Azərbaycan elminə, ədəbiyyatına sədaqətlə xidmət edən ziyalı

 

Məmmədağa Sərdarov haqqında məqalə yazmaq, barəsində xoş sözlər söyləmək heç də çətin deyil, çünki biz, yəni hər iki müəllif uzun illərdir ki, onunla dostluq edirik. Məmmədağa müəllimlə söhbətlərimiz tutur, vaxtaşırı görüşüb çay süfrəsi arxasında, gözəl Bakımızın istirahət parklarında, dənizkənarı bulvarda gəzişirik. Birimiz Məmmədağa müəllimlə 50 il bundan əvvəl gənclər təşkilatında və dövlət qulluğunda, digərimiz isə 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda bir yerdə işləmişik. Ona görə də dostumuz haqqında, onun çətin, lakin mənalı həyat yolu haqqında bilgimiz və təəssüratımız zəngindir.

Məmmədağa Sərdarov tanınmış ziyalı, uzun illər respublika səviyyəli ictimai təşkilatlarda və dövlət orqanlarında məsul vəzifələrdə işləmiş, hazırda elm sahəsində çalışan qocaman alim, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, əmək veteranıdır.

Məmmədağa Sərdarov 1941-ci il yanvarın 1-də Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuşdur. Ağır müharibə illərində kolxoz sədri işləmiş atası Əhmədkərim kişi kənd camaatını aclıqdan xilas etmiş, onların yaddaşında xeyirxah bir insan kimi iz qoymuşdur. Anası Kövsər xanım sədaqətli həyat yoldaşı, zəhmətkeş qadın, fədakar ana idi. Atası vəfat edəndən sonra altı yaşlı Məmmədağanın və ailədəki digər uşaqların tərbiyəsi ilə anaları ilə yanaşı, kənddə müəllim işləyən əmisi Bəyağa və onun həyat yoldaşı Mənsiyat xanım məşğul olmuşlar. Bir ailədə iki müəllimin olması uşaqların tərbiyəsində və inkişafında böyük rol oynamışdır.

Məmmədağanın uşaqlıq illəri ağır, çətin müharibə illərinə düşmüşdü. O, kənddə yeddiillik məktəbi bitirəndən sonra Qusar şəhər 1 saylı orta məktəbdə təhsilini davam etdirmiş və 1957-ci ildə oranı bitirmişdir.

Orta məktəbi bitirdiyi il Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, lakin xəstələnməsi ilə əlaqədar təhsilini davam etdirə bilməmişdi. 1958-ci ildə gənc Məmmədağa M.F.Axundov adına Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə (indiki Slavyan Universiteti) qəbul olunur. Aldığı təhsil, İnstitutun ictimai həyatında fəal iştirakı Məmmədağanın gələcək əmək fəaliyyətində və inkişafında böyük rol oynamışdır.

1962-ci il oktyabrın 2-də İnstitutun 5-ci kurs tələbələri rus dili müəllimləri çatışmayan rayonlara göndərilir. Bölgü zamanı Məmmədağa Sərdarovun qismətinə İsmayıllı rayonunun Topçu kəndi düşür. Lakin ailə vəziyyəti ilə əlaqədar burada çox qalmır. Bakı şəhərinə köçən gənc müəllim anası ilə Lökbatan qəsəbəsində kirayə evdə qalır. 1963/64-cü dərs ilində Qaradağ rayonunun Şubanı qəsəbəsindəki məktəbdə işlə təmin olunur.

1965-ci ildə Məmmədağa müəllim hərbi xidmətə çağırılmış və bir il Minsk şəhərində qulluq etmişdir. O, rus dilini mükəmməl bildiyi üçün az müddətdə hərbi hissədə özünə hörmət qazanmış, komsomol komitəsi katibinin müavini seçilmiş, hərbi müxbir məktəbini bitirmiş, qəzetlərdə çıxış edərək mükafatlar almışdır.

Ordudan tərxis olunandan sonra Qaradağ rayonunun məktəblərində dərs deyən Məmmədağa Sərdarov 1966-cı ildə rayon komsomol komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilir. Üç ildən sonra o, rayon komsomol komitəsinin 1-ci katibi seçilir. 1971-ci ildə isə onu komsomolun Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsinə təyin edirlər. O, komsomolun mərkəzi orqanları tərəfindən dəfələrlə mükafatlandırılmışdır.

