Xalqımızın tarixində azadlıq mübarizəsinin unudulmaz səhifəsi

 

31 ili tamam olan 20 Yanvar qırğını suverenlik və ərazi bütövlüyü uğrunda SSRİ imperiya qüvvələrinə qarşı Azərbaycan xalqının silahsız mübarizəsinin zirvəsi idi. Bu kütləvi müqavimət əslində xalqın yumruq kimi birləşməsinə, vəhdətinin daha da möhkəmlənməsinə və imperiya zəncirlərinin qırılmasına səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu günün tarixi əhəmiyyəti və mahiyyəti barədə demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq oluğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən oğulları Qanlı Yanvarda xalqmızın qəhrəmanlıq səhifəsinə parlaq səhifə yazdılar”.

 

 

Müstəqillik mücadiləsində

yenilməzlik nümunəsi

20 Yanvar tarixi hadisəsinin faciə kimi deyil, XX əsrdə dünya xalqlarının azadlıq uğrunda mücadiləsi tarixinə ən parlaq mübarizə səhifələrindən biri kimi düşmüşdür. Diqqət etsək görərik ki, elə millətlər, xalqlar, etnik qruplar olub ki, mövcudatda yerini, xidmətlərini doğru-düzgün qiymətləndirə, yəni özlərini tanıya bilmədikləri, mənəvi dəyərləri və milli şüurlarıyla tarixlərinə sahib çıxmadıqları üçün digər xalqların içərisində ya əriyiblər, ya da təcavüzkarların hücumuna, işğalına görə tarixin səhnəsindən siliniblər. Xalq öz milli mənliyini qoruyan, dərk edən, yaşadan fərdlərin toplusudur. Bu toplumu yönəldən milli şüur, milli mənliyin məhək daşı olan milli mənəviyyat irsi ötürülən qan yaddaşı onu əsrdən-əsrə, minillikdən-minilliyə keçirir, yaşadır. Azərbaycan xalqı SSRİ imperiyası daxilinə zor gücünə qatılsa da, tarixini, keçmişini, qan yaddaşını qoruyub gələcək nəsilə ötürə bilmişdir. Manna, Midiya, Alban, Arran, Atropatena dövlətlərinin tarixi, Ağqoyunlu Uzun Həsənin, Şah İsmayıl Xətainin, XX əsrdə ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan dilinin dövlət dili səviyyəsində istifadəsi, xanlıqların müstəqillik uğrunda mücadilələri, imperiyalara qarşı çarpışma səhnələrinin, milli-mədəni dəyərlərinin, ədəbiyyat nümunələrinin, xalqa çatdırılması, əxz edilməsi və s. Odlar Yurdunu ayıq-sayıq saxlayaraq öz mənliyini meydana qoymaq bacarığı verdi. Milli şüurun oyanışı imperiya qüvvələrinə qarşı mübarizədə ona güc və inam verirdi.

