İrəvan Xan Sarayı

 

Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb.

 

                                                                                  İlham ƏLİYEV,

 

                                   Azərbaycan Respublikasının Prezidenti.

 

Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxursəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. İstər Səfəvilər, istər Nadirşahlıq, istərsə də Qacarlar dövründə İrəvan əmirlərinin, hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur.

1501-ci ildə İrəvan şəhərini Səfəvilər fəth etdikdən sonra Şah İsmayıl qızılbaş sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilindəki strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır.

Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur.

İrəvan şəhərində mövcud olmuş mülki memarlıq nümunələrindən ən diqqətçəkəni İrəvan qalasındakı Xan sarayı, yaxud Sərdar sarayı idi.

1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan İrəvan qalası ilə üzbəüz Zəngi çayının sağ sahilində bağ saldırmış və qalanın içərisində yeni Xan sarayı inşa etdirmişdir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı Övliya Çələbinin yazdığına görə, 1583-cü ildə Sultan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalasını və Toxmaq xan sarayını uçurub, daşı daş üstə qoymamışdı. Sonra isə 45 gün ərzində qalanı yenidən tikdirərək lazım olan sursat və hərbi ləvazimat ilə təchiz etdirmişdi.

Sonradan İrəvan əyaləti yenidən səfəvilərin hakimiyyəti altına keçmişdir. Əmirgünə xan Qacarın (1604-1625) İrəvanın hakimi olduğu dövrdə qalaXan sarayı daha da möhkəmləndirilmişdir. 1679-cu il zəlzələsi nəticəsində tamamilə dağılan İrəvan qalası və o cümlədən, Xan sarayı Zal xan (1679-1688) tərəfindən yenidən bərpa edilmişdir.

İrəvan əyalətinin yenidən Osmanlı hakimiyyəti altına keçdiyi dövrdə Rəcəb paşa (1725-1728) tərəfindən İrəvan qalasındakı saray kompleksində xeyli quruculuq və abadlıq işləri həyata keçirilmişdir. Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyəti dövründə isə yeni Xan sarayı inşa edilmişdir. Hüseynəli xan yeni iqamətgah inşa etdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər Xoylunu İrəvana dəvət etmişdir. Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulmuşdur. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Güzgülü salonuXan (Sərdar) bağındakı Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır.

Hüseynəli xanın və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövrləri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü hesab edilir. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilmişona bir sıra tikililər əlavə edilmişdir. Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdürrza Xan sarayının divarlarındakı rəsmləri 1815-ci ildə tamamlamışdır.

İrəvan qalasının və Xan sarayının Rusiya işğalından sonra çəkilmiş cizgilərinin (çertyojlarının) bir qismi hazırda İrəvan Şəhər Tarix Muzeyində saxlanılır. 1837-ci ildə Sərdar sarayının tərtib edilmiş mükəmməl cizgisində göstərilən miqyasa əsasən sarayın təqribən bir hektar ərazini tutduğu aydın olur. Saray qala kompleksinin şimal-qərb hissəsində yerləşirdi. Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray binası trapesiya formasında (ölçüləri 36x35x31x25 m) tikilmişdir. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə ayrılan yataq yerləri - taxçalar düzəldilmişdi. Xan sarayının Güzgülü zalında xanın taxtının önündə müalicəvi xüsusiyyətli damarlı əqiq daşlardan (oniks) ulduzvari hovuz düzəldilmişdi. Ortasında kiçik fontan olan hovuz rus rəssamı Q.Qaqarinin çəkdiyi Güzgülü zalın rəsmində də öz əksini tapmışdır. Həmin hovuz hazırda İrəvan Şəhər Tarix Muzeyində saxlanılır.

