Ülviləşən Ülvi

 

19-20 yanvar 1990-cı il. İndi həmin adda olan gün ay, il qanlı bir tarix kimi hamımızın yaddaşına həkk olunub. Amma qorxunc, dəhşətli tarixi heç kəs tez-tez dilinə gətirmək istəmir. “Ötən qaranlıq gecə” deyəndə bilirik ki, söhbət hansı qaranlıq gecədən gedir. O elə bir gecədir ki, təkcə yaddaşlara yox, tarix kitablarına, ədəbiyyata, şeirə, nəsrə, nəğməyə yazılacaq, tökülən hər qətrə qan bir şahid olacaq, günahsız şəhidlərə haqq qazandıracaq. O haqqın ən ədalətli, ən müqəddəs şahidi isə Azad Azərbaycan olacaq. Qarabağ məsələsini ortaya atan, Moskvadakı havadarlarının, şəxsən ermənipərəst Mixail Qorbaçovun köməyi və dəstəyi ilə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlını öz ata-baba torpağından vəhşicəsinə qovan faşist xislətli daşnak erməni cəlladları 20 Yanvarda özlərinin Bakı şəhərində daha bir çirkin əməllərini həyata keçirdilər. Həmin dəhşətli gecədə aşıqlar yurdu Ulu Göyçənin Ülvi adlı qeyrətli oğlu da qana boyandı, fani dünyadan azadlıq aşiqi kimi köçdü.

 

20 Yanvar gecəsində Xəzərin sinəsi şan-şan idi. Bakı qan içində çalxalanırdı. O gecə hikkəsi sədləri aşan Kreml özünü qalib sanırdı. Tanklar şütüyürdü küçə uzunu, şəhər diksinirdi atəş səsindən. Yenə bozartmışdı göylər üzünü, güllələr yağırdı torpağa dən-dən. Bəli, totalitar sovet rejiminin od püskürən tankları Bakının küçələrində nələr etmirdi ki?

 

Ülvinin bibisi Almaz xanım özünün neçə-neçə qəlb göynədən yazılarını Ülviyə həsr etmiş, Göyçə gölünün nəğməli sahillərində ayaq izləri qalan Ülvinin yolunda şam kimi ərimiş, erkən saçlarına dən düşmüş, Ülvi həsrəti, Ülvi yoxluğu onu göyüm-göyüm göynətmişdir...

 

Almaz Ülvinin Ülvi haqqında yazdığı xatirəsini nöqtə, vergülünə də əl vurmadan oxuculara təqdim edirik:

 

“Həmin gecə Ülvimizi-evimizin körpəsini, oğul nəvəmizin ilkini itirdik. Dünyamız qaraldı, hər yan zülmətə döndü. Daha evdə şıltaqlıq edənimiz, boynumuzu qucaqlayıb saçlarını sığallayanım, üzümdən-gözümdən sadalaya-sadalaya öpənim, sağıma-soluma keçib ərköyünləşənim olmayacaq. İlahi, belə müsibəti kafirə də göstərmə.

 

Evdən çıxanda “qurban olum, ay cici, qoy gedim, bir azdan gələcəyəm, deyibsənsə də hələ gəlmirsən. Hər gün, hər an gözləyirik, amma ... təkcə gözləməklə kifayətlənmirik. Hissi, duyğusu kövrək Ülvim, sən ki heç vaxt bizi, bir kimsəni narahat qoymazdın, incitməzdin. Təbiətin belə idi. O körpə təbəssümlü nəvazişlərin üçün darıxmışıq, gözümüz yolda, qulağımız səsdə qalıb. Səhərlər gözlərini ovuşdura-ovuşdura durub demirsən ki, “ay uşaq, Ülvinin şirin çayı hazırdırmı?! Axşamlar qapısını açıb “Əssalamü-ələykümə” deyib içəri girmirsən. Axı, nənən narahatdır, baban girib-çıxmaqdan yorulur, bibilərinin qəlbini qana döndəribsən. Rauf əmin fikir-xəyaldan qopa bilmir. Sən evə gəlmirsən deyə heç kəs ürək edib gecələr qapını bağlamır.

 

Getdiyin yollarda izlərini axtarıram, oxuduğun ali məktəbə getmişəm “əyləncə” yerin olanAxundovabaş çəkmişəm. Hər yerdə izini görsəm də, qaynar nəfəsli Ülvimi tapmıram. Təzə bir ünvan tapmışam. Şəhidlər xiyabanı. Mən ora “Ülvilər ziyarətgahı” deyirəm. Hər gün ora gedirəm. Şəklini görürəm. “And”ını oxuyuram. “Bünyadzadə Ülvi Yusif oğlu” adlı bir ... Ömrüm-günümtez ... üç nöqtəyə döndün. Dilim gəlmir deyim səni nə əvəz edir orada. Bundan böyük dərd, bundan böyük əzab varmı... Bəs necə dözürəm bu dərdə, bu ağrıya, bu əzaba. (sən dözməzdin buna. Necə ki, torpağına olan zülümlərə dözə bilmədin). Yoxsa səni yaşatmaq üçün qoysa sənin qoyub getdiyin nişanələrini - şeirlərini, nəğmələrini yaşıdlarına, elinə-obana, səni “igid bala” - deyib bağrına basan azəri xalqına çatdırmaq üçün. Bunu bacara biləcəyəmmi? Belə bir məsuliyyətli işin öhdəsindən gələ biləcəksənmi? Nə çətin sınaqlara çəkirsən məni, Ülvim? Candaşım, gündaşım, sənin üzünə dik baxa biləcəyəmmi” görüşəcəyim o gün?”.