1990-cı il yanvarın 19-u, qışın şaxtalı, sazaqlı bir günüdür. SSRİ rəhbərliyinin Dağlıq Qarabağda baş qaldırmış separatçılıq hərəkatına birmənalı dəstəyinə, hətta erməni yaraqlılarının silahlandırılmasına, azərbaycanlıların isə əksinə tam silahsızlaşdırılmasına, paytaxtımızda və respublikanın müvafiq bölgələrində daxili qoşun hissələrinin yerləşdirilməsinə baxmayaraq, təcavüzkarların zorakılıqlarının, təxribatının, genosid siyasətinin, etnik təmizləmə aparmalarının qarşısının alınmasına qarışmamalarına göz yummalarına, baş verən sonu görünməyən vandalizm aktlarının həm İttifaq miqyasında, həm də dünya miqyasında açıqlanmasının informasiya blokadası ilə qarşısının alınmasına, qədimdən qədim ərazilərimizin açıq-aydın Mərkəzin müdaxiləsi ilə işğalına etiraz edən xalqın Azərbaycan KP MK-nın qarşısında mitinqi davam edir. Tələb eynilə qalır: imperiya Mərkəzindən asılı olan respublika rəhbərliyi istefa verməli, sovet qoşunları Bakıya girməməlidir, Qarabağda separatçılığın, qanunsuz silahlı dəstələrin azğınlığının qarşısı alınmalıdır. Mitinqin rəhbərləri ilə Mərkəzin danışıqları gedir. AXC-nin nümayəndəsi Nəcəf Nəcəfov Moskvanın rəhbərliyə Ayaz Mütəllibovu və ya V. Polyaniçkonu namizəd verdiyini deyir. Həsən Həsənovu isə daha çox milliyyətçi xarakterinə görə qəbul etmədiklərini bildirir. Nemət Pənahlı özümüzün namizədimiz var deyir. Danışıqlar dalana dirənir. Saat 19 radələrində televiziyanın enerji blokunun partladılması xəbəri gəlir. Bu artıq informasiya blokadasının yaradılması demək idi. Etibar Məmmədov ikinci katib Polyaniçkonun sovet qoşunlarının saat 24 radələrində şəhərə girəcəyini ona bildirdiyini deyir. Mitinq eliyənlərə çatdırır ki, o, belə deyib ki, adamlar barrikadanı ləğv etsinlər. Yoxsa, “Oni otkroöt şkvalğnıy oqonğ” (yəni hər gördüklərini gülləbaran edəcəklər). Lakin xalq dağılmır. Kimisi 1989-cu ildə aprelin 9-da Gürcüstanın paytaxtı Tbilisidə sovet qoşunlarının qanlı aksiyasının beynəlxalq miqyasda ciddi qınağa məruz qalmasından sonra Azərbaycanda belə addım atmayacaqlarına inamı, kimisinə də şəhidsiz torpağı geri almaq olmaz əqidəsi barrikadalarda blokadanı davam etdirməyə güc verir. Ancaq onu da demək lazımdır ki, Mərkəz xalqımızın inadını qırmaq, imperiyanın gücünü göstərmək üçün çox ciddi hazırlıq aparmışdı. 1989-cu ilin dekabr ayının sonunda Naxçıvanda İranla sərhəddə tikanlı məftildən çəpərlər sovet sərhədçilərinin bilavasitə fəal iştirakı ilə sökülmüşdü. Dərhal da Mərkəzin informasiyası, daha doğrusu dezinformasiyası ilə dünyaya sərhədi “ekstremistlərin” dağıtdığı barədə məlumatı yayıldı. 1990-cı ilin yanvar ayının 13-14-də Bakıda, məlum olduğu kimi, KQB-nin təşkili və erməni təxribatçılarının icrası ilə erməni qırğını təşkil olundu. Paytaxtımızda 12 min daxili qoşun hissələrinin kontingenti olmasına baxmayaraq, bu aksiyaya mane olunmadı, seyrçi mövqe tutmuşdular. Paralel surətdə dekabr ayının sonundan da ermənilərin daha kütləvi şəkildə məskunlaşdıqları Krasnodar, Pyatiqorsk, Armavir və digər bölgələrdən ehtiyatda olan xeyli erməni hərbi səfərbərliyə çağırılırdılar. Beləliklə, dünyanın nəzərini həqiqətdən yayındırmaq üçün qondarma “dövlət sərhədlərinin dağıdılması”, “ekstremizm”, və “milli zəmində vandalizm və qırğın” aksiyası informasiyaları artıq hazır idi. Səfərbərlik haqda informasiyaları isə biz Almaniyanın “Nemetskaya volna”, ABŞ-ın “Svoboda”, “Azadlıq”, “Qolos Franüii” və s. dünyanın kütləvi informasiya vasitələrindən öyrənirdik. Azərbaycanı gözləyən təhlükələr çox ciddi idi.

Gecə saat 12-dən keçirdi. Şaxta qılınc kimi kəsir. Soyuğa tab gətirmək üçün etirazçılar ocaq qalayıblar. Minlərlə insan blokadada iştirak edir. Bu zaman ən müəmmalısı da o idi ki, az qala iyirmiyə qədər AXC-nin aparıcı radikal rəhbərlərindən sayılan Nemət Pənahlı bu barrikadaların hər tərəfində görünür, dirənişi davam etdirməyə çağırırdı. AXC-nin digər təkamül yolumu, liberal yolumu deyək,- Əbülfəz Elçibəyin tərəfdarlarının etirazçılara xəbərdarlığı iştirakçıların sayını qətiyyən azaltmırdı. Növbəlilik də onlara əlavə ruh verir, xalqın birliyini əyani ifadə edirdi.

