Həyatını yaradıcılığa həsr etmiş sənətkar

 

 

Musiqi əsrarəngiz gözəlliyi təbliğ edən sənət incisidir. O gözəllik ki, onu sözlə, fırça ilə, yəni hər hansı əlamət və vasitə ilə ifadə etmək çətindir. Amma musiqi istənilən hiss və duyğuların ən gözəl ifadəsidir. Belə də deyə bilərik ki, musiqi ruhun qidasıdır. Hər bir musiqi öz yaradıcısının fəhmi, istedadı, düşüncə tərzi, mühiti, peşəkarlığı və bu kimi amillərlə səciyyələnir. Bu yerdə Cəlaləddin Ruminin fikri düşür yadıma: “Hər kəs öz dilinin altında gizlənib”. Belə bilirəm ki, bu fikri yaradıcılara da şamil etmək olar. Əgər yaradıcı şəxs geniş dünyagörüşünə, zəngin elmə, yüksək təfəkkürə malikdirsə, onun yaratdığı sənət əsərləri də həm şöhrət qazanacaq, həm də müəllifinə şöhrət və uğur gətirəcək.

 

Bu dediklərimizin əyani sübutu görkəmli sənətkarlarımızın yaradıcılığında öz əksini tapıb və tapır. Musiqi incəsənətində dahi Üzeyir Hacıbəylidən başlayaraq, onun yolunu layiqincə davam etdirən neçə-neçə sənətkarlarımız var ki, onların əsərləri xalqına, vətəninə, dövlətinə göstərdikləri xidmətlərinin ən yüksək nümunəsidir. Bu bəstəkarlıq məktəbinin layiqli davamçıları və görkəmli simaları içərisində Firəngiz Əlizadə imzası da var. Firəngiz Əlizadə musiqisi dünya meridianlarında əks-səda yaratmaqla ölkəmizin də ən gözəl təbliğatçısına çevrilib. Musiqisi sərhəd tanımayan bu bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri var. Elə bu xidmətlərinə görə də onu fədakar sənətkar adlandıra bilərik. Çünki həyatın heç bir çətinliyinə məhəl qoymadan bütün şüurlu ömrünü yalnız bir məqsədə sərf edib. Mükəmməl sənət öyrəncisi olaraq təmsil etdiyi sahənin əsl peşəkarına çevrilmək və bununla da xalqına, vətəninə ləyaqətlə xidmət etmək. Yaradıcılığının kövrək dövrlərindən ta indiki kamillik çağınadək məhz bu amalla yaşayıb-yaradan Firəngiz Əlizadə öz əsərləri ilə Azərbaycan musiqi mədəniyyətini zənginləşdirərək özü də yüksək uğurlara nail olub. Bu mənada Firəngiz xanıma verilən fəxri adlaramükafatlara nəzər salaq: 1990-cı ildə Əməkdar incəsənət xadimi, 1998-ci ildə professor, 2000-ci ildə Xalq artisti, 2007-ci ildə UNESCO-nunSülhartisti, 2007-ci ildə “Şöhrət” ordeni, 2017-ci ildə “Şərəf” nişanı, AMEA-nın müxbir üzvü, 2017-ci ildə “Aqaxan” mükafatı və s. Bunlar Firəngiz Əlizadəyə verilən dəyərin rəsmi göstəricilərinin az bir hissəsidir. Əsas dəyər isə onun xalqın və dövlətin görkəmli şəxsiyyəti və ziyalısı olması ilə təzahür edilir. Məhz bu dəyərləri ilə Firəngiz Əlizadə Azərbaycanın və dünyanın ünlü sənətkarına çevrilib. Bunun bariz nümunəsi dünya musiqisi tarixində çox az-az qələmə alınan passion janrının müsəlman aləmində məhz Firəngiz Əlizadəyə sifariş edilməsidir. Bu haqdaDünya şöhrətli bəstəkar Firəngiz Əlizadə” kitabından oxuyuruq: “Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concert-gebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) “Passions” - “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu irihəcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.

Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadəyə həvalə olunmuşdur. Beləliklə, “Nasimi Passion” əsəri yaranmışdır”.