1974-cü ildən Respublika Xalq Nəzarəti Komitəsində əvvəl inspektor, sonra baş inspektor işləyir. Məmmədağa müəllim bu vəzifədə 17 il, yəni bu orqan 1991-ci ildə ləğv olunana qədər vicdanla çalışır, SSRİ Xalq Nəzarəti Komitəsinin “Uzun illər və qüsursuz işlədiyinə görə” Döş nişanı və Fəxri fərmanı ilə mükafatlandırılır. Həmin illərdə M.Sərdarov “Rəşadətli əməyə görə” medalı və Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə də təltif edilmişdir.

Məmmədağa müəllim iki il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyəndən sonra 1993-cü ildə Nazirlər Kabinetinə dəvət olunmuş, orada yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə şöbədə böyük referent vəzifəsində çalışmışdır. Həmin vəzifədə işləyərkən o, BMT tərəfindən Moskva, Minsk, Tbilisi və Cenevrə şəhərlərində qaçqınların problemlərinə dair keçirilən konfrans və müşavirələrdə iştirak etmişdir.

Açıq deyək ki, bəzi insanlar əllərinə imkan düşən kimi, vəzifəsindən sui-istifadə edir, başqalarından üstün yaşamağa çalışırlar. Həyat tərzinə bələd olduğumuz M.Sərdarov isə əksinə, dövlət malını mənimsəyənləri, əliəyri adamları ifşa etmiş, hər zaman haqqın, ədalətin tərəfində olmuş, imkansız şəxslərə bacardığı qədər kömək etmişdir.

1999-cu ildə Nazirlər Kabinetində keçirilən struktur dəyişiklikləri ilə əlaqədar Məmmədağa Sərdarov ixtisara düşmüş və müəyyən müddətdən sonra Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda işə düzəlmişdir. O, ruhdan düşməmiş, özünəməxsus zəhmətsevərlik və inadkarlıqla elm sahəsində çalışmağa başlamışdır. 2000-ci ildə özünə tanış sahə olan miqrasiya problemləri üzrə mövzu götürmüş və qətiyyətlə, həvəslə tədqiqat aparmağa başlamışdır. 2006-cı ildə dissertasiyanı tamamlamış və “Müasir Azərbaycanda miqrasiya prosesləri: siyasi aspektmövzusunda tədqiqat işini Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının Müdafiə Şurasının müzakirəsinə çıxarmışdır. Müvəffəqiyyətlə keçən müzakirənin nəticəsində şuranın qərarı ilə Məmmədağa Sərdarova “Siyasi elmlər üzrə elmlər namizədi” elmi dərəcəsi verilmişdir. İki il əvvəl isə Məmmədağa müəllim dosent adına layiq görülmüşdür. Hazırda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi olan M.Sərdarov altı monoqrafiyanın müəllifidir. Onun “Azərbaycanda miqrasiya prosesləri”, “Qloballaşmamiqrasiya prosesləri” və digər monoqrafiyaelmi jurnallarda çap olunmuş 70-dən artıq elmi məqalələrindən tədqiqatçılar bəhrələnirlər.

Məmmədağa müəllimin ulu öndər Heydər Əliyev haqqında yazdığı və 2020-ci ildə nəşr etdirdiyi məqalə və xatirələrindən ibarət “Mahir siyasətçi, müdrik rəhbər” adlı kitabı elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. O, Bakı, Mingəçevir, Qəbələ, QusarMahaçqala şəhərlərində keçirilən elmi-nəzəri konfanslarda məruzələrlə çıxış etmiş, bir müddət Bakı Dövlət Universitetində “Sosial ” fənnindən mühazirə oxumuşdur.

Qeyd edək ki, Məmmədağa müəllimin çoxcəhətli əmək fəaliyyətində ədəbi yaradıcılığı da xüsusi yer tutur. Onun 200-ə yaxın məqalə və oçerki müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. O, “Öz yolum-düz yolum” adlı məqalələr toplusu, “Məhəbbət rəmzi”, “Həsrətli günlər”, “Doğmalarım, əzizlərim”, “Əlimdə gül dəstəsi”, “Ürəklə təkbətək” adlı şeirlər kitabının müəllifidir, onlardan sonuncusu rus dilində çap edilmişdir. Həmin kitablar Bakıda keçirilən “Qusar günləri”ndə qusarlı şair və yazıçıların əsərlərindən ibarət sərgidə nümayiş etdirilmişdir.