Qəflətən iriçaplı pulemyot və avtomat atəşləri sükutu pozdu. Yandırıcı güllələr öz qızmarlığı ilə göyün soyuq, bakirə sinəsini öz qanlı caynaqlarıyla yandırır və yırtır, əksəriyyəti də dirənişçiləri hədəfə alıb canını əlindən alır, “Vətən-vətən” deyən köksünə sancılırdı. Bu arada reproduktorla “ay azərbaycanlılar, ay qeyrəti, namusu olanlar küçəyə çıxın, Bakı qan içindədir. Oraya gedin, Tbilisi prospektinə gedin!”-, deyə haray da çəkilirdi. Görəsən, o kim idi və bu harayda məqsəd nə idi, yardıma çağırışmı, yoxsa qanlı olayı daha da dərinlətmək üçünmü? Zaman onu aşkarlayacaqmı? Lakin bunu bilirəm ki, bircə anda kimini bu səs, kimini isə eşidilən atəş, kimini vətəndaşlıq, qeyrət hissi, kimini isə blokadada iştirak edən əzizlərinin, yaxınlarının taleyi ayağa qaldırdı. Hələ də nələrin baş verdiyini kəsdirə bilməyən xalq küçəyə axışdı. İçərisində uşaq da, qoca da, cavan da, qız da, oğlan da vardı. Ən güclü atəş Tbilisi prospektində idi. Sanki güclü, istedadlı bir rejissor yüksək səviyyədə təşkil edilmiş müharibə səhnəsi çəkirdi. Tanklar, özüyeriyən toplar yolu kəsmiş yük və minik maşınlarını, müxtəlif maneələri konserv qutusu kimi bircə anda əzir, qabağına çıxan adamların hamısını gülləbaran edir, üstündən keçib gedirdi. Etirazçılar su və benzin daşıyan maşınların banlarına doldurduqları benzinin suya “döndüyünü” görəndə lap özlərini itirdilər. Tbilisi prospektindəki konsert-idman sarayının yanındakı “Salyan kazarması”ndan - Hərbi hissədən anqarlardan divarları uçuraraq tanklar və hərbçilər də barrikadalara və müxtəlif təyinatlara tərəf şığıdılar. Hər tərəfdə ağlasığmaz vəhşət yaşanırdı, rəmzi barrikadalar imperiya Mərkəzinin ağır hərbi texnikasının icra etdiyi siyasi ambisiyasının ağır tırtılları altında bir anda yox olurdu. Moskvanın, daha doğrusu M.S.Qorbaçovun SSRİ rəhbərliyinə gəldiyində tətbiq etdiyi siyasi yeniliyi aşkarlıq və yenidənqurmanın (guya demokratiya) həqiqi siması bu imiş: Ərazilərimizin Ermənistan tərəfindən işğalına rəvac vermək və bu aksiyanın daha sürətlə reallaşması üçün həm də zor tətbiq etmək. Haraya gələnlər bu dəhşətli mənzərəni görən kimi bir anlıq özlərini itirdilər, sanki yuxudaydılar. Yıxılanın qalxmadığını görən etirazçılar inilti və fəryad səslərindən, insanlardan axan, fışqıran qandan, evlərə, küçələrə, hər qaraltıya atılan güllə selindən başa düşdülər ki, bu, hər görünəni qarşısına dağ seli kimi alıb aparan dəhşətli dərəcədə qanlı və real, acı bir həqiqət, vulkan kraterindən axan qızmar lava kimi ölüm axınıdır. Ömürləri boyu ən humanist adlandırdıqları, fəxr etdikləri sovet ordusunun tanklarından, üstündəki qəribə geyimli, uzun saçlı, saqqallı əsgərlərin əllərindəki avtomatlardan, zirehli maşınlardan, ağır texnikadan atılan güllələr havaya-yerə yox, birbaşa onların ədalətsizliyin cəhənnəm odu kimi təsirindən yanan, haraylarına cavab almadıqca da parça-parça olan ürəklərinə tuşlanmışdır. Yaralıları, yerə yıxılanları qaldırmağa, kənara çəkməyə cəhd edənlər də ölümə məhkum edilmişdilər. Etirazçılar və köməyə gəlmiş hər bir adam vətən torpağı naminə ölüm püskürən bu ordunun alov saçan ağzına atılmağa hazır olsa da indi ən düzgün yolun lüzumsuz qurban getməyin qarşısının alınmasının olduğunu dərk edirdi. Hər kəs bir-birilərinə kömək edərək oradan uzaqlaşmağa çalışırdı İllərlə özünü beynəlmiləlçi, haqq-ədalət simvolu elan edən Moskvanın-Mərkəzin Qarabağda separatizmi, İrəvanın genosidlə azərbaycanlılardan təmizlənməsinə soydaşlarımızın-vətən övladlarımızın hüquqa uyğun və ədalətlə baxış tələbinə yeni, daha ağır, artıq açıq-aşkar işğalla cavabı xalqımızın milli şüurunun oyanışında son yekun mərhələsi olan azadlıq adlı məramı yazdı. Bu, təcavüz Moskvanın ədaləti yox, hansısa daha qorxulu siyasi addımlar üçün erməni terrorunu, təxribatını və işğalını dəstəkləməsinin təsdiqi idi.

