Bir daha status haqqında

 

Oxuculara məlum olduğu kimi, 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmiş və birgə Bəyanat qəbul etmişlər. Bu Bəyanatda əsasən müharibənin dayandırılmasından dərhal sonra Rusiya, Azərbaycan və Ermənistan arasında qəbul olunmuş 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndində fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, eyni zamanda yerinə yetiriləcək beynəlxalq daşımaların, həmçinin bu işlərin reallaşdırılması zamanı tələb olunan və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikilməsi kimi məsələlər nəzərdə tutulmuşdur.

Putin 2020-ci ilin 9 noyabrında üç dövlət başçısının Moskvada sülh razılaşmasının şərtlərinin ötən iki aylıq müddət ərzində icrası ilə bağlı məsələlərin müzakirəsində bildirmişdir ki, razılaşmanın şərtlərinə ümumilikdə riayət edilmiş, “heç bir ciddi insident qeydə alınmamışdır. Ermənistan və Azərbaycan öhdəliklərini tam şəkildə yerinə yetirir. 48 mindən çox erməni köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır”.

11 yanvar 2021-ci il Moskva görüşünü “son dərəcə vacib və faydalı” hesab edən Putin deyir: “razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq”.

Azərbaycan Prezidenti İlham Əliyev öz Bəyanatında “çox faydalı və səmərəli” bu görüşün regionun sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etməkdə vacibliyini vurğuladı.

İlham Əliyev atəşkəs elan ediləndən sonra noyabrın 9-10-da imzalanmış Bəyanatın bəndlərinin çox hissəsinin uğurla yerinə yetirildiyindən danışarkən deyib: “Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, - Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

Azərbaycan Ordusunun “dəmir yumruq əməliyyatı” vahiməsindən hələ də ağlı başına gəlməyən Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm danışır. Hər şeyi itirdiyini, miskin vəziyyətini dərk etmir. O, ümidini havadarlarına bağlayıb. Elə bilir ki, yuxuda gördüklərini reallaşdıra biləcəkdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Putin və İlham Əliyevin Bəyanatına rəğmən öz Bəyanatında “münaqişə hələ nizamlanmayıb, münaqişə qalır” deməsi, “...Lakin hələ həll edilməsi olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir” fikrini ortaya atması təsadüfi deyil. Bəzi politoloqların düşündükləri kimi, onun sözləri yalnız erməni müxalifətini sakitləşdirməyə hesablanmamışdır.

Bu, əslində Paşinyanın məğlubiyyətlə barışmamasını, Dağlıq Qarabağı da “itirə biləcəyinin” təlaşını, ağrı-acısını, qorxusunu keçirməsidir. O, Ermənistana Fransa kimi dəstək olan güclü ölkələrə, varlı erməni lobbilərinə və diasporlarına, “Asala” terrorçu hərbi birləşmələrinə güvənir. Paşinyan ordusuz “sərkərdə” vəziyyətinə düşdüyünü, Azərbaycan ordusunun yenilməz gücünü, qüdrətini dərk etmir. Paşinyan hələ də düşünür ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir. Ona görə də müstəqil respublika yaratmaq xülyasından, status məsələsindən əl çəkmir.

Paşinyan sülhməramlıların nəzarətində olan Dağlıq Qarabağa heç kəsdən rəsmi icazə almadan xarici ölkə parlamenti nümayəndələrini dəvət edir, hətta silahlı terrorçu dəstələri yerləşdirir.

Ermənistan xarici işlər naziri də Dağlıq Qarabağa səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə giriş nitqində sərbəst gəliş-gedişi təəssüflə xatırladıb demişdir: “...biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşuq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Hərbi təxribatlar törətmiş terrorçu, diversant dəstəsi Ermənistanın Şirak vilayətindən gəlib noyabrın 26-dan işğaldan azad olmuş Xocavənd rayonunda məskunlaşmışlar... “Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə noyabrın 10-da qurtarıb. Bəyanat imzalanıb. Kim göndərir onları oraya?”.

Prezident İlham Əliyev sözünə davam edərək deyir: “Ermənistanda düzgün nəticə çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”.

