Səngərdə böyüyən döyüşçü

 

Azərbaycan xalqı yenilməzdir. Tarix sübut edir ki, böyükdən-kiçiyə öz torpağı üçün ən şirin canından belə keçməyə hər kəs hər an hazırdır. Onlardan biri də 1-ci Qarabağ müharibəsində iştirak etmiş, həyatını doğma torpağa qurban vermiş orta məktəb şagirdi Samir Qədir oğlu Alıyevdir.

Samir (Tiqana), sən sinifdə parta arxasında dərs keçməli, fənn kitablarının səhifələrini vərəqləməli idin. Lakin kiçicik uşaq qəlbindəki o böyük Vətən sevgisi səni cəbhəyə - erməni işğalçılarına qarşı döyüşən könüllülərimizin səngərlərinə apardı. Orada güllə, mərmi atəşləri altında böyüdün. Böyüdükcə hər bir silahı öyrənib düşmənə qarşı çevirməyi bacardın, “əsgər oğlu” adını da qazandın. Cəbhədə keçirdiyin hər anı QƏLƏBƏ hissi ilə yaşadın və inandın, sona qədər də bu amalla şəhid oldun! Sənin bu inamın doğruldu, şəhidim, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik xaricidaxili siyasəti nəticəsində güclü sosial-iqtisadi inkişaf, qüdrətli müasir hərbi sənaye və ordu quruculuğu, xalqın dövlət başçısına və Silahlı Qüvvələrə möhtəşəm dəstəyilə işğalçı Ermənistan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində darmadağın edildi, ərazi bütövlüyümüz bərpa olundu. Ruhun şad olsun, yeniyetmə əsgərimiz, unudulmaz ŞƏHİDİMİZ!

Biz 11 yaşından səngərlərə ayaq açmış, orada böyümüş Samir Alıyev (təxəllüsü “Tiqana”) barədə yazarkən daha real olması, faktların şahidlərin dili ilə deyilməsi üçün jurnalist müdaxiləsindən qaçmağı qərara aldıq.

Yusif Əhmədov (“N” hərbi hissəsinin döyüşçüsü):

- Samir mənim ən yaxın döyüş yoldaşlarımdan biri olub. İlk əvvəl döyüş nöqtəsinə gəldiyini görəndə dəfələrlə yaşının az olduğunu nəzərə alıb geri qaytarmaq istəmişik. Lakin o, inadkarlıq göstərmiş və bizdən bir addım da ayrılmamışdır.

Onunla ermənilərə qarşı ilk əməliyyatda 1990-cı ilin may ayında iştirak etmişəm, ürəkliliyi, ermənilərin hücumunun qabağını qorxmazlıqla, mərdliklə alması məni heyran etdi. Beləliklə, o, cəbhəçilərin ayrılmaz üzvünə çevrildi...

1991-ci ilin noyabr ayında düşmən “Şişqayapostunu atəşə tutdu. Bir neçə saat idi ki, döyüşürdük, patronumuz qurtarırdı, elə bu vaxt Samir köməyimizə çatdı. Onun gətirdiyi sursat erməniləri geri oturtmağa kömək etdi... 1992-ci il iyun ayının 21-də “Sur” əməliyyatı başlandı. Biz kəndi ermənilərdən azad etdik. İyulun 2-də ermənilər Qaracallı kəndinə hücum etdilər. Bu döyüşdə Samirin topdan açdığı atəş bir neçə düşməni məhv etdi, ermənilər geri oturduldu.

Onun son döyüşü 1993-cü ilin avqust ayının 15-də oldu. Daşbaşı postuna düşmənin hücumu ara vermirdi. Biz müxtəlif silah növlərindən atəşə tutulmuşduq. Qüvvələr qeyri-bərabər idi. Samir deyirdi ki, bir addım da olsun geri çəkilməyək, biz xeyli düşmənin qabağını aldıq. 5 nəfərimiz yaralandı. Düşmən xeyli yaxınlaşmışdı. Samirlə mən yaralıları təhlükəsiz yerə aparmaq qərarına gəldik. O ikinci döyüşçünü də güllə altından çıxarmağa tələsirdi. Məqsədinə nail oldu. Geri qayıtdı, üçüncünün ardınca gedirdi... Şəhid oldu.

Ziyafət Hüseynov (“N” hərbi hissəsinin sabiq kiçik leytenantı):

- Samir qeyrətlə, qorxu bilmədən özünü ən odlu nöqtələrə atardı. Gecə-gündüz döyüşçülərimizə ərzaq, sursat daşımaqdan yorulmurdu. Bəzən fikirləşirdik: bu güc görəsən onda haradandır. Onda ilahi qeyrət, təpər vardı. Bütün silah növlərindən məharətlə istifadə edə bilirdi...

