Qəhrəman qardaşlar

 

Onlardan biri ən ali məqama, şəhidliyə yüksəlib, biri isə döyüşlərdə ağır yaralanaraq qazi olub. Azərbaycanın hərb tarixinə şərəflə yazılan və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradan Vətən müharibəsində yüzlərlə soydaşımız şücaət və igidlik nümayiş etdiriblər. Zalov qardaşlarının adı da bu zəfərin qazanılmasında ehtiramla anılır. Füzuli rayonundan olan Fəqan və Nicat Zalov qardaşlarının Vətən müharibəsindəki qəhrəmanlıqları dillərdə dolaşır.

 

1993-cü ildə Füzuli rayonunun Aşağı Güzlək kəndindən erməni işğalı nəticəsində didərgin düşən ailə bir müddət məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayıb. Evin kiçik övladı Fəqan 1997-ci ildə burada dünyaya göz açıb. Sonradan ailə rayonun Babı kəndinə, qohumlarının evinə köçüb.

 

Şəhid atası Amil Zalov oğlanları ilə qürur duyduğunu deyir. Fəqan hərbi dəniz qüvvələrində xidmət edirdi. Əvvəlcə 2016-cı il Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsi başlayanda Murov və Goranboy istiqamətində, sonra isə Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Cəbrayıl rayonunun Şükürbəyli kəndində gedən döyüşdə qəlpə yarası alıb. Həkimlər 15 gün müalicə almasını təkid etsələr də, beş gündən sonra yenidən ön cəbhəyə qayıdıb və müharibənin sonuncu gününə kimi döyüşüb.

 

Ürəyinin üstündə üçrəngli bayrağımızı gəzdirirdi. Deyirdi ki, ən böyük istəyi bu bayrağı azad edilmiş hər hansı bir yüksəkliyə sancmaqdır. Noyabrın 9-da Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Sarsılsaq da, təsəlli tapdıq ki, oğlumuz torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. Qanı ilə yaralı Vətən torpağına məlhəm olub. Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

 

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kiçik miçman Fəqan Zalova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Cəsur döyüşçü, həmçinin Prezidentin digər Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Ailənin böyük oğlu Nicat Zalov da xüsusi təyinatlı qüvvələrdə xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək yaralanıb, müalicəsi bitdikdən sonra yenidən xidmətə qayıdıb. Keçən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda da döyüşlərə qatılıb. Düşmənin canlı qüvvəsini məhv edib. Ağır döyüşlərin birində snayperdən açılmış güllə nəticəsində yaralanıb. Döyüş meydanından çıxarılaraq xəstəxanaya çatdırılıb. Qardaşının şəhid olması xəbərini də xəstəxanada eşidib. Yaralı halda Fəqanın yas mərasimində iştirak edib və yenidən müalicə üçün xəstəxanaya dönüb. Hazırda xəstəxanada müalicəsini davam etdirir.

 

Gültəkin Mehrəliyeva qardaşları ilə qürur duyduğunu bildirir və kədərlə deyir:

 

- Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin valideynləri övladlarının itkisinə göz yaşı töksələr də, məğrur dayanıblar. Qarabağı azad edən oğullarla fəxr edirik, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir.

 

Qardaşımın qəhrəmanlıqları çox olub ki, Prezidentimiz onu təltif edib. “Vətən müharibəsi qəhrəmanı” adı verib. Amma o, heç vaxt öz qəhrəmanlığı ilə öyünmürdü. Sonuncu dəfə Bakıda xəstəxanaya qardaşımın yanına getmişdik. Mərkəzi xəstəxanadan hospitala kimi piyada getdik, xeyli söhbət elədik. Qardaşlarımın qəhrəmanlıqları ilə qürur duyuram, şəhid və qazi bacısı olması ilə fəxr edirəm.

 

Vətənə sipər oğulların igidliyi və milli ordunun hərbi qüdrəti sayəsində düşmən ağır məğlubiyyətə uğradıldı. Vətən müharibəsi başlayan gündən xüsusi təyinatlılar, könüllülər də daxil olmaqla ordu hissələri döyüşə atılaraq mifləşdirilmiş erməni ordusuna sarsıdıcı zərbə vuraraq düşməni məhv etdilər.

 

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Qarabağ azadlığa qovuşdu.

 

Şəhidlərin ruhu bu torpaqlarda əbədi yaşayacaq!

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2021.- 16 yanvar.- S.13.