Səhər 6 radələrində küçələrdə zirehli maşınlarda qoyulmuş reproduktorlardan xəbər verildi ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakıda fövqəladə vəziyyət elan olunub. Günortadan keçmiş Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Elmira Qafarova bəyanat verərək bildirdi ki, Bakıda fövqəladə vəziyyət respublika rəhbərliyinin razılığı olmadan Konstitusiyanın pozulması ilə elan edilib.

Bunun məsuliyyəti onu tətbiq edənlərin üzərinə düşür. Şəhərin hər yerində isə pulemyot və atəş səsləri eşidilirdi. Lakin insanlar qorxu hissini itirmişdilər. Hamı küçəyə axışırdı. Tbilisi prospekti qan içində idi, onbirinci qızıl ordunun (indiki 20 Yanvar metrostansiyasının yerində) heykəlinin yanında təqribən 10-12 kvadratmetrlik qanlı gölməçə vardı. Yaşayış və bir çox inzibati binaların çoxu da gülləbaran edilmişdi. Hər bir addımdakı zorakılığın izləri, qanlı ləkələr, tək ayaqqabı, paltarlar, gödəkçələr, dağıdılmış tonqallar, tırtılların, hətta magistralın, uzaq evlərin arasındakı izləri və s. ordunun qəddar və barbarlığından, insanların necə amansızlıqla izlənməsindən xəbər verirdi. Bir neçə saat keçməmiş bütün bu izlərin üzəri Azərbaycanın azadlıq uğrunda dinc inqilabi mübarizəsinin rəmzinə çevrilən qırmızı qərənfillərlə örtüldü. Bu o demək idi ki, xalq öz mücadiləsini davam etdirəcək, şəhid və qurbanlarını zaman-zaman yaşadacaq və ədalətsizliklə heç bir zaman barışmayacaq. İnsanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qabağına axışırdılar. Lakin təxribatçılar da öz fəaliyyətlərini davam etdirirdilər. Atəş səsləri ara vermirdi. İmperiya Mərkəzi Bakıda silahlı üsyan, döyüş mənzərəsi yaratmaq və dünyaya yaymaq üçün dəridən-qabıqdan çıxırdı.

Azadlıq (o zaman Lenin) prospektindən M.Ə.Rəsulzadə (o zaman Varovski) qəsəbəsinə dönən yerdə üstünə “milisiya” yazılmış zirehli maşın, arxasınca da Qaz-66, içində də 20-dən çox əsgər gəldi. 14 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən AXC Binəqədi rayon şöbəsinə getdim. Toplaşanlardan bir nəfər odlu-alovlu çıxış edərək Binəqədi yoluyla gələn zirehli komandir maşınına hücum eləməyi və ələ keçirərək döyüşməyi təklif edirdi. Söz alıb etiraz etdim. Qüvvələri qorumağı, dinc mübarizəyə başlamağı təklif etdim. Bir zirehli maşını və ya bir neçə avtomatı əldə etməklə yüzminlik, ağır texnikalı işğal qoşununa qalib gəlməyin mümkün olmadığını, həm də bu hərəkətin Moskvaya haqq qazandıracağını dedim. Dinlədilər, razılaşdılar. Qərargahdan çıxanda zirehli transpartyorun qülləsinin mənə tərəf tuşlandığını gördüm. Ürəyimə sakit, güclü bir təmkinlik hissi hakim oldu. Bir neçə dəqiqəlik bu qarşıdurma mənə çox uzun göründü. Qərargahdan çıxanlar tərəfindən heç bir qeyri-adi hərəkətə baş vurulmadığını görən hərbçilər getdilər.

