Zəfərə aparan yolun başlanğıcı - Aprel döyüşləri

Mingəçevir

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Aprel döyüşləri: böyük zəfərin müqəddiməsi" mövzusunda konfrans keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə Şəhidlər xiyabanında şəhid ailələri ilə birlikdə Aprel şəhidlərinin məzarları ziyarət edilib.

 

Heydər Əliyev Mərkəzində Uşaq Gənclər və İnkişaf Mərkəzinin şagirdləri tərəfindən Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mövzuya dair videoçarx nümayiş olunub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, 4 günlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsindəki qələbəyə aparan şanlı yol olub, xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.

 

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov vurğuladı ki, Aprel döyüşləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu nümayiş etdirib. Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, Aprel döyüşləri iştirakçısı və Vətən müharibəsi veteranı Salman Bayramov, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının İdarə Heyətinin üzvü Rizvan Mikayıllı Azərbaycan xalqına qürur yaşadan Ali Baş Komandan İlham Əliyevə və cəsur Azərbaycan əsgərinə minnətdarlıqlarını bildiriblər.

 

Zabit XƏLİLOV,

 

"Respublika".

 

Şəmkir

 

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş "Zəfərə aparan yol - Böyük Qələbənin başlanğıcı" adlı tədbir keçirilib. RİH başçısı aparatının struktur rəhbərləri təhsil işçiləri və kənd sakinləri ilə birlikdə şəhid polkovnik Vüqar Yusifov, şəhid çavuş Təbriz Əsgərov, şəhid əsgər Vüsal Alıyev, şəhid əsgər Altun Dəmirli və şəhid əsgər Nurlan Qasımovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə rayon icra hakimiyyəti tərəfindən hazırlanmış "Zəfərə aparan yol - Böyük Qələbənin başlanğıcı" adlı film təqdim olunub. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən zəfərimizdir.

 

Çıxış edənlər Aprel Zəfərinin önəmindən danışıblar.

 

"Nə qədər ki, millətinə bu qədər dəyər verən Ali Baş Komandan var, nə qədər ki, "Dəmir yumruq" var bu xalq hər zaman qalib olacaq", - deyən şəhid polkovnik Vüqar Yusifovun atası Nürəddin Yusifov Aprel şəhidlərinin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə şəhid ailələri adından təşəkkürünü bildirib.

 

Vəli VƏLİYEV,

 

"Respublika".

 

 

 

Cəlilabad

 

Heydər Əliyev Mərkəzində Aprel döyüşlərində qazanılan qələbənin ildönümünə həsr olunan tədbir keçirildi. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aprel döyüşlərinin iştirakçısı hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini və Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini bütün dünyaya və Ermənistana sübut etdi. Çıxış edənlər Aprel döyüşlərinin iştirakçıları, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan və döyüş xatirələrindən danışdılar. Ötən illər ərzində həmin döyüşlərin iştirakçılarına, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

 

Tədbirdə Aprel döyüşləri haqqında qısametrajlı film nümayiş etdirilmişdir.

 

Ərəstun ABDULOV,

 

"Respublika".

 

Masallı

 

Aprel döyüşləri. Çağdaş tariximizin daha bir qəhrəmanlıq səhifəsi. Dörd gün davam edən şiddətli döyüşlər şanlı ordumuzun qələbəsi ilə nəticələndi. Strateji əhəmiyyətli yüksəkliklər, kəndlər düşməndən təmizləndi. Xalqımızın böyük qələbəyə, zəfərə ümidləri, inamı daha da artdı.

 

Aprel döyüşlərinin qəhrəmanlarından biri Nurlan Bayram oğlu Əsgərli Masallı rayonunun Viləş kəndində dünyaya göz açıb. Doğma kənddə orta məktəbdə oxuyarkən idmanla məşğul olur, rayon üzrə keçirilən cüdoboks yarışlarında fərqlənirdi.

 

Nurlan 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi xidməti nəzərə alınaraq kəşfiyyatçı kursuna oxumağa göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək qərarına gəlir. Müraciəti hərbi hissənin rəhbərliyi tərəfindən müsbət qarşılanır. Əvvəl baş əsgər, sonra gizir rütbəsində xidmətini davam etdirir.

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayır. Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində qardaşı gizir İntiqam Əsgərli ilə birlikdə döyüşür. Əlverişli mövqelərin, strateji əhəmiyyətli Talış yüksəkliyinin işğaldan azad edilməsində igidlik, şücaət göstərirlər.

 

Komandirləri polkovnik-leytenant Raquf Orucovunpolkovnik Vüqar Yusifovun döyüş zamanı qəhrəmancasına şəhid olmasından çox sarsılırlar. Hər iki zabitin və şəhid əsgərlərin nəşini yoldaşları ilə birlikdə döyüş meydanından çıxarıb arxada onları gözləyən əsgərlərə təhvil verirlər. Geri qayıdanda yaxınlıqda mərmi partlayır. Ətrafı toz dumanı bürüyür. İntiqam qardaşını axtaranda onlara tərəf daha bir mərmi atılır. Zərbədən Nurlan ağır yaralanıb yıxılır. İntiqam özünü ona yetirib qucağına alır. Heç bir dəqiqə keçməmiş Nurlan qardaşının qolları arasında gözlərini əbədi yumur. İntiqam namərd düşməndən qardaşının qisasını alacağına söz verir.

 

Aprelin 5-də Nurlan Əsgərli doğulduğu Viləş kəndində son mənzilə yola salınır. Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin, rayonun hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə rayon sakini iştirak edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nurlan Əsgərli göstərdiyi igidliyə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. Viləş kəndinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

 

Qardaşı İntiqam Əsgərli isə 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsində igidliklə vuruşmuş, Şuşanın azad edilməsində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik məqamına ucalmışdır. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

 

Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı, Cəlilabad və Biləsuvar rayonlarının xalq teatrlarının və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə Nurlanİntiqam Əsgərli qardaşlarının qəhrəmanlıqlarla dolu döyüş yoluna həsr olunmuş "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub.

 

N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində təqdim olunan tamaşada Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

İstedadlı yazıçı-publisist Nurəddin Ədiloğlunun pyesi əsasında səhnələşdirilən tamaşada Aprel döyüşləri, Vətən müharibəsində qazanılan tarixi zəfəri əks etdirən səhnələr yer alıb, ordumuzun əsgər və zabitlərinin rəşadət və mətinliyi obrazlı şəkildə ifadə olunub. Tamaşa boyu Nurlanİntiqam Əsgərli qardaşlarının igidliyindən, şücaətlərindən bəhs edən monoloqlar, vətənpərvərlik mövzusunda şeirlər səslənib, kompozisiyalar nümayiş olunub.

 

Əlisəfa HƏSƏNOV

 

Respublika  2022.- 7 aprel.- S.3.