Tarixi Qələbə gələcək daha böyük uğurların bələdçisi və təminatçısıdır

 

Yola saldığımız 2020-ci il yaddaşlarda silinməyən bir tarixə çevrildi. Bu tarix əsrlər boyu unudulmayacaqdır. Müzəffər şanlı ordumuz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarix yazdı. Dövlət başçımız milyonlarla insanın 30 il davam edən Qarabağ həsrətinə son qoydu. Azərbaycan Prezidenti cənab İlham Əliyev 31 dekabr 2020-ci il tarixində xalqa müraciətində demişdir: “2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik”.

 

Hər bir azərbaycanlıda qürur hissi yaşadan torpaqlarımızın azad olunması ilə başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Beləliklə, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.

On yeddi il öncə uzaqgörənliklə deyilmiş fikir öz təsdiqini tapdı. Ötən illərdə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, onun ideyalarını inamla həyata keçirən Prezident cənab İlham Əliyev Azərbaycan dövlətinin tarixində görünməmiş inkişafı reallığa çevirdi. Bu siyasətin nəticəsində indi biz tarixin ən güclü Azərbaycanının vətəndaşları olmağımızla fəxr edirik. Dövlət başçısı İlham Əliyevin nail olduğu bütün uğurlar Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqi idi. Nəhayət, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə İlham Əliyev xalqımızın ən ümdə taleyüklü problemini həll etdi.

Döyüş ruhunu, birliyini və iradəsini itirməyən xalqımız daha böyük əzmlə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Şəhid olmuş mülki vətəndaşlarımızın qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan Böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir.

Azərbaycan ordusu 8 noyabr zəfəri ilə ümummilli liderin ən böyük arzusunu reallığa çevirdi. Ordumuz xalqımızın dəstəyi və Ali Baş Komandanın rəhbərliyi altında sadəcə ulu öndərin deyil, milyonlarla azərbaycanlının xəyallarını gerçəkləşdirdi. Bundan başqa, 8 noyabr zəfərinin əldə edilməsi həm də Heydər Əliyevin uğurla davam etdirilən siyasi kursu ilə bağlıdır. Məhz Heydər Əliyev kursuna sadiqlik, onun bizə miras qoyduğu ənənələrin davam etdirilməsi bizi ən böyük arzumuza - doğma torpaqlarımıza, ərazi bütövlüyümüzə qovuşdurdu. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr - Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, “Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regionadünyaya daha böyük zəfərlər vəd edir.

44 günlük müharibənin gedişatında olduğu kimi, 10 dekabr Zəfər paradında da bütün dünya, beynəlxalq ictimaiyyət “bir millət, iki dövlət” ifadəsinin real olaraq Azərbaycan-Türkiyə qardaşlığının, hərbi tərəfdaşlığının şahidi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində qazanılan Zəfər möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. İlham Əliyevin qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında səfərbərliyi Vətən müharibəsində Qələbəni təmin etdi. Dekabrın 10-da keçirilən Zəfər paradı ilə xalqımız öz tarixi qələbəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu parad hər birimizi qürurlandırdı, duyğulandırdı, qələbəmizlə fəxr etdik. Bu parada səbəb olan qələbə Azərbaycanın bir dövlət olaraq gücünü, qüdrətini, xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini beynəlxalq ictimaiyyətə bir daha yaxından tanıtdı. Bu qələbə ilə dünya erməniliyinin onilliklər boyu Azərbaycana qarşı apardığı saxta təbliğat iflasa uğradı. Prezident İlham Əliyev öz müdrik siyasəti ilə zamanı yetişdirdi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Qarabağın tacı Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızı ucaltdı və həmin qələbə bayraqları Zəfər paradında nümayiş etdirildi. Bizə, xalqımıza bu hissi, möhtəşəm qələbə sevincini yaşatdığı üçün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminümayiş etdirildi. Dövlət başçısı öz məzmunlu çıxışında bildirmişdir ki, “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxışında vurğulamışdı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik. Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür. Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: “Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə, Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun! Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən bütün Azərbaycan xalqını, əziz qardaşım Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edirəm. Əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qazilərimizə tezliklə sağalmalarını arzu edirəm”.

