Ömrünü təhsilə və elmə sərf edən insan

 

Bir əsrlik zəngin tarixi olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) yarandığı gündən aqrar sahə üçün onminlərlə yüksəkixtisaslı mütəxəssis hazırlamış, onların arasında görkəmli alimlər, dövlət xadimləri, ictimai və siyasi xadimlər olmuşdur. ADAU-ya rəhbərlik etmiş şəxslər tanınmış alimlər olmaqla yanaşı bu ali təhsil ocağının inkişafında müəyyən işlər görmüşlər. Azərbaycan Dövlət Aqrar Universitetinin indiki rektoru tanınmış ictimai xadim, görkəmli fitopatoloq alim, dəyərli pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov 8 ildir ki, bu universitetə uğurla rəhbərlik edir.

 

 

 

1956-cı il yanvarın 20-də qədim və zəngin tarixi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya göz açmış İbrahim Cəfərov orta məktəbi bitirdikdən və orduda xidmət etdikdən sonra həyatını məhz Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlamış, burada tələbəlikdən rektor vəzifəsinədək pillə-pillə yüksəlmişdir. Assistent, dosent, kafedra müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor, rektor əvəzi kimi vəzifələrdə çalışdığı dövrlərdə o, özünü sözün əsl mənasında təhsil və elm adamı kimi göstərmişdir.

 

Alim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) “bitki mühafizəsi” ixtisasının əyani təhsil bölməsinin ən fəal tələbələrindən olmuş, Lenin təqaüdü ilə təhsil almış, fakültənin komsomol təşkilatına rəhbərlik etmişdir. 1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra keçmiş SSRİ-nin ən tanınmış ali aqrar məktəbində - K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında eyni ixtisas üzrə məqsədli əyani aspiranturada təhsil almış, 1988-ci ildə buranı uğurla bitirmiş, görkəmli alimlərin elmi rəhbərliyi və elmi məsləhətləri ilə “Azərbaycan SSR Naxçıvan MSSR şəraitində üzüm bitkisinin əsas xəstəlikləri ilə mübarizənin bioloji cəhətdən əsaslandırılması” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almış və təyinatla Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna pedaqoji işə göndərilmişdir.

 

2005-ci ildə “Bitki mühafizəsi” ixtisası üzrə hazırda aqrar sahənin ən aktual problemlərindən biri olan “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası, (növ tərkibi) törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, 2010-cu ildə professor elmi adı almışdır. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

 

İbrahim Cəfərov hələ universitetdə təhsil aldığı və işlədiyi dövrlərdə bacarığı, prinsipiallığı, məsuliyyəti, dövlətə sadiqliyi ilə fərqlənmişdir. Professor 2000-ci ildə 38 nömrəli Nizami İkinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri təsdiq olunmuş, bu vəzifədə 13 il çalışmışdır. Hazırda o, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının ən fəal üzvlərindən biri kimi Gəncə şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayır.

 

Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilmişdir. Alim 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının sədri təyin edilmişdir.

 

300-dən çox elmi əsərin (dərsliklər, dərs vəsaitləri, monoqrafiyalars.) müəllifi, hazırda bitki mühafizəsi sahəsində ölkədə aparıcı alimlərdən olan İbrahim Cəfərovun əsas elmi nailiyyətlərinə üzüm, çəyirdəkli meyvə bitkiləri və şəkər çuğunduru bitkisinin mikobiotasının öyrənilməsi, əsas xəstəliklərə qarşı mübarizə tədbirləri daxildir.

 

Dəyərli alim ölkə Prezidenti cənab İlham Əliyevin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə rektor vəzifəsinə təyin olunmuşdur.

 

İbrahim Cəfərov ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır və onun fəaliyyətinin ən önəmli hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Professorun rektorluğu dövründə dövlətin aqrar sahəyə diqqəti və qayğısı tədbirləri çərçivəsində universitetdə maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması, kadr hazırlığı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, tələbə-müəllim münasibətlərində şəffaflığın və ədalətin təmin edilməsi və digər sahələrdə böyük işlər görülmüşdür. Bu gün onun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur.

 

Professor İbrahim Cəfərovun dəstəyi ilə universitetdə yaradılan yüksək texnologiyalı suvarma sistemi mərkəzi, Quşçuluq tədris mərkəzi, Bildirçin yetişdirmə mərkəzi, “New Holland Agriculture”, “John Deere” təlim mərkəzləri, İnnovasiya Mərkəzi, İstixanalar, Tədris təcrübə təsərrüfatı, Kəhriz tədqiqat və informasiya mərkəzi, Maşın-traktor parkı, Süni mayalanma mərkəzi, eksperimental heyvandarlıq kompleksi, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, taxıl və paxlalı bitkilər laboratoriyası, meliorasiyahidrotexniki qurğular laboratoriyası, bitki klinikası, baytarlıq klinikası, torpaqların analizi laboratoriyası, toxumçuluq laboratoriyası, arıçılıq tədris mərkəzi və digər obyektlər kadr hazırlığının inkişafına təkan verir.

 

Bütövlükdə ölkəmizdə aqrar təhsilin tarixinidaim diqqət mərkəzində saxlayan, universistetin tarixində ilk olaraq İbrahim Cəfərovun müəllifi olduğu “Azərbaycan Dövlət Aqrar Universitetinin professorları” və “Zarubejnıe uçenıe v AQAU (1920-1990 qq.)” adlı monoqrafiyaların nəşr olunması xüsusi diqqət çəkir.

 

İbrahim Cəfərovun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir.

 

Görkəmli Alim Rusiya Federasiyasının Miçurin Dövlət Aqrar Universitetinin, Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetinin fəxri professoru, Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adlarına da layiq görülmüşdür.

 

Hazırda İbrahim Cəfərovun rektor olduğu universitetin hədəfi “Tədqiqat universitetistatusunun əldə olunmasıdır. Əminik ki, universitet bu hədəfə çatacaqdır. Bu şərəfli işdə İbrahim müəllimə uğurlar arzu edir, 65 yaşı münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.

 

 

 

Qərib MƏmmƏdov,

AMEA Torpaqşünaslıq və Aqrokimya

İnstitutunun direktoru,

akademik.

 

 

 Respublika.- 2021.- 19 yanvar.- S.6.