Bunlardan əlavə, Xan sarayına bitişik daha iki bina - biri xanın yaxın ətrafının yaşadığı bina, digəri yardımçı tikili olmuşdur. Xan sarayı və xanın hərəmxanası vahid memarlıq kompozisiyası təşkil edirdilər. Hərəmxana sarayla kiçik dəhliz vasitəsilə birləşirdi. Düzbucaqlı formada olan hərəmxananın uzunluğu 200 fut (1 fut = 0,3048 m), eni təqribən 125 fut olmuşdur. Hərəmxananın çoxlu otaqları və dəhlizləri var idi. İrəvan qalasının rus qoşunları tərəfindən işğalından sonra - yəni, 1827-ci ildə hərəmxana hospitala çevrilmişdir. Xanın hərəmxanasının mərmər üzlük çəkilmiş, mozaikalı ornamentlərlə bəzədilmiş hamamı da öz təmtərağı ilə seçilirdi. Hərəmxananın geniş yay hovuzu var idi. Hovuzun uzunluğu 15 sajen (1 sajen = 2,1336 m), eni 4 sajen, dərinliyi 3 arşın (1 arşın = 71,12 sm) idi. Bu tikililər qalanın "yenidən qurulması" zamanı digər çoxsaylı tikililərlə birgə qəsdən sökülərək məhv edilmişdir.

Mütəxəssislərin qənaətinə görə, İrəvan Xan Sarayı memarlıq forması, plan quruluşu, daxili həcminin həlli və bədii tərtibatına görə Şərq memarlığının şah əsərlərindən sayılan, 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Təbrizdə, 1669-cu ildə Şah Süleyman səfəvi dönəmində İsfahanda inşa edilən "Həşt behişt" ("Səkkiz cənnət", yəni 8 qatlı cənnət) adlandırılan saray-komplekslərinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirmişdir.

Azərbaycan xanları içərisində böyük nüfuza və təsir dairəsinə malik olan Xoy xanı Əhməd xanın hakimiyyəti dövründə Xoy şəhərində ətrafı dərin xəndəklə əhatə olunan ərazidə - relyefinə görə İrəvan qalasının yerləşdiyi əraziyə bənzər yerdə qalaonun içərisində saray inşa edilmişdi. Sarayın memarı Mirzə Cəfər Xoylu idi. Əhməd xan Mirzə Cəfəri Hüseynəli xanın xahişi ilə İrəvana göndərmişdi ki, Xan sarayının inşasına rəhbərlik etsin.

İrəvan Xan Sarayı ilə Şəki Xan Sarayının Güzgülü salonlarının tamamilə bir-birinə bənzəməsi onu deməyə əsas verir ki, onları inşa edən ustalar eyni memarlıq məktəbinin nümayəndələri olmuşlar.

Fransız səyyahlarından Jan Batist Tavernye 1655-ci ildə, Jan Batist Şardən isə 1673-cü ildə İrəvan şəhərində olmuş, onun qrafik təsvirlərini çəkmişlər. Həmin təsvirlərdə İrəvan qalası və qalanın içərisindəki tikililər və Xan sarayı göstərilmişdir.

J.Şardən "Parisdən İsfahana səyahət" əsərində incəsənəti və elmi sevən İrəvan xanı Səfiqulu xanın sarayda qonaqların şərəfinə təşkil etdiyi məclisləri ətraflı nəql edir. Məclisdəkiləri əyləndirmək üçün güləşçilərin, rəqqasların, müğənnilərin və çalğıçıların necə ustalıqla öz məharətlərini göstərdiklərini təsvir edir. Müəllif musiqiçilərin və rəqqasların mimik hərəkətlərlə göstərdikləri tamaşanı Şərqin operası adlandırır.

