Dövlətçilik tariximizin parlaq səhifəsi

 

 

Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

 

 

1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Demokratik Respublikası elan edilən tarixə qədər bu regionda mövcud vəziyyət olduqca mürəkkəb idi.

Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Heydər Əliyev öz çıxışında demişdir: Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü.

Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edilmişdir. Cümhuriyyətin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacinskinin, S.Mehmandarovun və digər milli istiqlal təbliğatçılarımızın çox böyük rolu olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin siyasi fəaliyyətini qiymətləndirərkən bildirmişdir ki, cümhuriyyət qurucuları cəsarətlə fəaliyyət göstərmişdir və bununla Azərbaycanda ilk müstəqil dövlətin yaradılması üçün güclü addımlar atmışlar. Onlar bununla Azərbaycan xalqına müstəqillik ənənələrini qoydular.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ilə dövlətçilik tariximizdə ilk dəfə demokratik prinsiplər əsasında fəaliyyət göstərən müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, bayrağı, himnigerbi yaradıldı, ana dili dövlət dili elan edildi, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində fəaliyyətini də yüksək qiymətləndirmişdir. Ulu öndər qeyd etmişdir ki, cümhuriyyətin yaranması və qısa müddət ərzində olsa belə öz mövcudluğunu davam etməsi xalqımızın dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək istiqamətində, demokratik quruluş yaratmaq yolunda tarixi rol oynamışdır: Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev demişdir: Biz ilk demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika günü elan etmişikbu bizim milli bayramımızdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət verərək demişdir: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir.

Ümummilli lider Heydər Əliyevin SSRİ dövründə respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirmiş, müstəqillik arzularınının güclənməsinə və yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.

İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Eyni zamanda cənab Prezidentin digər Sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdi.

2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlərə malikdir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

Bu gün xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını böyük qürur hissi ilə yad edir. Prezident İlham Əliyev ulu öndərin cümhuriyyət ideyalarının yüksək səviyyədə təbliği siyasətini ardıcıllıqla davam etdirir. Xalq Cümhuriyyəti dövründə olduğu kimi, Azərbaycan xalqı və dövləti bu gündemokratik dəyərlərə ciddi önəm verir.

Biz fəxr edə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ yüz il bundan əvvəl qadınların seçmək və seçilmək hüququnu tanımışdı. Xalq Cümhuriyyəti respublikada demokratik dəyərlərin, o cümlədən də söz və mətbuat azadlığının təmin olunmasını özünün təməl prinsiplərindən biri kimi bəyan etmişdi. Xalq Cümhuriyyətində milli, dini mənsubiyyətə fərq qoyulmadan respublikanın bütün vətəndaşlarının hüquq və azadlıqları təmin edilirdi. Məlumdur ki, hazırda dünyada getdikcə artan gərginliklər fonunda multikulturalizmlə, tolerantlıqla bağlı çağırışlar böyük aktuallıq daşımağa başlayıb. Azərbaycan isə bu gün olduğu kimi, yüz il bundan əvvəl də cəmiyyətin multikulturalizm ənənələrinə böyük hörmətlə yanaşırdı. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiq qaldığını bəyan edərək deyib: Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqikbu ənənələri yaşadırıq.

Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Demokratiya yüz il əvvəl olduğu kimi, bu gün də xalqımızın şüurlu seçimidir. Müstəqil Azərbaycan azad, demokratik ölkə kimi uğurla inkişaf edir. Qısa müstəqillik tarixində respublikamızda hüquqi dövlət quruculuğu yolunda çox vacib uğurlar qazanılıb. Ölkədə söz, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm tam təmin edilib.

1920-ci ilin aprel işğalından sonra Xalq Cümhuriyyətinin yaradıcılarından olan M.Ə.Rəsulzadənin və Azərbaycanda sovet rejiminin təşəbbüskarlarından N.Nərimanovun bolşeviklərə olan inamına münasibət bildirən Heydər Əliyev xüsusi olaraq qeyd edir: Xalq Cümhuriyyətinin liderlərindən bəziləri hesab edirdilər ki, onların tutduğu müstəqillik yolu davam edəcəkdir. M.Ə.Rəsulzadə hakimiyyətin bolşeviklərə təhvil verilməsinə razılıq verərkən güman edirdi ki, yeni hakimiyyət Azərbaycanın milliliyini, müstəqilliyini qoruyub saxlayacaqdır. O vaxt hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətindən təhvil alan azərbaycanlıların bəziləri, o cümlədən N.Nərimanov da belə düşünürdü ki, onlar müstəqil Cümhuriyyəti bolşevik ideologiyası altında saxlaya biləcəklər. Ancaq təəssüflər ki, belə olmadı.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən Heydər Əliyev Cümhuriyyətin dərslərindən də nəticə çıxarmağı tövsiyə edərək bildirirdi ki, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, didişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir: Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik.

Əlbəttə, Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə tarixi şərait tamam fərqli idi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi düzgün təhlil edilməlidir. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək demişdir: İndiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olubbizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.

 

Azər QARAYEV,

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı.

 

Respublika.- 2021.- 28 may.- S.8.