Paşinyanın təxribat xarakterli bu hərəkətləri onun inadından dönmədiyini, erməni daşnak millətçilərinin varisi kimi onların “Dağlıq Qarabağ”da, Azərbaycanın əzəli torpağında “erməni dövləti yaratmaq” sərsəm ənənəsini həyata keçirmək cəhdinin səmərə verəcəyinə ümid bəslədiyini göstərir.

***

Məlum olduğu kimi, Dağlıq Qarabağ Vilayətinə status verilməsinə ilk cəhdi 1920-ci illərdə erməni daşnak kommunistləri Mirzoyan, Qraxan havadarlarının (Stalin, Kirov, Orconikidze, Çiçerin kimilərin) köməyi ilə göstərmişlər.

1920-1922-ci illərdə Azərbaycan Nazirlər Sovetinin sədri Nəriman Nərimanov Dağlıq Qarabağın Ermənistana verilməsinə imkan verməmiş, hətta onların gələcəkdə münaqişələrə səbəb ola biləcək “Vilayət statusuna” qarşı çıxmışdır. Oxucuya iki rəsmi sənədi təqdim edirəm:

N.Nərimanov 1923-1924-cü illərdə Mərkəzi Komitəyə “Ucqarlarda İnqilabımızın tarixinə dair” adlı tarixi məktubunda yazır:

“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər.

...Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsinə keçirdi. Bu məqamdan kəndlilərin (və türklərin kəndlilərə münasibəti olduqca kəskinləşmişdir” (Bax: N.Nərimanov. məktublar və Qarabağ məsələsinə dair sənədlər. Bakı, “Nurlar”, 2018, səh.100).

SSRİ-nin yaradılmasından sonra Mirzoyan Orconikidzenin köməyi ilə 1922-ci il dekabrın 22-də Zaqafqaziya federasiyasının İttifaq Sovetindən Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi qərarına nail oldu. Bundan sonra Azərbaycan rəhbərliyi (Kirov, Mirzoyan) azərbaycanlıların rəyini nəzərə almadan sonradan Dağlıq Qarabağda məskunlaşmış ermənilərə muxtariyyət statusu verməklə Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi bütövlüyünü itirdi. Eyni zamanda Qarabağ torpağına xaricdən köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinə yol açıldı. Beləliklə, 1923-cü ilin 7 iyulundan 2020-ci ilin axırlarınadək ermənilik kabusu Dağlıq Qarabağı dərd-bəla, dağıntı, soyqırımı girdabına saldı.

Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Vilayətinin dövlət qurumu kimi inkişafına qayğı göstərilmiş - hüdudları və səlahiyyətləri genişləndirilmişdir.

Dağlıq Qarabağ Vilayətinin ərazisi 4,4 min kvadratkilometr, paytaxtı Xankəndi olmuşdur. Bu vilayətin tərkibinə Ağdərə, Əsgəran, Xocavənd, Hadrut rayonları və Şuşa şəhəri daxil edilmişdir.

Məlum olduğu kimi, XX əsrin 50-60-cı illərində Sovet hökumətinin xarici ölkələrdən (Suriya, Livan, İran) ermənilərin kütləvi surətdə köçürülməsi Azərbaycanda və Ermənistanda ictimai-siyasi həyatın nizamına ciddi təsir göstərdi. Gizli daşnak siyasi dərnəklərin yaranması və fəaliyyəti bölgələrdə millətçilik meyillərinin güclənməsinə təkan verdi.

M.S.Qorbaçovun “aşkarlıq və yenidənqurma” dövründə “Hayastan” Azərbaycanla “qardaşlıq” münasibətlərini unutdu. Dağlıq Qarabağda erməni separatçıları və millətçiləri baş qaldırdı. 1965-ci ildə 45 min erməninin Moskvaya göndərdikləri Müraciətdə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi tələb olunurdu. Dağlıq Qarabağ Muxtar Vilyətindəki separatçı-terrorçu təşkilatının formalaşdırdığı “Krunk” (Durna) hərəkatı Xankəndidə, İrəvanda mitinqlər dalğası ilə müşayiət olunurdu. Sovet hökuməti separatçı-terrorçu erməni qudurğanlığını ört-basdır etmək məqsədilə “1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” (1988-ci il 24 mart) qərar çıxartdı. Bu gərgin günlərdə o zamankı Azərbaycan rəhbərliyinin acizlik və mütilik mövqeyi tutması erməni millətçilərinin Moskvadakı havadarlarına Dağlıq Qarabağı Azərbaycan SSR-in tərkibindən çıxartmasına və Ermənistana birləşdirməsinə imkan verirdi. Məhz bu xəyanətkar məqsədə Volskinin başçılığı ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilyətində xüsusi idarəçilik forması tətbiq edildi (1989-cu il 10 yanvar).

Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində Volskinin Xüsusi İdarə Komitəsi bir il çəkməmiş fəaliyyətini dayandırmalı oldu. Onun səlahiyyətlərini yerinə yetirən yeni yaranmış Qarabağ Komitəsi Ağdamda fəaliyyətə başladı. Münaqişəni aradan qaldıra bilmədi.

Ermənistan separatçıları Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq müdaxilə etdilər. 1991-ci ilin dekabr ayının 1-də onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, sentyabr ayında isə “Dağlıq Qarabağ Respublikası” qurumunun yaradıldığını rəsmi elan etdilər. Qarabağ erməniləri Şaumyan rayonunda Xalq deputatları sovetlərinin birgə sessiyasında “Dağlıq Qarabağ Respublikası” adlı saxta qurum yaratdılar. Bu, erməni daşnak siyasətçilərinin faşist xislətini göstərdi.

***

Azərbaycan Respublikasının 1991-ci il 26 noyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmişdir. (Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında “Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmışdır). Bu Qanunda Muxtar Vilayətin ləğvinin göstərilməsi səbəblərini oxucuya təqdim edirəm:

“Məlum olduğu kimi öz milli dövlət quruluşu məsələlərini həll etməyə suveren hüququna malik olan Azərbaycan Respublikası Azərbaycan xalqının iradəsini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) - (“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 4-cü maddəsi) əsasında Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilmişdir.

* 1923-cü ildə Azərbaycan xalqının milli mənafeyinə zidd olan, Azərbaycan xalqı ilə erməni xalqı arasında milli ədavətin dərinləşməsinə şərait yaradan, Azərbaycanın ən böyük təbii-iqtisadi bölgəsi olan Qarabağın infrastrukturunun dağıdılmasına və təsərrüfat əlaqələrinin qırılmasına yönəldilən, Dağlıq Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi əlamətləri bu ərazidə yox etmək üçün erməni millətçilərinin istifadə etdikləri amilin - Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qeyri-hüquqi hesab edilmişdir.

* Vilayətin yaradıldığı dövrdə Ermənistan SSR-də yaşayan yarım milyonluq azərbaycanlı əhali üçün heç milli-mədəni muxtariyyətin də yaradılmadığı, sonrakı illərdə isə azərbaycanlı əhali Ermənistandan zorla köçürüldüyü, hazırda orada əslində bir nəfər də azərbaycanlı qalmadığı nəzərə alınmışdır.

* Azərbaycanın əzəli tarixi ərazisini qoparıb almaq üçün Ermənistan rəhbərliyinin yeritdiyi siyasətin və bu siyasətdə DQMV-nin bir alətə çevrilməsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün real qorxu törətmişdir.

* Azərbaycan Respublikasında ermənilərin kiçik bir qrupu üçün milli ərazi qurumunun bundan sonra da saxlanmasının azərbaycanlı əhaliyə qarşı zorakılığın artmasına, genişmiqyaslı terrorçuluq əməlləri törətmək - öz dövlətinin ərazisində yaşayan azərbaycanlıları qırmaq, soyub talamaq, onların evlərinə od vurmaq, əmlakını məhv etmək üçün yerli ermənilərdən təşkil edilən quldur dəstələrinin və Ermənistan ərazisindən göndərilən yaraqlı ekstremistlərin cinayətkarlıq hərəkətlərinin güclənməsinə səbəb olmuşdu”.