Yanvarın 22-də şəhidlərin dəfn mərasimində iştirak etmək üçün Azadlıq meydanına getdik. Öyrəndik ki, küçədə, evinin qabağında, mətbəxdə, pəncərədən baxanda, eyvanında, işə gedən, işdən gələn, harda gəldi onlarla müxtəlif milliyyətə mənsub adamlar öldürülüb. Qeyd etmək lazımdır ki, bu qəddarlıq və haqsızlıq aylarla davam etmişdir. Həmin gün ümumittifaq radiosunun “Mayak” proqramı ilə səfərbər edilib, Bakıya göndərilmiş əsgərlərə SSRİ müdafiə naziri Yazovun təşəkkür etməsi bütün dünyaya yayıldı. Bu vaxt Bakıda matəm idi. Xalq öz şəhid və qurbanlarını sovet hökuməti tərəfindən dağıdılmış S.M.Kirov adına park adlandırılmış 1918-ci ildə ermənilərin soyqırımına məruz qalmışlarının dəfn olduğu məzarlığında-Çəmbərəkənddə ana torpağın ağuşuna tapşırırdı. Yurd yeri ona can verən övladlarını bağrına basırdı! Gələcək nəslə bir örnək, bir məktəb, bir qan yaddaşı, varlığımızın təməl daşı kimi!

Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, öz varlığını bir daha dünyaya tanıtdı, imzasını şəhid və qurbanlarının qanı ilə tarixə yazdı. 20 Yanvarda tarix təkrar olundu, qanla yüksələn bayraq estafeti qəbul edənlərə - müstəqillik uğrunda mücadiləni davam etdirən digər döyüşçülərə verildi.

Azadlıq şəhidlərinin dəfnində milyondan artıq insanın iştirakı ilə millət bir daha qəti etirazını nümayiş etdirdi, bütün dünyaya sarsılmadığını, sınmazlığını elan etdi. Dənizdə isə Xəzər Dəniz Donanmasının heyətinin etirazı günlərlə davam etdi. Gəmilərdən efirə verilən veriliş və çağırışlar dünyanı olaylardan xəbərdar edirdi. Bir neçə gündən sonra hərbi eskadra bu mülki gəmilərə silahlı basqın etdi

Yeni dünya düzənindən

yararlanmaq istəyən ermənilər

Artıq məlumdur ki, ermənilər dünyanı idarə etmək, nüfuz dairələrinə bölmək istəyən böyük qüvvələrin oyunlarında daim iştirak edərək onların nəzərində zərrə görünən paylarını almaq istəyirlər, ona görə də törətdikləri qeyri-insani əməllərinə, soyqırımlarına söz deyən olmayıb. Sovet dönəmində onlar dəfələrlə Naxçıvana, Dağlıq Qarabağa rəsmən ərazi iddiası irəli sürmüşdülər. Lakin müxtəlif dövlətçilik qurumu olan çoxmillətli imperiyada onlara bu əraziləri vermək çox təhlükəli olduğu, Azərbaycan xalqı da qəti etiraz etdiyi üçün Moskva bu tələbi rədd etmişdi. Mərkəzin son dəstəkləməsinin səbəbi təbii ki, müasir yaranmış beynəlxalq və daxili şərait idi. 1970-ci illərin axırında SSRİ-də iqtisadi və mənəvi tənəzzül başladı. Xarici radiostansiyalarda səbəb kimi Əfqanıstan müharibəsi, mərhələli əvəzinə birbaşa tikintisi aparılan Baykal-Amur Magistralının maddi zərərini və dövlətin bütün təbəqələrini bürümüş rüşvətxorluq və korrupsiyanı göstərirdilər. Sovet rəhbərləri ümidverici bir dönüş yarada bilmirdilər. SSRİ iqtisadiyyatı böhran keçirirdi. Hərbi pakt olan Varşava müqaviləsinin 98 faizini də imperiya ödəyirdi, cəmi iki faizini Almaniya Demokratik Respublikası (indi AFR-lə birləşib) və Çexoslovakiya (hazırda müstəqil Çexiya və Slovakiya dövlətləri) ödəyirdi. Bu ağır maliyyə yükü də SSRİ-ni böhrana aparırdı. NATO-da isə vəziyyət tamam başqa idi, üzv ölkələr haqq ödəyirdilər.