Bizə bu möhtəşəm qələbəni yaşadan igidlərimiz - həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan cəsur oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Sözsüz ki, qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu. Ötən ildə işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif ordenmedallarla ümumilikdə 82.670 nəfər təltif olunmuşdur. Belə ki, bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Həmçinin bu, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından olduqca xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsində iştirak etmiş hər bir kəs, canından keçərək şəhid olanlar və eləcə də yaralı qazilərimiz, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacaqlar.

Bu gün isə dövlətimizin qarşısında çox böyük vəzifələr durur. Sözsüz ki, bu il işğaldan azad edilən rayonlarımızda böyük quruculuq işləri həyata keçiriləcəkdir. 2021-ci il cənnət-məkan Qarabağın dirçəliş ili olacaq. Cari ilin büdcə zərfində işğaldan azad edilən ərazilərin dirçəldilməsi üçün 2 milyard 200 milyon manat vəsait ayrılıb. Olduqca qürurverici haldır ki, işğaldan azad edilən ərazilərdəki abadlıq-quruculuq işində beynəlxalq şirkətlər də, dost-qardaş Türkiyə dövləti də iştirak edəcək. İtaliyanın da dost dövlət kimi bölgəmizin dirçəlməsində rolu olacaqdır. Prezident cənab İlham Əliyev 4 yanvar 2021-ci il tarixində “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalamışdır. Fərmanda qeyd olunmuşdur ki, “Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcəkdir”.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə minaların təmizlənməsi prosesi uğurla gedir. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu yöndə ciddi aparır. Yerliqardaş Türkiyənin bu sahə üzrə mütəxəssisləri, o cümlədən Rusiya sülhməramlıları da ərazilərin minalardan təmizlənməsi prosesində fəal iştirak edirlər. Həmçinin, eyni vaxtda yolların çəkilməsi, elektrik enerjisinin verilməsi, infrastrukturun qurulması və s. kimi işlər həyata keçirilir. İnanırıq ki, yaxın zamanlarda Qarabağ gülüstana çevriləcək, uzun illər əziyyət çəkmiş həmin torpağın sakinləri öz isti yurdlarına qayıdacaqlar. Bu tarixi Zəfər bölgədə yeni bir mərhələnin -abadlıq, quruculuq, inkişaf dövrünün başlanılmasını şərtləndirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad edilən yaşayış məntəqələrimizdə artıq yeni dövr başladığını diqqətə çatdıraraq, hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, xatırladıb: “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.

Prezident İlham Əliyev çıxışlarında bərpa zamanı bütün tədbirlərin əsaslı şəkildə gerçəkləşdiriləcəyini, bunun üçün Baş planın hazırlanacağını, mütəxəssislər cəlb olunacağını, infrastruktur layihələrinin planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlərin görüləcəyini diqqətə çatdırıb. Eyni zamanda, vətəndaşlara dədə-baba yurdlarına qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcəyini də xüsusi vurğulayıb. Əslində, Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirdiyi kimi, Azərbaycan artıq bərpa işlərinə başlayıb. Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat vəsait ayrılıb. Bu ilbu işə əlavə vəsaitin də yönəldiləcəyi nəzərdə tutulub. Azərbaycan Prezidenti cənab İlham Əliyev 31 dekabr 2020-ci il tarixində xalqa müraciətində abadlıq-quruculuq işlərini önə çəkərək demişdir: “...Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”.

Xüsusilə qeyd edilməlidir ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi söz həyatda həllini tapdı. Dövlət başçımız İlham Əliyev diplomatik uğurları ilə sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.

 

Etibar ƏLİYEV,

İqtisad elmləri üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2021.- 9 yanvar.- S.5.