göstərir ki, çox qısa zamanda Qarabağda dağıdılan infrastruktur əvvəlkindən də yaxşı olacaqdır. Elə ölkə başçısının Şuşaya səfəri çərçivəsində 1 saylı ümumtəhsil məktəbinin təməlinin qoyulması da deyilənlərin məntiqi davamıdır.

 

1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.

 

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

 

Əlbəttə, ermənilərin 30 il müddətində dağıdıb məhv etdiklərini bərpa etmək üçün zaman gərəkdir. Biz birlikdə bu işi də bacaracağıq!..

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 27 may.- S.1;3.