Bakı Dövlət Universiteti: Milli sərvətimiz

 

 

Təhsildən, fədakar müəllim əməyindən yazmaq qürurgətirici olsa da hər bir qələm sahibi üçün həm də məsuliyyətdir. Bu sahə ilə bağlı kiçicik bir araşdırma, hər hansı bir elmi həmişə yüksək dəyərləndirilir. Zənnimcə, bu mənada irihəcmli bir kitabın ərsəyə gətirilməsi isə əsl ictimai hadisədir. Yüz illiyini qeyd edib, ikinci yüz illiyə uğurla qədəm qoyan bir ali təhsil müəssisəsinin tarixini əks etdirən kitab hazırlamaq  da çətin bir , titanik əməyin bəhrəsidir.

 

 

 

“...Təbii ki, doğma Universitetimiz haqqında indiyədək çox yazılıb, çox deyilib. Buna baxmayaraq, mən də bu qocaman təhsil ocağı haqqında fikirlərimi hörmətli və tələbkar oxucularla bölüşmək istəyirəm”. 2021-ci ildə çapdan çıxan “Bakı Dövlət Universiteti” kitabının müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun yuxarıdakı fikirləri də bu işin məsuliyyətini bir daha əks etdirir. Ölkəmizdə ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çətin, mürəkkəb və şərəfli inkişaf yolu haqqında salnamə olan “Bakı Dövlət Universiteti” kitabı təbii ki, birdən-birə yaranmayıb. Müəllifin, “Mənim universitetim” adlı ön söz yazısında qeyd etdiyi kimi, o, bu işlə hələ 90-cı illərin əvvəllərindən məşğul olmağa başlayıb, universitetin 75 illiyi münasibəti ilə 1994-cü ildə Murtuz Ələsgərov və Fazil Vahidovla birlikdə “Bakı Dövlət Universiteti (1919-1994)” kitabını hazırlayıb nəşr etdirib. Bundan sonra çap olunan müxtəlif kitablarda Bakı Dövlət Universitetinin təşəkkülü və inkişafının ayrı-ayrı mərhələləri geniş təhlil olunmuş, tədris və elmi fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilmiş və universitetə rəhbərlik etmiş rektorlar haqqında qısa oçerklər verilmişdir.

 

Universitetin 100 illiyi ərəfəsində yubileylə bağlı silsilə yazılarla çıxış edən müəllif daha irihəcmli kitab yazmaq qərarına gəlir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində, Azərbaycan Respublikası Dövlət Arxivində, Bakı Dövlət Universitetinin arxivində, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında, Azərbaycan Respublikası Kino-Foto Sənədləri Arxivində apardığı araşdırmalar zamanı universitetin tarixi ilə bağlı əldə etdiyi yeni materiallar “Bakı Dövlət Universiteti” kitabının hazırlanmasına vəsilə olur. Müəllif yazır: “Bu kitabı ərsəyə gətirərkən bir daha əmin oldum ki, sələflərimizin və müasirlərimizin elmi-pedaqoji fədakarlığı nəticəsində 100 il müddətində, BDU-da, həqiqətən də, möhtəşəm və şərəfli bir tarix yaradılıb. Bu zəngin elmipedaqoji irsin yaradılmasında müstəsna xidmətləri olan müqtədir alimlər və təcrübəli müəllimlər çoxdur...”

 

Kitabda ayrı-ayrı vaxtlarda universitetə rəhbərlik etmiş rektorlar haqqında geniş məlumatların verilməsi isə onu digər nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biridir. Burada maraqlı məqamlardan biriakademik İvan İvanoviç Şirokoqorovun ADU-nun rektoru olması, Abdulla YusupovunHüseyn Quliyevin rektor vəzifəsini icra etməsi ilə bağlı məlumatdır. Belə ki, müəllifin arxiv araşdırması zamanı əldə etdiyi sənəddə, daha dəqiq desək, İ.İ.Şirokoqorovun öz xətti ilə yazmış olduğu tərcümeyi-halından onun bir müddət universitetin rektoru vəzifəsində çalışması məlum olur. Professor Lalə Quliyevanın təqdim etdiyi materiallaruniversitetin arxivindən əldə edilmiş sənədlərdən isə aydın olur ki, onun atası Hüseyn Quliyev də qısa müddətdə universitetin rektoru vəzifəsini icra etmişdir.

 

Elmi-publisistik üslubda yazılan “Bakı Dövlət Universiteti” kitabı giriş və 11 fəsildən ibarətdir.

 

Ürfan çırağı” adlı ilk fəsildə Bakı Dövlət Universitetinin yaradılması uğrunda mübarizədə maarifçilərimizin ardıcıl və sistemli fəaliyyətləri təhlil olunur, universitetin təşkili ilə bağlı Azərbaycan Parlamentindəki mübahisələrin obyektivsubyektiv səbəbləri müəyyənləşdirilir. Azərbaycanda ilk ali təhsil ocağının açılmasını sevinclə qarşılayan və onun ilk rektoru olan: “Azərbaycan öz ali maarif ocağını açdı. Türk xalqları tarixinə yeni parlaq səhifə yazıldı” - deyən V.İ.Razumovskinin universitetinmaarifin həqiqi dostları adlandırdığı Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Rəşid xan Kaplanov, Həsən bəy Ağayev, Səmədağa Ağamalıoğlu, Əliheydər Qarayev, Əhməd bəy Pepinov və başqalarının fədakarlığı əsl vətənpərvərlik, milli mənafe uğrunda mübarizələri yüksək dəyərləndirilir.