Qarabağın dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını tamamilə bərpa etmək, qanunsuz yaradılmış silahlı dəstələri tərk-silah etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorumaq, millətlərarası münasibətləri nizama salmaq zərurəti yaransa da Rusiya Sovet imperiyasının sarsıntı keçirdiyi bir vaxtda mövcud hakimiyyət təxirəsalınmaz missiyanı yerinə yetirə bilmədi.

Erməni millətçiləri Sovet imperiyasının böhranlı 1980-ci illərində Cənubi Qafqazda milli münaqişə törətdilər: Ermənistanda azərbaycanlıları silah gücünə ata-baba yurdlarından qovmağa, Dağlıq Qarabağı Ermənistana birləşdirmək siyasəti yeritməyə başladılar. Münaqişəni qızışdırmağa çalışan ekstremist qüvvələr 1991-ci il noyabrın 20-də sülhməramlı danışıqlara gedən Azərbaycan nümayəndə heyətini Xocavəndə aparan vertolyotu Qarakənd üzərindən uçarkən terror etdilər. Beləliklə, sülh danışıqlarına imkan vermədilər.

Ermənistan qoşunları, separatçı erməni silahlı dəstələri rus sovet hərbi birləşmələrinin dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq əməliyyatlarını gücləndirdilər. Qarabağdan dinc əhalini silah gücünə ata-baba yurdlarından qovdular. Kənd, qəsəbə və şəhərləri xarabaya çevirdilər.

***

Ermənistan qoşunları, Qarabağ erməni silahlı dəstələri və rus sovet hərbi qüvvələri Qarabağı işğal etdi, nəticədə atəşkəslə dayandırıldı.

Atəşkəsdən sonra Qarabağ 30 il işğal altında qaldı. Azərbaycan rəhbərliyi - ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk illərindən Qarabağın düşmən işğalından azad edilməsi uğrunda mübarizə aparmışdır. Bu istiqamətdə çox iş görülmüşdü.

Azərbaycan xalqının iradəsi, seçimi ilə hakimiyyətə gələn İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdi.

İlham Əliyev hakimiyyətə gəlişinin ilk illərindən Qarabağ düyününü Beynəlxalq qanun çərçivəsində, sülh yolu ilə açmağa ciddi cəhd göstərirdi. Eyni zamanda müstəqilliyin kövrək addımlarını möhkəmləndirməyə, güclü dövlət yaratmağa çalışırdı.

Ermənistanın hakim dairələri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqları pozur, Azərbaycana qarşı fitnəkar siyasət yeridirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın iradəsinə, dövlət ətrafında sıx birliyinə arxalanaraq Qarabağ problemini müharibə yolu ilə həll etdi.

Göründüyü kimi, 44 gün ərzində Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə endirdi. Tarixi qələbə qazanaraq Qarabağı işğaldan azad etdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, müzəffər ordumuz “Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu da bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.

Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verərkən demişdir:

“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də, başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq”.

Belə bir məqam tezliklə qismət oldu. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, sıxlaşmış qara bulud parçalandı, Qarabağ bölgəsinin qondarma ləkəsi—status “arxaik söz”, bədnam ad yoxa çıxdı.

İndi heç kəs Azərbaycanı, Qarabağı (Dağlıq Qarabağı) münaqişəli, işğalçı mahiyyətli “status tələsinə” sala bilməz.

Amma sərvaxt olmalıyıq.

Putin də çıxışlarının birində “Qarabağın statusuna gələcəkdə baxıla biləcəyini açıqlamışdır”.

Son Moskva görüşündə “Paşinyan status məsələsinin həll olunmadığını qeyd etsə də, buna nə Putin, nə İlham Əliyev reaksiya verdi”.

Prezident İlham Əliyev çıxışlarının birində Dağlıq Qarabağa status məsələsi haqqında qəti fikrini bildirmişdi: Dağlıq Qarabağ Azərbaycanın rayonlarından biridir, ona ayrıca status verilməsi qeyri-mümkündür.

Azərbaycan dövlət başçısı sədrlik etdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə demişdir: “...Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq”.

Təəccüblü budur ki, “Rusiya xarici işlər naziri Sergey Lavrov hər məqamda, hər fürsətdə Azərbaycanın maraqlarına zidd açıqlamalar səsləndirir” (Bax: “Şərq”, 19 yanvar 2021-ci il, səh. 8).