Bu əsərə dünyanın ən məşhur musiqiçiləri yüksək qiymət veriblər. Bəlli olur ki, Firəngiz xanım həm passion janrının xüsusiyyətlərini çox dolğun ifadə edərək, hətta Nəsimi dühasını da öz musiqisi ilə qovuşdura bilib. Akademik Teymur Kərimli də bu barədə belə yazır:

“Əlbəttə, Nəsimişünaslıq adlandıra biləcəyimiz bu silsilədə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, dünya şöhrətli Azərbaycan bəstəkarı, professor Firəngiz Əlizadənin “Nasimi-Passion” adlı fundamental əsəri həm də böyük şairimiz haqqındamusiqi məqtəli”, “musiqi ağısı” kimi qiymətləndirilə bilər. Əslində, bu, Qərb-xristian musiqi janrının Şərq-islam arealına uğurlu transformasiyası sayılmağa layiqdir. Əsərin ilk dəfə məhz Qərbdə - Hollandiyada ifa edilməsi və yüksək coşqu ilə qarşılanması da Şərq-müsəlman, ilk növbədə isə Azərbaycan klassik musiqisinin böyük təntənəsidir”.

Firəngiz Əlizadənin bircə bu əsəri onun bir azərbaycanlı sənətkar olaraq dünyadakı nüfuzunun əyani ifadəsidir. Bu yerdə Firəngiz xanım haqqında dünya musiqiçilərinin fikirlərindən bəzi nümunələrə nəzər salaq.

Musiqişünas Qreq Dublinski yazır: “Yer kürəsinin müxtəlif guşələrində mədəniyyətlərin, sivilizasiyaların bir-birinə zidd gəlməsi şəraitində Firəngiz Əlizadənin əsərləri barış rəmzi kimi çıxış edir. O, Azərbaycan musiqisinə və tarixinə xas olan Şərq və Qərb cinahlarını sintezləşdirərək, nadir musiqi dünyası yarada bilmişdir”.

“Firəngiz Əlizadə Şərqi Avropada son onilliklər ərzində meydana çıxan ən cəlbedici sənətkarlar sırasındadır” - fikrinin müəllifi isə musiqişünas Kayl Qanndır.

Firəngiz xanım haqqında buya digər dünya musiqiçilərinin dəyərli fikirləri çoxdur. Bunlar bir daha hörmətli sənətkarımızın öz yaradıcılığı ilə Azərbaycan bəstəkarlıq məktəbinə gətirdiyi uğurların ifadəsidir.

Firəngiz Əlizadə imzası fəxrli sənətkarlar sırasında hörmətlə çəkilir. Onun yalnız bəstəkar kimi deyil, mahir pianoçu, dirijor, pedaqoq, ictimai xadim, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi də üzərində mühüm vəzifələr var. Firəngiz xanım bu sahələri də layiqincə təmsil edir. Hətta ölkəmizdə keçirilən Beynəlxalq əhəmiyyətli festivalkonsert layihələrində də bədii rəhbər kimi mühüm xidmətlər göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə dahi şairimiz, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Nizami ili” çərçivəsində də Firəngiz xanımın təşəbbüsü və rəhbərliyi ilə tədbirlər planı hazırlanıb və icra olunur. Nizami ili” çərçivəsində Bəstəkarlar İttifaqının “Nizamimusiqielmi konfransı və Nizaminin qəzəlləri əsasında mahnı və romans müsabiqəsi də nəzərdə tutulub. Əminik ki, Firəngiz xanım başda olmaqla İttifaqın yaradıcı heyəti bu işlərin də öhdəsindən bacarıqla gələcək.

Onu da diqqətə yetirmək istərdim ki, klassik poeziyamızın görkəmli simalarının irsi bir bəstəkar olaraq daim Firəngiz Əlizadənin yaradıcılıq mənbəyi olub. Bu mənada hazırda bəstəkar Nizami irsindən ilhamlanaraq yeni əsər üzərində işləyir. Bu daNizami ili”nə, həm də musiqi xəzinəmizə Firəngiz xanımın daha bir töhfəsi olacaq. Elə bilirəm ki, bu məqalə də Firəngiz xanıma, həm Bəstəkarlar İttifaqı idarə heyətinin və üzvlərinin adından, eyni zamanda, musiqi ictimaiyyəti və bütün sənətsevərlər tərəfindən doğum gününə bir töhfədir.

 

Səadət TƏHMİRAZQIZI,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi.

 

Respublika.- 2021.- 28 may.- S.9.