 

İkinci nəfəs” adlı ikinci fəsildə Universitetin 1920-1930-cu illərdəki inkişafı öyrənilir. Göstərilir ki, XX əsrin 20-ci illəri Bakı Dövlət Universitetinin tarixində olduqca mürəkkəb bir dövrdür. Bu dövrdə Universitetdə elmi fəaliyyət, təlim-tərbiyə işləri sinfilik və partiyalılıq prinsipinin tələbləri əsasında yenidən quruldu. Fakültə quruculuğunda, professor-müəllim və tələbə kollektivinin formalaşmasında müəyyən irəliləyişlərə nail olundu. Ali Pedaqoji İnstitut BDU-nun Pedaqoji fakültəsinə birləşdirildi. Bununla belə, o zaman sosializm sisteminin uğursuz quruluş, kommunizmin isə xülya olduğunu başa düşən ziyalıların böyük əksəriyyətinin toplaşdığı Universitet siyasi partlayış mənbəyi kimi Mərkəzi narahat edirdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay, Universitetin divarları arasında milli kadrların sürətlə artması, 1929-cu ildə Azərbaycanda latın qrafikalı əlifbaya keçilməsi və digər bu kimi amillər məfkurənin və milli özünüdərkin formalaşması kimi çox “təhlükəli” sindromlar yaradırdı. Bu işıqlı ideyaların mərkəzi isə Universitet idi. Elə bu səbəbdən də 1930-cu il iyunun 10-da Universitetin ayrı-ayrı fakültələrinin bazasında müstəqil sahə institutları yaradılır. Yeni institutların təşkil edilməsi ali təhsilinin inkişafında mütərəqqi bir hal olsa da, bu, milli düşüncəyə, milli təfəkkürə vurulan ən ağır zərbə idi.

 

“Qayıdış, yaxud şimal küləkləri sərtləşir” adlı üçüncü fəsildə Universitetin 1934-1941-ci illərdəki inkişafı təhlil predmetinə çevrilir. Burada müəllif tərəfindən Universitetin yenidən təşkilini zəruri edən səbəblər araşdırılır, professor-müəllim və tələbə kollektivinin formalaşdırılması uğrunda görülən işlər ümumiləşdirilir, ali təhsil ocağının tədris və elmi həyatına işıq salınır. Bu fəsildə Azərbaycanda elm və mədəniyyət tarixinə qanlı hərflərlə yazılan 1937-ci il qırmızı terrorunun Universitetə vurduğu ağır zərər, onun nəticələri təhlil olunur. Repressiyanın qurbanı olmuş əməkdaşların adları hörmətlə çəkilir.

 

“Döyüşən təhsil və elm” adlı dördüncü fəsildə universitetin 1941-1945-ci illərdəki, “Dirçəliş” adlı beşinci fəsildə 1945-1959-cu illərdəki, “50 yaşın astanasında” adlı altıncı fəsildə 1959-1969-cu illərdəki inkişafı fakt və rəqəmlərlə təqdim edilir, fakültə və kafedralar, digər struktur bölmələri haqqında geniş məlumat verilir.

 

Müharibədən sonrakı illərdə SSRİ-nin bütün ali məktəblərində olduğu kimi, Azərbaycan SSR-nin ali məktəblərində də xarici dillərin öyrənilməsi prosesi ən zəif tərəflərindən biri idi. Xaricə çıxış imkanlarının məhdud olduğu qapalı bir cəmiyyətdə bu, normal qarşılansa da, 60-cı illərdə Universitetdə xarici dillərin tədrisində yeni yanaşma meyilləri özünü göstərməyə başladı və bu, xarici tələbələrin təhsili üzrə fakültənin fəaliyyətə başlaması ilə əlamətdar oldu.

 

Kitabın “Yeni mərhələ başlayır” adlı yeddinci fəslində Universitetin 1970-1980-ci illərdəki inkişafı əvvəlki illərlə müqayisəli şəkildə aparılır, ali məktəbə qəbul olunmaq istəyənlər üçün təşkil olunan hazırlıq kursları barədə məlumat verilir. Həmçinin, ulu öndər Heydər Əliyevin Universitetin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində əldə olunan nailiyyətlərdən söz açılır.

 

“Müstəqilliyə doğru” adlı səkkizinci fəsildə Universitetin 1981-1990-cı illərdə, “Müstəqilliyin işığında” adlı doqquzuncu fəsildə 1990-1998-ci illərdə, “Genişlənən üfüqlər” adlı onuncu fəsildə 1999-2010-cu illərdə inkişafı tədqiq olunur, bütün struktur bölmələri haqqında geniş məlumat verilir.

