Ləyaqət və qayıdış bayramı

 

8 noyabr 2020-ci il. Çox günlər görmüşəm otuz ildən bəri, ancaq, bu günün əvəzi dünyada yoxdur. Həmin gün başdan-başa nura, şəfəqə büründü. Çünki mizanı müqəddəs, mayası haqq idi.

 

Qalib Ali Baş Komandan Zəfər xəbərini xalqa çatdıranda inanın ki, hamı kimi mən də atılıb-düşdüm. Qələbə sevincindən, qürurdan, fəxarətdən göz yaşlarım sel kimi axdı.

 

 

 

Elə bil yenidən doğuldum, bir də baxdım ki, dikəldi məmləkət, qalxdı, durdu, bax elə onda da düşmən uduzdu. Neyləmək olardı, torpaqlarımızı düşməndən azad etmək üçün bir addım əcəl oldu, bir addım da zəfər. Zəfərin mübarək olsun, Vətən deyərək gözümdən doğuldum mən yer üzünə. Təzədən göz açdım, yaşadığım ağır illərin kürəyini yerə vurdum, Qarabağı, Şuşanı, doğulduğum kəndi gördüm, Vətəni bütöv gördüm. Bundan artıq xoşbəxtlik yoxdur dünyada...

 

Şuşada dəfələrlə olmuşam, ötən əsrin 70-80-ci illərində, bu şəhər mənim üçün doğma idi, ürəyimin, qəlbimin şüşəsi idi...

 

Onda Şuşa qoynunda bizə yer verərdi, doyunca gəzərdik, Cıdır düzündə, İsa bulağında, Ərimgəldidə, Zarıslıda, bəzən dumanında, çənində azardıq, yağış bizi yuyub sərərdi, sonra gün işığında qurulanardıq. Duman dağların başından elə bil sürünərək şəhərin üstünə çökərdi. Sonra Şuşanın başı üzərinə başqa bir duman çökdü. Xain düşmən torpaqlarımıza təcavüz etdi.

 

Şuşanın ən ağır günlərində, 1992-ci ilin yanvar ayında bu şəhəri qaşqabaqlı gördüm, namərdlərin xəyanəti nəticəsində qalanın dizi büküldü, sinəsindən ağır zərbə aldı.

 

Uzun illər ərzində Prezident İlham Əliyevin həmişə xalqa müraciətində aşağıda qeyd etdiyimiz fikir qırmızı xətt kimi keçib: Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.

 

Ən əsası isə Prezidentin bu qətiyyətli mövqeyi bu gün xalqımıza qələbə sevinci yaşadır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman oğullarının fədakarlığı sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. İnsanların inamı öz təsdiqini tapdı, ümidlər doğruldu.

 

Bu şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaq. Qalib Ali Baş Komandan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında bu tarixi qələbəyə nail olub. Fədakarlıq göstərib, qətiyyət göstərib, iki cəbhədə döyüşüb, dəmir məntiqi çoxlarının sifətinə sillə kimi çırpılıb.

 

Rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində düşmənin murdar tapdağından azad edib. İgidlərimiz ən keçilməz sədləri aşaraq düşmən ordusunu darmadağın edərək işğalçılara ağır zərbələr vurub. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər tarixini yazıb. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırıblar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub. Azad edilmiş torpaqlarda biz erməni vəhşiliyinin, azərbaycanlılara qarşı nifrətin, misli görünməmiş vandallığın, barbarlığın şahidi olduq.

 

Güclü, peşəkar və qəhrəman ordumuzun hərbçiləri ən yüksək qiymətə layiqdirlər. Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedib. Yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edilib. Hərbçilərimiz sıldırım qayalardan, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya qalxıblar. Tapançalarla, süngü-bıçaqla mübarizə aparıblar. Düşmən igid oğullarımızın gücünü gördü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir.

 

Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub və əbədi də olacaqdır. Son 29 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın ruhunu, görkəmini dəyişdirə bilməyib. Evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bulaqlar qurudulub, təbiətə vəhşi münasibət göstərilib, buna baxmayaraq Şuşa öz milli koloritini saxlaya bilib, onu silməyə düşmənin gücü çatmayıb.

 

Bu günlərdə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirilib, 29 ildən sonra bu qədim yurd yerlərimizdə Azərbaycan musiqisi səslənib, ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyəti və incəsənəti nümayiş olunub. Bu bayram hər birimizin ürəyində qürur hissi yaradıb. Qələbə, ləyaqət, qayıdış bayramı bir daha dünyaya göstərdi ki, Şuşa Azərbaycan şəhəridir.

 

Eyni zamanda Şuşada həyata keçirilən yenidənqurma işlərinin miqyası daha böyükdür. Qısa müddət ərzində qalada iri infrastruktur layihələri reallaşıb. İlk əvvəl Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə başlanılıb. Bu məqsədlə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisi başa çatdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. İndi Şuşanın gecələri də gözəlliyə bürünüb, qala ay kimi bərq vurur.

 

Ermənistanın hərbi birləşmələri tərəfindən dağıdılan Şuşa şəhər bir saylı məktəbin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və qızları iştirak ediblər. Bu adi Təməlqoyma mərasimi deyildi. Dövlətimizin başçısı Ermənistana və onun havadarlarına nümayiş etdirdi ki, Azərbaycan xalqı qurub-yaratmağı, sülhsevərliyi ilə fərqlənir.

 

1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz Şuşada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

 

Bundan başqa, Şuşa Rəsm Qalereyasının binasında da təmir-bərpa işləri davam etdirilir. Bina istifadəyə veriləndən sonra, burada Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada da təmir işləri uğurla davam edir. Qeyd edək ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid isə yarıdağıdılmış vəziyyətdədir Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidlərinin təmiri ilə bağlı işlər başlayıb. Yuxarı Gövhərağa məscidi artıq təmir olunubburada işğaldan sonra Ramazan bayramı münasibətilə mərasim keçirilib.

 

Azərbaycanın Qalib Ali Baş Komandanı İlham Əliyev tərəfindən qədim Şuşada təməli qoyulan yeni məscid dini ocaqmodern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavanuğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

 

Şuşa yenidən bərpa edilərək öz əvvəlki, görkəminə qovuşacaq, Azərbaycanın mədəniyyət paytaxtı kimi gələcək nəsillərə əmanət kimi qorunub saxlanacaq.

 

Azərbaycan Prezidenti İlham Əliyev “Xarıbülbül” festivalının açılışında çıxış edərək bütün dünyaya mesaj verərək bildirib ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyubo vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik.

 

Bir sözlə, Şuşa Böyük Qayıdışa hazırlaşır, Şuşa gələcəyə inamla baxır.

 

Salman ALIOĞLU

 

Respublika.- 2021.- 27 may.- S.6.