Rusiya KİV-lərində Qarabağ münaqişəsi ilə bağlı Moskvanın mövqeyi - “Lavrovun Qarabağ planı” adı ilə yayılmışdır.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər üçün geniş mətbuat konfransında öz mülahizələrini şərh etmişdir. Sergey Lavrov deyib:

“Danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənistan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Bütün bu müddət ərzində bölgədə sülh sülhməramlılar tərəfindən həyata keçiriləcək”, - Lavrov münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edib.

“İndi son baş verən toqquşmalar danışıqlar prosesini sürətləndirməklə paralel təhlükəsizlik məsələlərini də həll etməyə imkan verəcək” - deyə əlavə edib.

Göründüyü kimi, “Lavrovun Qarabağ planı” Beynəlxalq qanunlara ziddir. Açıq-açığına işğalçı, faşist Ermənistanın mövqeyini müdafiə etməkdir. Nə üçün dərk etmək istəmirlər ki, Qarabağ Azərbaycandır. Bu torpağın sahibi - türksoylu Azərbaycan xalqı və onun inam bəslədiyi dövlətdir. Azərbaycan xalqı öz rəşadətli ordusunun qüdrətinə inanır və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşib. Söz sahibi bizik.

“Yeni Müsavat” qəzetinin 13 yanvar 2021-ci il tarixli nömrəsində Emil Salamoğlu yazır: “Bu mövzuda bəzi azərbaycanlı təhlilçilər və Prezidentin siyasi opponentləri narahatlıq ifadə edirlər. Onlara görə, status məsələsi yenidən danışıqlara qayıda bilər”.

Təəssüflər olsun ki, “bəzi azərbaycanlı təhlilçilər” və “siyasi opponentlər” mühakimə yürütdükləri siyasi proseslərin mahiyyətindən bixəbərdirlər. Onlar 1923-cü ildə Dağlıq Qarabağa muxtar vilayət statusunun millətçi erməni xuntası tərəfindən verilməsini bilmirlər. Hətta Minsk qrupunun təklifində bu məsələnin gündəmə gəlməsindən sanki xəbərsizdirlər.

İşğalçı Ermənistan ordusu darmadağın ediləndən sonra diz çöküb taqətsiz qalan Paşinyan rəzil durumdadır. Bu halında da faşist xislətindən əl çəkmir. Bir daha erməni millətçilərinə xarici ölkələrdəki havadarlarının köməyi ilə Dağlıq Qarabağa status alıb münaqişə ocağını körükləmələrinə imkan verilməyəcəkdir. ATƏT-in Minsk qrupuna məhəl qoymayan, onun fəaliyyətinə rişxəndlə yanaşan Paşinyan bu gün çıxış yolu axtarır: O, xəcalət çəkmədən Bəyanatında deyir: “...Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır” sözlərini tutuquşu kimi təkrar edir.

Reallıq budur ki, Paşinyan “Qarabağ dərslərindən” bir nəticə çıxarmasa, Ermənistanı ağır böhrandan çıxara bilməyəcəkdir.

Türksoylu xalqın cihadı qarşısıalınmaz tufan kimi hər bir maneəni yox etmək qüdrətinə malikdir. “Dəmir yumruq əməliyyatı” bu fikri təsdiq etdi.

 

 

 

 

QARABAĞ MƏSƏLƏSİNƏ DAİR SƏNƏDLƏR

 

Sənəd ¹1

 

RKP MK QAFQAZ BÜROSU PLENUMUNUN AXŞAM İCLASININ 11 ¹-li PROTOKOLUNDAN ÇIXARIŞ

 

4 iyul 1921-ci il.

İştirak edənlər:

– RKP MK üzvü Stalin, Qafqaz Bürosunun üzvləri: Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner yoldaşlar.

Eşidildi:

Qərara alındı:

5. Qarabağ məsələsi:

Bu məsələ müzakirə olunan zaman iki baxış meydana çıxmış və aşağıdakı məsələ səsə qoyulmuşdur:

a) Qarabağı Azərbaycan hüdudunda saxlamaq.

Səs verirlər:

lehinə: Nərimanov, Maxaradze, Nazaretyan.