1817-ci ildə Aleksey Yermolovun başçılığı altında İrana səfər edən Rusiya nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş alman əsilli hərbçi Moritz fon Kotzebue Sərdar sarayını və Sərdar bağındakı Yay köşkünü ətraflı təsvir etmişdir. Kotzebue yazır: Sarayın divarlarından müxtəlif formalı balaca güzgülər, rəngbərəng güllər və kiçik şəkillər asılmışdı... Girişin qarşı tərəfində şah (yəni Fətəli şah) və oğlu Abbas Mirzənin portretləri ilə birlikdə ov yarışlarını əks etdirən şəkillər və bir neçə qadın şəkli diqqəti cəlb edir... Zalın açıq tərəfi ilə üzbəüz, içərisində mərmərdən kiçik hovuzfontanlar olan pavilyon var. Bu pavilyon açıqdır və təzə salınmış gözəl bir bağa baxır. Zəngi çayı düz pəncərənin altından axır: onun sahilləri boyunca hündür ağaclar cərgələnir və bir neçə tağdan ibarət olan yaraşıqlı daş körpünün digər qurtaracağı Ağrı (Ararat) dağına söykənmiş sahilə aparır. Daha sonra Kotzebue Xan sarayı ilə üzbəüz, Zəngi çayının sağ sahilində salınmış Xan bağındakı Yay imarətindən (köşkündən) bəhs edir. Onun yazdığına görə, Asiya memarlıq üslubunda inşa edilən köşkün ortasında fontanlı mərmər hovuz vardır və su şırnaqlarının üzərindən asılmış balaca zənglərin çıxardığı incə səslər xanın zövqünü oxşayırdı. Deməli, hələ XIX əsrin əvvəllərində İrəvan xanının köşkündə müasir anlamda musiqili fontan mövcud olmuşdur. İrəvan xanları asudə vaxtlarını həmin köşkdə keçirər, musiqiçilərə qulaq asarmış. Sözün həqiqi mənasında gözəlliyinə görə mükəmməl incəsənət əsəri hesab edilən güllü-çiçəkli Xan bağında xarici qonaqlar üçün də məclislər təşkil edilərmiş.

Rusiya imperatoru I Nikolayın 23 ildən artıq müddətdə müəyyən fasilələrlə rus qoşunlarının hücumlarına tab gətirən, "alınmaz qala" kimi şöhrət qazanan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə gerçəkləşdi. Çar Xan sarayında gecələmiş, ondan xatirə qalsın deyə Güzgülü zalın divarına öz adını yazmışdı. Sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı. I Nikolay Güzgülü zalda İrəvan şəhərinin əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini qəbul etmişdi.

İrəvan Xan Sarayını 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı Avqust fon Haksthauzen də ətraflı təsvir etmişdir. Haksthauzen yazır: "Keçmiş İrəvan sərdarının sarayının yerləşdiyi qala tənəzzüldədir, İran (İrəvan xanlığı - N.M.) əyanlarının sarayları xarabalıqlar içərisindədir, məscidlərdən biri yunan-rus kilsəsinə, digəri silah anbarına çevrilmişdir. Sərdar sarayı salamatdır, lakin onun əlavə tikilisi olan hərəmxana hospitala çevrilmişdir.

1864-cü ildə İrəvan qalasının hərbi-istehkam qalası kimi istifadəsinə son qoyulmuşdur. 1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı erməni taciri satın alaraq orada konyak zavodu inşa etdirmişdir. Hazırda İrəvan konyak zavodunun ərazisinin bir hissəsi Xan sarayı kompleksinin ərazisinə düşür.

1880-ci ilin oktyabrında məşhur Rusiya arxeoloqu qrafinya Praskofya Aleksandrovna Uvarova İrəvan qalasında olmuş, uçulub dağılmaqda olan Xan sarayının vəziyyətini təsvir etmişdir.

Məşhur Britaniya səyyahı, coğrafiyaşünası və ictimai xadimi Henri Linç (Linçin nənəsi Bağdadda yaşayan bir erməninin qızı olmuşdur. İngilis qoşunlarının zabiti olan babası isə Bağdadda olarkən onunla tanış olmuşsonradan evlənmişlər) 1893-cü ilin avqustundan 1894-cü ilin mart ayınadək və 1898-ci ilin avqustunda Şərqi Anadoluda və Cənubi Qafqazda səfərdə olmuşdur. Linçin təsvir etdiyi Xan sarayının divarlarındakı rəsmlər və pəncərə şəbəkələri sarayın XIX əsrin ikinci yarısında aparılan restavrasiyadan sonrakı dövrünə təsadüf edir. Bunu nəzərdə tutan Linç yazır ki, kətan üzərində çəkilmiş rəsmlər orijinal deyil. H.Linç Xan sarayının Güzgülü salonunu belə təsvir edir: "Şəbəkəli tağların saysız-hesabsız güzgüləri ətrafa büllur kimi şölə saçır. Salonun tavanı başdan-başa bəzəyə qərq olmuşdur. Tavanın aşağısı bolluca nəbati naxışlarla bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir".

