İstedadlı jurnalist-alim, nəcib ziyalı

 

İtki hər zaman ağırdır, o da ola əziz, doğma bir insanın itkisi. Yoxluğunu bilə-bilə gözün yollardan yığılmır, hər yerdə onu axtarırsan. Bəzən lap yanındaymış kimi hiss edirsən. Təskinliyin də o olur ki, vaxt-bivaxt xatırlayırsan, surəti gözlərinin önündən çəkilmir...

Dərdinin nə qədər böyük olduğunu dərk edirsən, günləri, ayları, illəri qova-qova dözürsən. Nə vaxtsa mamır basmış daş da göyərir. Amma insana gəlincə, gələn qalmaz, gedən dönməz deyirlər, bu da həyatın dəyişməz qanunudur. İnsanın fani dediyimiz dünyadan getməsi doğmaları, əzizləri üçün ağırdır, çox ağır. Geri dönməyəcəyini bilə-bilə gözün yollarda, qulağın səsdə olur. Düz bir ildir ki, onun da doğmaları, yaxınları yoxluğunun nisgili ilə yaşayır. İlham Pənahov təkcə öz ailəsindən deyil, bir ocaq timsalında olduğumuzRespublika” qəzeti ailəsinin üzvü olaraq sıramızdan getdi...

İnsanın yaşadığı illər heç zaman izsiz ötmür, özündən sonra əməlləri, xeyirxahlığı yaşadığı ömrünə öz naxışını salır. Kimlərəsə örnək olur. Ən azından doğmalarının həyat yolunun üstündə bir mayaka dönür. Bax belə bir ləyaqətli ömür onu yaşadır, xatırladır. İlham müəllimi unuda bilmədiyimiz, bizdən ötrü əziz olan o qədər xatirələri var ki...

İlham Pənahov 65 illik bir ömür yolu keçdi, uşaqlıq çağlarında yaşadığı çətinliklər onun həyatda əsl Vətən oğlu kimi yetişməsinə bir vəsilə oldu. İllər onu çox sınaqlara çəkdi. Yeddi yaşında atasız qaldı, çətin dolandılar. Qara saçlarını hörən, kirpikləri ilə od götürən Qələm ananın çiyinlərinə düşən yükün ağırlığını ürəyində hiss edən balaca İlham için-için göynədi. Çoxuşaqlı bir ailənin dolanışıq dərdi, ağırlığı ürəyini əzirdi. Tez böyümək, anasının qolundan tutaraq çəkdiyi yükə çiyin vermək, bacı-qardaşlarına sahib çıxmaqdan ötrü həyatlarını axarına salmaq üçün bütün əziyyətlərə qatlaşdı.

İlham Pənahov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib 1973-cü il avqust ayından Göyçay rayonu Alpout kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlayanda bütün çətinliklərin arxada qaldığını, anasına ağrısız, sakit həyat bəxş etdiyini düşündükcə ürəyi rahatlıq tapdı. O, yeni uğurlu bir həyata qədəm qoymuşdu. 1973-1980-ci illərdə kənd orta məktəbində müəllim işləyən İlham Pənahov 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin siyasi-maarif kabinetində məsləhətçi vəzifəsinə təyin olunur. O, bu vəzifədə cəmi üç il işləyir və 1984-cü ilin yanvarında Göyçay Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilir. O illərdə respublika LKGİ Mərkəzi Komitəsinin üzvü olan İlham Pənahov artıq rayon fəalları sırasında tez-tez Mərkəzi Komitənin mötəbər yığıncaqlarında iştirak edirdi. Və təbii ki, bu mühit onun bacarıqlı bir kadr kimi yetişməsində təsirsiz qalmırdı. O, öz vəzifəsinin öhdəsindən bacarıqla gəlirdi, məhz bu səbəbdən də İlham müəllimə yüksək etimad göstərilərək gənc kadr kimi partiya işlərinə irəli çəkilirdi. Bakı Ali Partiya Məktəbinin (indiki Dövlət İdarəçilik Akademiyası) məzunu olan İlham Pənahov 1987-1992-ci illərdə yenidən Göyçay Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışır. Bu, qarışıq zamanlar idi, ölkədə xaos yaranmışdı. Erməni vandalizmi baş qaldırmış, işğalçı dövlətin torpaq iddiaları müharibə həddinə gətirib çıxarmışdı. İlham müəllim partiya işindən uzaqlaşıb sevimli işinə qayıdaraq, pedaqoji fəaliyyətini davam etdirir. 1992-1993-cü illərdə Yeni Azərbaycan Partiyasının Göyçay Rayon Təşkilatının yaradıcılarından biri olurona sədr müavini vəzifəsi etibar edilir. O, özünün “Zəfər yolu” kitabına yazdığı “Ön söz”də işlədiyi həmin illəri belə dəyərləndirir: “Tam səmimiyyətlə deməliyəm ki, bütün uğurlarıma görə o illərə borcluyam”.