əleyhinə: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

b) Bütün əhalinin, erməni və azərbaycanlıların iştirakı ilə Qarabağda sorğu keçirmək.

Səs verirlər:

lehinə: Nərimanov, Maxaradze.

v) Qarabağın Dağlıq hissəsini Ermənistan tərkibinə daxil etmək.

Səs verirlər:

lehinə: Orconikidze, Myasnikov, Fiqatner, Kirov

q) Sorğunu təkcə Dağlıq Qarabağda, b., s-lə ermənilər arasında keçirmək.

Səs verirlər:

lehinə: Orconikidze, Myasnikov, Fiqatner, Nazaretyan.

Qərara alındı: Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, sorğunu ancaq Dağlıq Qarabağda keçirmək.

6) Yol(daş) Nərimanovun bəyanatı: Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onu RKP MK-nın qəti qərarına keçirilməsini vacib hesab edirəm.

Qarabağ haqqında məsələnin ciddi fikir ayrılığı doğurduğunu nəzərə alaraq RKP MK-nın Qafqaz bürosu onu RKP MK-nın qəti qərarına keçirilməsini vacib hesab edir.

Qafqaz haqqında məsələ üzrə səsvermə zamanı yoldaş Oraxelaşvili iştirak etməyib.

M.Y.

RKP MK-sı Qafqaz Bürosunun katibi Fiqatner.

Düzdür: İşlər İdarəsi.

Düzdür: İmza

Zaqafqaziya ölkə komitəsinin partiya arxivi

9 ¹-li arxiv üzrə iş, 15, 1921-ci il, v.v. 23-23

– RKP MK-sı Qafqaz Bürosunun 1921-ci il. Rəyasət heyəti və Plenumlarının protokolları.

Təşkilat-Təlimat şöbəsi.

İnformasiya şöbəsi.

Protokol şöbəsi.

_______________________

 

– Sov.İKP MK yanında MLİ Azərbaycan filialının Partiya Arxivi, f.64, siy. 2 iş 1, vər.118.

 

 

 

 

Sənəd ¹2

 

RKP MK QAFQAZ BÜROSU PLENUMU İCLASININ 12 ¹-li PROTOKOLUNDAN

 

5 iyul 1921-ci il.

İştirak edənlər:

RKP MK üzvü Stalin, Qafqaz Bürosunun üzvləri Orconikidze, Maxaradze, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner, Nərimanov, Myasnikov.

ASSR-in xarici işlər xalq komissarı Hüseynov.

Eşidildi:

1. Orconikidze və Nazaretyan bundan əvvəlki Plenumun Qarabağ haqqında qərarına yenidən baxılması barədə məsələ qaldırırlar.

Qərara alındı:

a) Müsəlmanlar və ermənilər arasında milli (sülhün) asayişin vacibliyinin və Yuxarı və Aşağı Qarabağın Azərbaycanla daimi iqtisadi əlaqələrini nəzərə alaraq, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməklə, o, Azərbaycan SSR-in hüdudlarında saxlanılsın.

Lehinə səs verir - 4, bitərəf qalır - 3.

b) Azərbaycan MK-ya tapşırılsın ki, muxtar vilayətin sərhədlərini müəyyən etsin və RKP MK-sı Qafqaz bürosunun təsdiqinə versin.

v) Qafqaz bürosu MK-nın Rəyasət Heyətinə tapışırılsın ki, Dağlıq Qarabağın Fövqəladə Komitədə namizədliyi haqqında Ermənistan MK-sı və Azərbaycan MK-sı ilə danışıqlar aparsın.

q) Azərbaycan MK-sı Dağlıq Qarabağ vilayətinin böyüklüyünü (həcmini) müəyyən etsin və Qafqaz Bürosunun təsdiqinə versin.

RKP MK Qafqaz Bürosunun katibi Fiqatner.

Əsli ilə düzdür: İşlər idarəsi.

_________________________

 

– Sov. İKP MK yanında MLİ Azərbaycan filialının Partiya Arxivi, f.64, siy.2 iş 1, vər.122-122.

 

 

Teymur ƏHMƏDOV.

 

 

Respublika.- 2021.- 27 yanvar.- S.5.