H.Linç Güzgülü zalın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyünüonlardan ikisinin - İrəvan xanı Hüseynqulu xanın və onun solunda farsların qəhrəmanı Fəraməzin tablolarının öz kitabına daxil etdiyi şəkildə əks olunduğunu yazır. Müəllif divarlardakı digər portretlərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü personajları olan Zöhrabın və Rüstəm Zalın, habelə cəngavər bir qadının (amazonun) obrazlarını əks etdirən portretlərinin təsvir olunduğunu yazır.

1864-cü ildə İrəvan qalasının hərbi istehkam obyekti kimi istifadəsinə son qoyulmasından sonra baxımsızlıq üzündən yarasız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayının Güzgülü zalının əsaslı təmiri üçün dəfələrlə dövlət xəzinəsindən vəsait ayrılmışdı. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar zalının təmiri üçün 1867-ci ildə 1200 rubl, tufan nəticəsində qopmuş dəmir örtüyün bərpası üçün 1871-ci ildə 1112 rubl, zalın uçmuş divarlarının bərpası üçün 1874-cü ildə 354 rubl, Qafqaz canişininin sərəncamı ilə Sərdar zalının əsaslı təmiri üçün 1880-ci ildə 1978 rubl, İrəvan şəhər idarəsi isə həmin məqsədlə 1770 rubl vəsait ayırmışdı.

Əldə edilən məlumatlara görə, Xan sarayında bərpa işlərinin bir qismini Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrəvani (1826-1875) həyata keçirmişdir. Mirzə Qədimin atası Məhəmməd Hüseyn məşhur şəbəkə ustası olmuşdur. Mirzə Qədimdə rəssamlığa meyil hələ Tiflisdə gimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portretornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır. İrəvan Xan Sarayının Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası Mirzə Qədimə həvalə edilmişdi. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etmişdir. Görünür, 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir.

Memarlıq tarixi üzrə tanınmış Azərbaycan alimi L.S.Bretaniskinin verdiyi məlumata görə, Sərdar sarayının Güzgülü zalının şimal istiqamətindəki açıq interyerinin pərdələrinin məhv edilməsindən sonra, 1886-cı ildə həyata keçirilən təmir zamanı zalın interyeri Şəki Xan Sarayının vitrajına (qapıya, pəncərəyə və sairəyə salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar) bənzər şəbəkə üslubunda, lakin daha kobud formada qapı və pəncərələrlə əvəz edilmişdir. İrəvan Xan Sarayının Güzgülü zalının Q.QaqarinDyuba de Monpere tərəfindən çəkilmiş rəsmləri ilə, sarayın XIX əsrin ikinci yarısında aparılan bərpa işlərindən sonra çəkilmiş fotoları arasında fərqlər aydın görünür. Q.Qaqarinin rəsmlərində portretlər və divar rəsmləri daha zəngin, daha nəfis və daha rəngarəng təsir bağışlayır.

Xan sarayının qorunub saxlanılması məsələsində o dövrün mütəxəssislərinin rəyləri də birmənalı olmamışdır. Rusiya İmperator Arxeoloji Komissiyasının (İAK) restavrasiyaya həsr olunmuş xüsusi iclaslarında iki dəfə - 6 oktyabr 1910-cu il və 17 may 1912-ci il tarixlərində İrəvan qalasındakı Sərdar sarayının məsələsi müzakirə edilmişdir. İclasın 6 oktyabr 1910-cu il tarixli "İrəvan şəhəri. XVIII əsr Sərdar sarayı" başlıqlı protokolundan aydın olur ki, İAK 15 iyul 1910-cu il tarixdə Qafqaz hərbi dairəsinin mühəndis idarəsinə Sərdar sarayı barəsində sorğu göndərmişdir. Bununla bağlı İAK-a göndərilən cavabda İmperator Moskva Arxeoloji Cəmiyyətindən xahiş edildiyi bildirilmişdir ki, Sarayın qorunması və bərpası üçün vəsait tapsın. Lakin bu məsələ həll edilməmişdir.