O zaman mövcud dünya KİV-ində dünyada yeni düzənin başlayacağı, klassik, teokratik və liberal-demokrat fəlsəfi görüşlərin öz effektini itirdiyi, beynəlxalq böhranın başlayacağı, alternativ fəlsəfi görüşlərə ehtiyac olduğu barədə informasiyalar yer alırdı. Hətta XX əsrin 70-ci illərində SSRİ Ali Sovetinin orqanı “İzvestiya” qəzetində iki məqalədə SSRİ-nin dağılacağı və yerində yeni dövlətlərin yaranacağı, onların birləşərək yeni bir ittifaq yaradacaqları, onların da NATO-ya alternativ bir hərbi pakt qura biləcəkləri barədə material da dərc olunmuşdu. M.S.Qorbaçov imperiyanın sükanı arxasına keçəndə isə özüylə Qərbdən improvizasiya etdiyi “Aşkarlıq” və “Yenidənqurma”nı gətirdi. Qərb dünyasında yüzilliklər boyu arına-arına gəlmiş, təkmilləşmiş demokratiyanın, bazar iqtisadiyyatının birdən-birə milli şüurları bir ideoloji çərçivəyə pərçimlədiyi SSRİ-də tətbiqi siyasi avantüradan başqa bir şey deyildi. Birdən-birə insanlara müxtəlif yönlü ideoloji azadlıq verilməsi yüzlərlə ideyanın, ideologiyanın yaranmasına, milli azadlıq hərəkatlarının baş qaldırmasına, müxtəlif mənfi məqsədli cərəyanların da meydana çıxmasına səbəb olmalıydı və oldu da. M.S.Qorbaçovun 1986-cı ildəki Alma-ata, 1989-cu ildə Tbilisidə, Pribaltikada daha sonra Bakıda baş verən cəzalandırma aksiyasının həqiqi siyasi hədəfləri açılmayıb. Lakin XX əsrin əvvəllərində Sovet Rusiyası Azərbaycan Demokratik Respublikasına hərbi təcavüz edərkən “proletar dahisi” V.İ. Leninin Nəriman Nərimanovun siyasi iradəsi ilə reallaşmamış bir ideyasını yada salmaq çox vacibdir. O demişdi ki, bizə Bakı və Xəzəryanı rayonlar lazımdır. Moskva ərazilərimizin qalan hissəsini Şərqi istila etmək istəyən Rusiyaya mifik “böyük Ermənistanı” bizim torpaqlarımız hesabına reallaşdıracaq, imperiyaya əməliyyat kimi verəcək ermənilərə bağışlamaq niyyətində idi. Bu yaranacaq “böyük Ermənistan” Şərqə qarşı əməliyyat meydanı-körpü olmalı idi. Bu ideyanın mərhələ-mərhələ həyata keçirilməsinin bir dəlili də ADR-dən bizə miras qalmış 114 min kvadratkilometr ərazimizin zaman-zaman hissələrinin Ermənistana verilməsi ilə 86 minə qədər azalması və 1988-ci il hadisələri ilə Moskvanın açıq və hərtərəfli dəstəyi ilə 20 faiz torpaqlarımızın Ermənistan tərəfindən işğalıdır. Kommunist ideologiyasının düşmənlərinə də bu lazım idi. SSRİ-nin dağılmasında əsas rol oynayacaq “aşkarlıq” və “yenidənqurma” ideyalarının mühüm yeri var idi bu işğalda. Bu ermənilərə də sərf edirdi. Onlar bu ideyaların pərdələri arxasında torpaq qazanmaq üçün bütün təxribatçı qüvvələrini səfərbərliyə almışdılar. Qarabağ münaqişəsi Qərbin müəyyən qüvvələrinə də SSRİ-ni dağıtmaq üçün lazım idi. Bəs milli münaqişələrə ikili standartlarla yanaşmaq Moskvaya nə verirdi? Qorbaçov SSRİ-ni iqtisadi tənəzzüldən çıxartmaq üçün dövlət sektoruna paralel sosializm iqtisadiyyatında özəl sektor yaratmaq istəyirdi. İttifaq iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası və müttəfiq respublikalarda siyasi baxımdan mərkəzə bağlı xırda muxtariyyatlar yaratmaqla milli idarəetmələri də bütünlüklə öz əlinə almaq məqsədini güdürdü. Lakin birdən-birə müttəfiq respublikalarda bir sıra xarici əlaqələrə icazə verilməsi, özəl sektorun bərqərar olunması, milli mənliyin və dərkin oyanışına səbəb ola bilərdi. Beləliklə, bu səbəbdən federativ bağların möhkəmləndirilməsi üçün müttəfiq respublikalarda muxtar qurumlarda statusu artırmaq, yenilərini yaratmaq həmin milli azlıqlara dövlətçilik qurumları verilməsi və onların ləğvinin də mərkəzin ixtiyarında olması nəzərdə tutulurdu. Ona görə də Moskva Qarabağda separatizmə və Ermənistana güclü dəstək verirdi. SSRİ-nin yeni konstitusiya layihəsində bu maddə artıq var idi. Lakin bu siyasi məqsəd baş tutmadı, SSRİ dağıldı. Azərbaycanın Qırmızı imperiyanın buxovlarından azad olmasında xalqın azadlıq mücadiləsi və onun kulminasiya nöqtəsi -20 Yanvarın çox böyük, demək olar ki, həlledici rolu oldu.