 

“100 yaşlı Universitet” adlı son fəsildə isə bu ali təhsil ocağının yubileyi münasibətilə görülən işlərin, həyata keçirilən tədbirlərin xülasəsi əks olunur. Azərbaycan tarixinin, elmi-mədəni və təhsil həyatının ayrılmaz tərkib hissəsi olan Universitetin 100 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə təsdiq etdiyi “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” əsasında yubileyin beynəlxalq səviyyədə keçirilməsi xüsusi qeyd edilir. 2019-cu il iyunun 13-də Parisdə YUNESKO-nun baş qərargahında, 2019-cu il sentyabrın 10-da Vyana şəhərində keçirilən yubiley tədbirlərinin maraqlı məqamlarına aid yazılar da bu fəsildə özünə yer alıb.

 

Müəllif həyatının bütöv bir mərhələsinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu fəxrlə qeyd edərək yazır: “... Bu müqəddəs məkanın divarları arasında həyəcanla qəbul imtahanı vermişəm, 5 il tələbə kimi auditoriyalarında məşhur riyaziyyatçı alimlərdən, təcrübəli müəllimlərdən - Əşrəf Hüseynov, Maqsud Cavadov, Qoşqar Əhmədov, Cəlal Allahverdiyev, Yəhya Məmmədov, Hüseyn Çəndirov, Rüstəm Sultanov, Soltan Zeynalov, Maarif Əkbərov ... və başqalarından dərs almışam, aspirant kimi yuxusuz gecələr, narahat gündüzlər yaşamışam, namizədlik və doktorluq dissertasiyaları hazırlamışam, assisent, dosent, professor, dekan müavini, kafedra müdiri, prorektorrektor vəzifələrində çalışmışam, çoxşaxəli elmipedaqoji fəaliyyətlə məşğul olmuşam...” Bəli, Misir müəllimin yetirməsi olduğu doğma Universitetə olan sonsuz məhəbbəti məhz bundan qaynaqlanır. Onun Respublikanın Təhsil Nazirliyinə rəhbərlik etdiyi dövrlərdə də Bakı Dövlət Universitetinin inkişafına, beynəlxalq əlaqələrinin genişlənməsinə, muxtariyyət statusunun verilməsinə çalışması da təhsilimizin flaqmanı sayılan bu qocaman ali təhsil müəssisəsinə qədirbilən bir məzunun töhfəsi idi.

 

1964-cü ildən başlayaraq Universitetin inkişafı onun gözləri qarşısından keçib. Müxtəlif illərdə bu təhsil və elm məbədinə rəhbərlik etmiş, onun inkişafında böyük xidmətləri olan görkəmli elm və təhsil təşkilatçıları - Səfayət Mehdiyev, Mehdi Əliyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Cəmil Quliyev, Mirabbas Qasımov, Firudin Səməndərov, Murtuz Ələsgərov, Abel Məhərrəmov və Elçin Babayevi yaxından tanıdığını, onların bəzilərindən idarəetmənin incəliklərini öyrəndiyini, bəziləri ilə səmimi münasibətləri olduğunu, bəzilərinin həyat və yaradıcılığına bələdliyini, bəziləri ilə birlikdə işlədiyini qürurla söyləyən, ömrünün 50 ilindən çoxunu bu elm, təhsil ocağının auditoriyalarında keçirən müəllif haqlı olaraq onu, “Mənim Universitetim” adlandırır.

 

Müəllif yazır: “Mənim Universitetimin 100 illik çətin, mürəkkəb və şərəfli inkişaf tarixi Azərbaycan xalqının elmi, mədəni, iqtisadisiyasi inkişafının ayrılmaz bir hissəsidir. 8 əsrdir ki, dünyada universitetlər millətin intellektual inkişafının göstəricisi hesab olunur. Hələ vaxtı ilə Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Afina Universitetinin yeni bir Yunanıstan yaratdığını kim inkar edə bilər?” Ona görə hesab edirəm ki, Bakı Dövlət Universitetinin uğuru yalnız bir təhsil ocağının deyil, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, incəsənətinin, bir sözlə, elmi siyasi elitanın uğurudur. Bütövlükdə Azərbaycan cəmiyyətinin böyük nailiyyətidir”.

 

Ulu öndər Heydər ƏliyevinAzərbaycan xalqının milli sərvətihesab etdiyi Bakı Dövlət Universiteti şərəfli, çətin bir yol keçərək bir əsri arxada qoydu, sözün həqiqi mənasında yeni bir Azərbaycan yaratdı. İnanırıq ki, o, bu statusunu hər zaman qoruyub saxlayacaq, milli təhsilimizin inkişafına bundan sonra da öz töhfələrini verəcəkdir.

 

Kitabla tanış olan hər kəs ölkəmizdə ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çətin, mürəkkəb şərəfli inkişaf yolu haqqında daha ətraflı bilgi əldə edə biləcəkdir.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 27 may.- S.8.