Müzakirənin nəticəsi olaraq İmperator Arxeoloji Komissiyası qərara alır: 1) Saraya texniki baxış haqqında akt tərtib edilərək çatdırılsın; 2) N.Y.Marrdan xahiş edilsin ki, saraya yerində baxış keçirsin.

İrəvan Sərdar sarayının vəziyyəti haqqında məsələ növbəti dəfə İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında müzakirə edilmişdir. Məsələ ilə bağlı iki məruzə dinlənilmidir. Birinci məruzə Qafqaz Hərb Dairəsinin baş komandanının daxili işlər nazirinə göndərdiyi 18 aprel 1912-ci il tarixli müraciətinə rəy verilməsi ilə bağlı olmuşdur. Müraciətdə məsələ belə qoyulmuşdu ki, Sərdar sarayı ya təmir edilərək İmperator Arxeoloji Komissiyasının ixtiyarına verilsin, ya da yoldan keçənlər üçün təhlükəli olduğunu nəzərə alaraq sökülmək şərtilə satılsın. Məruzədə həmçinin, qeyd edilirdi ki, 1909-cu ildə Sərdar sarayının təmiri üçün 12000 rubl vəsait ayrılmışdır ki, hazırda həmin vəsait iki dəfə artırılmalıdır.

Gündəliyin ikinci məsələsi kimi İmperator Arxeoloji Komissiyasının 6 oktyabr 1910-cu il tarixli iclasının qərarına əsasən məşhur şərqşünas Nikolay Marrın 1911-ci ilin iyul ayında Xan sarayına keçirdiyi baxışın nəticəsi haqqında yazdığı rəy müzakirə edilmişdir.

N.Marrın məruzəsində qeyd edilirdi ki, o, iki gün ərzində Sərdar sarayına baxış keçirmiş və bəzi şəxslərlə görüşərək onun üçün qaranlıq olan məsələlərə aydınlıq gətirmişdir. N.Marr Sərdar sarayının dağılmasında həm zəlzələnin, həm ötən illərin təsirinin olduğunu qəbul etməklə yanaşı, həm də son iki onillikdə bu gözəl abidənin qorunmasına cüziolsa diqqət yetirilmədiyini qeyd etmişdir. O, əks prosesin getdiyini, yəni sarayın tez bir zamanda dağıdılmasında maraq olduğunu, özüinsan əli ilə dağıdıldığını qeyd edir.

Güzgülü zaldakı 7 portretin aqibətini təsvir edən akademik yazır ki, onlar divardan vəhşicəsinə qoparılıb çıxarılmış və kənarlarının kiçik parçaları qalmışdır. N.Marr zalın tavanındakı, həmçinin, karnizindəki güzgülərin daşla vurulub sındırıldığını, sındırılmış şüşə parçalarından döşəmədə ayaq qoymağa yer olmadığını yazır. Məruzəçi ürəkağrısı ilə qeyd edir: "Zalın hər iki tərəfindəki yan otaqlar ayaqyoluna çevrilmişdir. Halbuki, həmin otaqlardan birində vaxtilə imperator I Nikolay gecələmiş və öz dəst-xətti ilə adını divara yazmışdır".

Daha sonra N.Marr qeyd edir ki, Sarayın şimal-qərb hissəsinin altı Şustovun konyak zavodu tərəfindən qazılmışdır. (Həmin zavodu 1898-ci ildə Nerses Tahirovdan rus şərab istehsalçısı Nikolay Şustov satın almış və Xan sarayının tikililərinin hesabına zavodun ərazisini daha da genişləndirmişdi - N.M.). Bunun nəticəsində Saraya bitişik əlavə tikili uçub dağılmışdır.