Tez-tez kəşfiyyata da gedirdi. Bir dəfə Gəncə polkunun komandiri Teymurovun qrupu ilə düşmən arxasına getdi. Samir düşmənlə toqquşma zamanı xeyli yaralını döyüş zonasından çıxara bilmişdi.

Valid Rüstəmov (“N” hərbi hissəsinin əsgəri):

- Samir ərazi özünümüdafiə batalyonunda çoxlu qəhrəmanlıqlar göstərmişdir. “Şişdağ” əməliyyatı zamanı düşmənin atdığı qranatomyot mərmisi bizim blindajın içinə düşdü. Heç kim ürək edib oraya yaxınlaşa bilmədi. Samir bu zaman əsgərlərə su gətirirdi, o, bunu eşidib blindaja girdi, mərmini aparıb kənarda zərərsizləşdirdi...

Xudaş Cəbrayılov (Bakı şəhərinin sakini):

- 1992-ci ilin Novruz bayramı ərəfəsində ermənilər Cəbrayıl sakinlərinə xəbər göndərmişdilər ki, bayramınızı qaraya boyayacağıq. Qaracallı kəndinin bir çox kişiləri arvad-uşağı Bakıya qohumları evlərinə gətirib qoydular, bizonlarla birlikdə doğma yurdumuzu müdafiə etməyə getdik. Martın 19-da ermənilər güclü hücuma keçdilər, hamısı təlim görmüş adamlar idi, irəliləyə bilmirdik, elə bu zaman Samir böyürdən çıxdı, avtomatı qaldırıb “Vətən uğrunda irəli”, - deyə qabağa cumdu, həmin döyüşdə nəinki erməniləri geri oturtduq, hətta ikinci bir zirvəni də azad etdik.

Xasiyyətnamədən:

Verilir 1976-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonu Qaracallı kəndində anadan olmuş, S.Verdiyev adına Doşulu kənd natamam orta məktəbin IX sinif şagirdi Alıyev Samir Qədir oğluna...

Məlum hadisələr başlanandan Cəbrayıl cəbhəsinin bütün qaynar nöqtələrində olmuş, əsgərlərə su, patron daşımış, bütün çətinliklərə sinə gərmişdir. O, bütün silah növləri ilə davranmağı bacarır və döyüşlərdə daim iştirak edirdi. Arzusu hərbçi olmaq idi”.

Polkovnik Heydər Piriyev - (ərazi özünümüdafiə batalyonunun sabiq komandiri):

- Düzdür, biz onu səngərdən uzaqlaşdırmaq istəyirdik. Lakin Tiqananı əsgərlərdən uzaqlaşdırmaq mümkün deyildi. Necə deyərlər, o, artıq polkun oğlu olmuş, doğmalaşmışdı. Bu proses mən bu hissəyə gələndə baş verib qurtarmışdı. Bizə bir qalırdı: onu bacardıqca təhlükədən qorumaq, Tiqana ölümdən qorxmurdu, düz onun gözünə baxırdı. Belə adamlar yarananda şəhidliyə hazır olurlar. Hərbi xidmətə çağırılmış əsgər əməliyyat zamanı təsadüfi bir an ərzində igidlik göstərməklə qəhrəman ola bilir. Amma Samirin hər bir hərəkəti qəhrəmanlıq idi, istər onun dağ başına bütün günü su, ərzaq, sursat daşıması olsun, istərsə də, döyüş meydanından yaralı çıxarması, kəşfiyyata getməsi, döyüşməsi. O, bütün silah növləri ilə rəftar etməyi yaxşı bacarırdı. Hərbçi olmaq istəyirdi, bizimfikrimiz onu qorumaq və hərbi məktəbə qəbul etdirmək idi.

Hərbi hissədə siyasi işlər üzrə müavin ştatı olmadığı üçün mən hücum qabağı onun çıxışından istifadə edərdim. Təcrübəli, inamlı əsgər kimi danışardı:-”qeyrətlə, mərdliklə vuruşun, qorxmayın, qələbə bizimdir”, - deyərdi. Əsgərlər də həm onu sevər, həm də sözlərini çox məhrəmliklə qəbul edərdilər.

Əgər mənim Tiqana kimi 200 əsgərim olsaydı, Qarabağa bir işğalçı erməni də qoymazdım.

 

Ataş CƏBRAYILLI.

6 fevral 1997-ci il

 

Respublika.- 2021.- 12 yanvar.- S.7.