20 Yanvara siyasi qiymət

ulu öndərin təşəbbüsü və

rəhbərliyi ilə verildi

20 Yanvar öz tam qiymətini 1993-cü ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra alıb. O, 1994-cü ilin yanvar ayının 5-də bu barədə xüsusi fərman verib. Fərman iki hissədən ibarətdir. Birinci hissədə hadisənin ildönümü ilə bağlı lazımi tədbirlərin hazırlanaraq həyata keçirilməsi, ikincisi isə siyasi-hüquqi qiymətinin verilməsinə aiddir. Fərmanın icrası nəticəsində xalqımızın bu qəhrəmanlıq səhifəsi tək matəm günü kimi yox, XX əsrin tarixi qəhrəmanlıq mücadiləsi kimi həm ədəbi-bədii əsərlərdə, mədəni-kütləvi və s. tədbirlərdə özünün bədii estetik əksini tapır, həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini bütün dolğunluğu ilə bugünkü və gələcək nəsillərə çatdırır.

Ulu öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev də bu kursu davam etdirərək azadlıq mücahidlərinə, şəhid olanların ailələrinə xüsusi qayğıyla yanaşır. Bu qəhrəmanlıq salnaməsinin yaşaması, nəsildən-nəslə keçməsi, millətimizin milli mənliyinin təsdiqi olduğunu göstərmək üçün bütün lazımi tədbirlər görülür və görülməkdədir. Artıq bu gün milli və müasir üslubda yaradılan Şəhidlər xiyabanları nəinki paytaxt Bakıda, hətta respublikanın bütün rayon mərkəzlərində and yerinə dönüb.

Əsrlər ötəcək, lakin təpədən dırnağa qədər silahlı, ağır texnikayla Bakıya təcavüz etmiş imperiya qüvvələrinə qarşı Azərbaycan xalqının dəyanəti, barışmazlığı, ölümün gözünə dik baxmağı, şəhid qanıyla müstəqilliyinə nail olması nəsildən-nəslə keçəcək və hər vətən oğluna bir örnək olacaqdır. Aqillərimiz demişkən, “Torpaq, əgər uğrunda ölən varsa, VƏTƏNDİR!”

Xalqımızın işğalla, ədalətsizliklə barışmaz və yenilməz ruhu 2020-ci ildə sentyabr ayının 27-dən noyabrın 10-dək davam edən və hər gün zəfərlə müşayiət olunan 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz XXI əsrin ilk döyüş nümunəsi ilə işğal olunmuş ərazilərimizi mənfur düşməndən azad etdi və bu möhtəşəm tarixi qələbənin zəminində 20 Yanvar şəhidlərinin və xalqın kütləvi dirənişinin sarsılmaz təməli də vardır.

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2021.- 20 yanvar.- S.4;5.