 

Ülvi Yusif oğlu Bünyadzadə 1969-cu ildə Göyçə mahalında - Basarkeçərin Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Ülvinin atası Yusif ixtisasca geoloq idi, şeir, poeziya vurğunu idi. Yazdığı şeirlərin sayı-hesabı yox idi. Uzun illər Zod qızıl kombinatında və “Vardenisrayon qəzetində ədəbi işçi vəzifələrində çalışmışdır.

 

Ülvinin şeirə sonsuz məhəbbəti var idi. Təbiətin qoynunda gördüyü romantikliyi incə barmaqları ilə misralara çevirərdi, ilk oxucusu sevimli babası olardı. Ülvinin kövrək poetik duyğuları Göyçənin sazlı-sözlü, göyçək üzlü təbiəti üstə köklənmişdir.

 

Orta məktəbdə təhsil alarkən Ülvi şeirlə yanaşı, hekayədə də gücünü sınayardı. Nəsr qovluğunda “Bəla”, “İnsan”, “Dünyaya qış gəlibdi”, “Köhnə otağın nağılı”, “Məktub”, “Etiraf”, 40-a yaxın hekayə əlyazması və bir povesti var idi.

 

Tərcümə etdiyi hekayələr, şeirlər və bir pyes Ülvi qəlbinin dünya ədəbiyyatına olan sevgisi idi.

 

Ülvi Bünyadzadə APXDİ-nin ingilis dili fakültəsinin II kursunda təhsil alırdı. Dərs əlaçısı, fəal ictimaiyyətçi idi. Bütün yoldaşları ilə səmimi həmsöhbət idi, həssas qəlbilə çoxlarına toxtaq olardı. Atasına oğul, anasına ümid çırağı, qardaşına arxa, bacısına qardaş, baba-nənəsinə körpə, xalqına, xüsusilə bütün göyçəlilərə qeyrətli vətəndaş idi. Ərəb, fars, özbək dillərini sərbəst öyrənmişdi. Gözəl musiqi duyumu vardı. Ürəyindən süzülüb gələn nəğmələrini pianino dilləri üstə səpələrdi. Onun qeyrətini, düşüncəsini, amalını, xırdaca cib bloknotuna yazdığı “AHD”ı təsdiq edə bilər.

 

And

 

Mən Bünyadzadə Ülvi Yusif oğlu həyatımda ilkson dəfə öz vicdanım qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam. Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, yaltaqlığı, alçaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun, öz azərbaycanlı “mən”imi təsdiq edirəm.

 

Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimizin çörəyi mənə haram olsun, vətən üzü görməyim”.

 

İmza: Ülvi, 10/IX.89.

 

Ülvi əbədiyyət dünyasınacan Andına sadiq qalıb. 19 yanvar 1990-cı ilin qaranlıq müdhiş gecəsində toplu-tüfəngli imperiya ordusunun Bakımıza, Xəzər sahillərinə düşmən kimi gətirilməsinə dözə bilmədi, etiraz səsini ucaltdı. Düşmən gülləsi Ülvinin Vətən, Azərbaycan eşqi ilə döyünən ürəyinə tuş gəldi. Onun 20 illik ömrü, nəğmələri, ali məktəbdə aldığı təhsil, daha doğrusu, min-min arzuları nə vaxtsa Göyçəyə, doğma kəndlərə qayıtmaq istəyi yarımçıq qaldı...

 

Vətənin inqilabçı şairi yaddaşlarda millət, torpaq, yurd fədaisi kimi qaldı...

 

Ülvinin qaranlıq bir gecədə sinəsinin imperiya ordusunun gülləsinə tuş gəlməsi, azadlıq aşiqi kimi gözlərini əbədilik yumması atası Yusifin qəlbinə ox kimi sancıldı. Atasından balasına yadigar qalan isə “getdi” sərlövhəli şeiri oldu:

 

O, bir ağır elli idi,

 

O, dəsmallı, güllü idi,

 

Mənim balam dilli idi,

 

Niyə dilsiz oldu getdi?

 

***

 

O, bir təzə çiçək idi,

 

O, qapqara birçək idi,

 

Mənim balam Göyçək idi

 

Niyə rəngi soldu, getdi?

 

***

 

O, bir ərən igid oldu.

 

O, tarixə şahid oldu,

 

Ülvi balam şəhid oldu,

 

El yolunda öldü getdi.

 

Mən qürurla deyə bilərdim ki, bu gün ülviləşən Ülvinin ruhu şaddır.

 

Çünki Azərbaycan öz müstəqilliyini inamla qoruyub saxlayır, 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz işğaldan azad edilmiş, müzəffər Azərbaycan ordusu tarixi qələbə, zəfər qazanmışdır.

 

 

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 16 yanvar.- S.13.