Türkiyə: 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

 

Ankara

 

Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə “Sovetlər dövründə ilk milli-azadlıq hərəkatı: Azərbaycandakı 20 Yanvar hadisələri” mövzusunda videokonfrans keçirilib. Fondun rəhbəri, professor Aygün Əttarın sədrliyi ilə keçirilən videokonfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, doktor İsmayıl Safi, İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal çıxış ediblər. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi ağır hərbi cinayətin motivləri haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda başlanan milli-azadlıq hərəkatı keçmiş sovet imperiyasının sütunlarını laxladıb. 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev o vaxtkı sovet rəhbərliyinin ikiüzlü siyasətini ifşa edərək xalqımızın haqq səsini dünyaya çatdırıb. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə yenilməz Azərbaycan Ordusunun zəfərlə başa çatdırdığı 44 günlük şanlı Vətən müharibəsinin nəticələrinə geniş yer ayrılıb. Alimlər əsaslandırıblar ki, Azərbaycan böyük rəşadətlə işğal altındakı torpaqlarını mənfur düşməndən azad edərək regionda yeni bir geopolitik inkişaf mərhələsinin əsasını qoyub. Bu Qələbədə Azərbaycan-Türkiyə qardaşlığı və qətiyyətli siyasət böyük rol oynayıb. Əminliklə ifadə olunub ki, hazırda davam edən nizamlama prosesi regionda sülhü və inkişafı təmin edəcək.

 

İğdır

 

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib. Azərbaycanın Qars şəhərindəki baş konsulluğu və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən birgə təşkil olunan mərasimdə yerli hakimiyyət orqanlarının və siyasi partiya şöbələrinin təmsilçiləri, ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

 

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Qarda açan qərənfillər” adlı film nümayiş etdirilib. Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Ədalət və İnkişaf Partiyasının İğdır şöbəsinin sədri Ali Kamal Ayaz çıxış ediblər. Qanlı 20 Yanvar faciəsinin törədilməsinin səbəb və məqsədləri haqqında geniş məlumat verən baş konsul Nuru Quliyev diqqətə çatdırıb ki, ermənilərin Azərbaycana əsassız ərazi iddialarına qarşı çıxan xalqımız keçmiş sovet rəhbərliyinin düşmən mövqeyi ilə üz-üzə qalıb. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının günahsız övladlarının qanı tökülüb. Hadisələrdən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev etiraz səsini ucaldaraq bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib. Ziya Zakir AcarAli Kamal Ayaz çıxışlarında bildiriblər ki, o dövrdə sərhədlər bağlı olduğu üçün ümumi məlumatsızlıq olsa da, bütün Türkiyə ictimaiyyəti Azərbaycanda baş verən prosesləri böyük narahatlıqla izləyib, dar gündə doğma qardaşlarına kömək əllərini uzatmağa hazır olublar. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlər pislənib. Diqqətə çatdırılıb ki, bu hadisələr faciə olsa da, Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz doğma torpağına görə canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

 

Qars

 

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans təşkil edib. Tədbirdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev xalqımızın müstəqilliyimizin bərpasında böyük qəhrəmanlıq göstərən 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağını bildirib. Videokonfransda Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Arzu Məmmədovanın “20 Yanvar faciəsinin səbəb, məqsəd və nəticələri” mövzusunda məruzəsi dinlənilib. 20 Yanvar hadisələrini Azərbaycan xalqının birlik və mübarizə rəmzi kimi dəyərləndirən alim diqqətə çatdırıb ki, qanlı faciədən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransı o vaxtkı sovet rəhbərliyinin xalqımıza qarşı düşmənçilik siyasətinin mahiyyətini bütün dünyaya aydın şəkildə göstərdi.

 

Sonra İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar faciənin siyasi səbəblərindən danışıb. Qanlı 20 Yanvar hadisələrini Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu diqqətə çatdıran Afina Məmmədəli Barmanbay çıxışında bildirib ki, bütün hallarda həmin hadisələrin təfərrüatının geniş şəkildə ictimaiyyətə çatdırılması davam etməlidir.

 

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlər tarixdə görünməmiş düşmənçilik kimi dəyərləndirilib.

 

Esmira Yazkan ASLANOVA,

 

Respublika” qəzetinin

 

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2021.- 23 yanvar.- S.3.