Məmmədağa Sərdarovun elmi və ədəbi yaradıcılığını yüksək qiymətləndirən yoldaşları, tanınmış alimlər və dostları onun Respublika Dövlət Arxivində keçirilmiş 70 illik yubileyində fəal iştirak etmişlər. Bu münasibətlə tərtib edilmişÖz yolunu tapan insan” kitabının təqdimatı onun doğulub boya-başa çatdığı doğma Gədəzeyxur kəndində keçirilmişdir. Məmmədağa müəllimin Bakıda keçirilən 75 illik yubiley tədbirində iştirakçılara onun ömür yoluna həsr edilmişMüdriklik dövrünü yaşayan insan” adlı kitab hədiyyə olunmuşdur.

Məmmədağa müəllimin təşəbbüsü ilə Qusar rayonundakı Heydər Əliyev Mərkəzində, rayon mərkəzi kitabxanasında, Gədəzeyxur kənd orta məktəbində və mədəniyyət evində maraqlı tədbirlər, kitabların müzakirəsi və müsabiqələr keçirilmişdir.

Məmmədağa Sərdarov vətənini, doğma elini, obasını ürəkdən sevən bir insandır, tez-tez doğulduğu kəndə gedir, həmyerlilərinin ictimai-sosial vəziyyəti ilə maraqlanır, onların sevincinə, kədərinə şərik olur.

O, uşaqlıqdan musiqini sevib, evlərində tar, patefon olub, atası və qardaşları tar çalmağı bacarıblar. Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Flora Kərimova onun ən çox sevdiyi sənətkarlardır. Onun sözlərinə bəstəkar, respublikanın Xalq artisti Eldar Mansurovun bəstələdiyi və Xalq artisti Heydər Anatollunun ifa etdiyi “Mən Qusara gələndə” mahnısı ilk dəfə rayon rəhbərliyi tərəfindən təşkil edilən və Dövlət Bayrağı Meydanında keçirilən təntənəli tədbirdə səsləndirilmiş, müəlliflər böyük alqışlarla qarşılanmışlar.

Məmmədağa müəllim səkkiz kitabın, o cümlədən Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyev, dövlət və ictimai xadim Salman Cəfərov, tarixçi-alimlər — əslən qusarlı Abdulla Orucov və milliyyətcə osetin İvan Qassiyev haqqında kitabların tərtibçisi və redaktoru olmuşdur.

M.Sərdarovun elmi fəaliyyəti və ədəbi yaradıcılığı haqqında 2005-ci ildə çapdan çıxmış “Qusarın şanlı övladları” kitabında, tanınmış jurnalistşair Sədaqət Kərimovanın müəllifi olduğuQusar, qusarlılar” adlı ensiklopedik topluda, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Lətifə Mirzəyevanın tərtib etdiyiYurdumun poeziya çələngi” kitabında yazıları dərc edilmişdir. Azərbaycan və rus dillərini mükəmməl bilən Məmmədağa müəllim tərcümə işi ilə də məşğul olur.

Məmmədağa müəllim gözəl ailə başçısıdır, üç oğlu, altı nəvəsi var. Ali təhsilli övladları çalışdıqları sahələrdə vicdanla işləyir, atalarının etimadını doğruldurlar. Əfsuslar olsun ki, əslən qarabağlı olan həyat yoldaşı, mərhum Pakizə xanım xalqımızın bu günlərdə yaşadığı möhtəşəm qələbə sevincini görə bilmədi.

Biz ürək dostumuz və sirdaşımız, qocaman alim, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü, əmək veteranı Məmmədağa Sərdarovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Vəliyəddin İSMAYILOV,

yazıçı-publisist,

Arif BƏŞİROV,

fəlsəfə üzrə fəlsəfə doktoru,

dosent.

 

Respublika.- 2021.- 28 yanvar.- S.6.