İlham Pənahov hələ tələbəlik illərində şeirə, sənətə bağlı olduğundan Azərbaycan ədəbiyyatını dərindən öyrənməyə çalışır, klassiklərimizin yaradıcılığının tədqiqi ilə məşğul olur, mətbuatda maraqlı yazılarla çıxış edirdi. 1996-cı ildən ömrünün sonuna kimiRespublika” qəzetində fəaliyyətini davam etdirir. Əvvəl bölgə müxbiri, sonra baş redaktorun birinci müavini vəzifələrində çalışır. O, jurnalistlik fəaliyyəti dövründə dövlətimizin sosial-iqtisadi sahədəki siyasətinin təbliği işində fəal iştirak edir. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında yaranan, uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf üzrə Dövlət proqramlarının yerinə yetirilməsinin Ağsu, Şamaxı, Mingəçevir, Şəki, Qobustan, Ağdaş, Balakən, Qəbələ rayonlarının timsalında şərhinə geniş yer ayırırdı. Onun qəzetçilik fəaliyyətində regionlarımızın bu günündən, sabahından, təsərrüfat rəhbərlərinin qabaqcıl əmək adamlarının fəaliyyətindən bəhs olunur, ölkədə aparılan quruculuq işləri barədə səmimi söhbətləri ictimaiyyətə təqdim edilir.

İlham Pənahov bacarıqlı jurnalist, istedadlı qələm sahibi kimiRespublika” qəzetində dərc etdirdiyi yazıları, eləcə də kitabları ilə milli mətbuatımızın inkişafına öz töhfəsini verirdi. Müstəqilliyimizin ilk illərindən başlayaraq ictimai-sosial mövzularda qələmə aldığı məqalələri ilə oxucuların rəğbətini qazanırdı. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan İlham Pənahov müxtəlif illərdə “Həsən bəy Zərdabi”, “Nailiyyət” diplomları ilə təltif olunmuş, “Qızıl qələm” mükafatına layiq görülmüşdü. Pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Pənahov Rusiya Federasiyasının Beynəlxalq Münasibətlər Akademiyasının həqiqi üzvü idi.

İ.Pənahov 2000-ci ildə “Siyasi məzmunlu lirik əsərlərin tədrisi yolları” mövzusunda dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi alır. OnunÖmür bir Tanrı payı” (2002), “Dolaylardan gələn səda” (2004), “Zəfər yolu” (2007), “Uğurlu siyasətin təntənəsi” (2010), “Xalq ilə xalq üçün” (2012), xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” (2013) və Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10 illiyinə həsr olunmuş “10 il xalqın xidmətində” (2014) kitabları işıq üzü görürictimai mühitdə rəğbətlə qarşılanır.

İlham müəllim vətənpərvər bir ziyalı idi. El-obasını, Vətənini sevirdi. Son illər başımıza gətirilən müsibətlər Azərbaycan vətəndaşı olaraq ürəyini ağrıdırdı. Buna baxmayaraq, sabaha, gələcəyə inamı böyük idi, bir gün haqqın, ədalətin yerini tapacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin qisasının alınacağına inanırdı. Yaşasaydı, rəşadətli Azərbaycan ordusunun tarixi qələbəsinə nə qədər sevinəcəkdi...

İlham Pənahov gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı Xuraman xanım, övladları Vüsalə, Vüqar, nəvələri həyatda ən böyük sevgisi, sevinci idi. Amansız ölüm bu xoşbəxtliyi çox gördü İlham müəllimə. Bir il əvvəl qəfil ölüm onu doğmalarından ayırsa da sevdiklərinin xatirəsindən silə bilmədi...

Ruhun şad olsun, əziz həmkarımız...

 

 

Respublika.- 2021.- 16 yanvar.- S.14.