20 Yanvar tarixi qəhrəmanlıq salnaməsidir

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, faşist xislətli erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından 31 il keçir.

 

Keçmiş sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun əmri ilə həmin gün Azərbaycan xalqına qarşı yönəldilmiş hərbi təcavüz XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə bu silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi ilə yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyəti bütün dünyaya bir daha nümayiş etdirildi.

 

Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi dəhşətli qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayırmaq olmaz. Çünki Azərbaycan həmin dövrdə həm də Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissəsinin tərkibində Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu fövqəladə vəziyyət elan etmədən erməni quldur dəstələri ilə birgə tanklarla, zirehli maşınlarla Bakıya daxil oldular, Azərbaycan xalqına qarşı analoqu olmayan terror aktı həyata keçirdilər. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 evlə mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğınlarla dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlarqocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

 

Qanlı Yanvar hadisələri ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana və qəlbən bağlı olduğu xalqının taleyinə və ağrı-acısına əsl övlad münasibətini də bir daha bariz şəkildə ortaya çıxardı. Faciənin dünyanın diqqətində olduğu bir vaxtda ulu öndər təqiblərə məruz qaldığı Moskva şəhərində öz haqq səsini ucaltdı, sovet dövlətinə, onun rəhbərlərinə qətiyyət və cəsarətlə öz ehtirazını bildirdi, Azərbaycan xalqı ilə birlikdə olduğunu sübuta yetirdi. Yanvarın 21-də özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirdi. Başda satqın, ermənipərəst Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbiçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən hərbi cinayət adlandırdı, bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

 

Elə Azərbaycanın özündə də 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda prezidentlik fəaliyyətinə və dövlət quruculuğuna başlamasından sonra — 1994-cü ildə atılmışdır.

 

“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

 

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edildi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilmiş qərarda nəhayət ki, 1990-cı il Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

 

Bundan sonra Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” Fəxri adı verildi.

 

“1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncamlı əlil olmuş şəxslərə imtiyazlar müəyyənləşmiş bu istiqamətdə davamlı olaraq qərarlar qəbul edilmişdir.

 

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini uca tutaraq şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə-kompleksinin önünə əklil qoyur. İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “20 Yanvar sovet rejiminin hərbi siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”...

 

Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verilmişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezident İlham Əliyevin “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli fərmanı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

 

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilən 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlığı ənənələrinə sadiqliyini, Vətənin azadlığı naminə ən ağır sınaqlara sinə gərməyə, hətta şəhid verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan xalqı onun varlığını və milli mənliyini qorumaq üçün canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 20 yanvar.- S.8.