N.Marr 1910-cu ildə Güzgülü zalın Zəngi çayı tərəfə baxan hissəsinin şüşəbəndinin darmadağın edildiyini, zalın döşəməsinin açıq-boz rəngli plitələrinin, cilalanmış mərmərdən düzəldilmiş fəvvarəli hovuzun da vəhşicəsinə sındırıldığını qeyd edir. N.Marr daha sonra yazır: "Sorğu-suallardan sonra saraydan çıxarılmış dekorativ hissələrin taleyi haqda bəzi şeylər öyrənə bildim. Dörd portret mühəndis xidmətinin rəisinin evində aşkar olundu: ikisi şimal-qərb tərəfindən idi (onlar xəsarət almışdır), ikisi - cənub-şərq tərəfindən. Çıxarılmış mərmər fəvvarənin hissələri də orada saxlanılır".

Akademik Marrın uzaqgörənliklə söylədiyi "Görünür, biz yerli qədim abidələrin sistematik dağıdılması ilə üzləşmişik. Təbiidir ki, bu dağıdıcı fəaliyyət son nəticədə qədim abidələrin izlərini itirməyə yönəlib" sözləri təbii ki, İrəvan quberniyası ərazisində azərbaycanlılara məxsus tarixi abidələrə aid idi. Sözsüz ki, heç bir xalq öz maddi-mədəniyyət abidələrini barbarcasına dağıtmaz, onların yer üzündən silinməsinə çalışmaz.

İmperator Arxeoloji Komissiyasının iclasının sonunda akademik N.Marr qəti şəkildə bəyan etmişdir ki, saray həddindən artıq baxımsız vəziyyətdədir, lakin onun tezliklə dağılmaq təhlükəsi yoxdur. V.V.Suslov qeyd etmişdir ki, vacib olan sarayın orta hissəsidir və öz görkəmini tamamilə saxlamış vəziyyətdədir, sarayın yan hissələrinin vəziyyəti aydın deyil, əgər onlar uçmayıblarsa, onda abidə əhəmiyyətini itirməmişdir.

İmperator Arxeoloji Komissiyasının sonrakı illərdəki iclaslarının protokollarında (axırıncı iclas 1918-ci ildə keçirilmişdir) İrəvan Sərdar sarayı ilə bağlı məsələnin müzakirəsinə rast gəlinmədi. Görünür, hökumət tərəfindən lazımi tədbirlər görülmədiyindən və Xan sarayının erməni vandalları tərəfindən dağıdılmasının qarşısı alınmadığından saray növbəti illərdə yerlə yeksan edilmişdir.

Sənətşünas alim N.Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2x1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix Muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilmişdir.

Fotoqraf D.Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan Sarayının bütün detallarını əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muzeyində D.Yermakova aid kolleksiyada saxlanılır.

1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində erməni-daşnak hökuməti qurulduqdan sonra azərbaycanlılara qarşı soyqırımı həyata keçirilmişdir. İrəvan şəhərində azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz həmin dövrdə yer üzündən silinmişdir.

2019-cu ilin iyul-avqust aylarında Bakıda Heydər Əliyev Mərkəzində açılan "Tarixin şah əsərləri" adlı üç bölmədən ibarət sərgidə Qacarlar dövrünə aid 300-ə yaxın qədim Azərbaycan incəsənət nümunəsi, İrəvan şəhərindəki Xan Sarayının məişət əşyaları, Mirzə Qədim İrəvaninin rəsm əsərləri və ayrıca bölmədə isə fotoqraf Dmitri Yermakovun İrəvan şəhərinin tarixi-memarlıq abidələrini əks etdirən nadir fotoları nümayiş etdirilmişdir.

Xan sarayı erməni vandalları tərəfindən yer üzündən silinsə də, günümüzədək gəlib çatan məlumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan Sarayı kompleksinin tam mənzərəsini yaratmağa imkan verir.

 

Nazim MUSTAFA,

 

Prezident Kitabxanasının şöbə müdiri,

 

tarix üzrə fəlsəfə doktoru,

 

Dövlət Mükafatı laureatı

 

Respublika.- 2022.- 16 avqust.- S.6.