Hər zaman xalqın yanında olmaq missiyası

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən faydalı layihələrin müəllifi olaraq saysız-hesabsız insanların mənəvi dostuna, ümid ünvanına çevrilib. Mehriban xanım Əliyevanın müəllifi və təşəbbüskarı olduğu layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idmansosial sahələr təşkil edir. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunədir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək istiqamətində uğurla fəaliyyət göstərir. Heydər Əliyev Fondunun işğaldan azad edilmiş qədim Qarabağ torpağında dini abidələrin və məscidlərin bərpası layihələrində xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun həyata keçirdiyi mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinin uğurlarında əhəmiyyətli rol oynayır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli münasibətlərin dərinləşməsinə böyük töhfə verir. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında isə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Modernləşmə, müasirləşmə, dünyaya inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi və digər bu kimi məqsədyönlü işlər Heydər Əliyev Fondunun üzərinə düşən mühüm vəzifələrdəndir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativuğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrin coğrafiyası, sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biriinsan kapitalının daha da inkişaf etdirilməsidir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihələrindən biri "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı uğurla icra olunur. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni müasir dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə zəmin formalaşdırmaqdır. Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

Vacib layihələr çərçivəsində körpələr evləri, bağçalarinternat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa olunur. Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiya etməsi üçün mühüm işlər görür. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun xətti ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib.

Müdrikcəsinə deyilmiş bir fikir var: "Vətən onu qoruyanındır". Müstəqil Azərbaycan dövləti hər zaman, hər bir çətin anda vətəndaşının yanında olmuş, öz vətəndaşına hərtərəfli qayğı göstərmiş və bu siyasət bu gündavam etdirilir. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhidlərin ailə üzvləri, Qarabağ qaziləri ilə görüşlərin keçirilməsi, bu qayğının sözdə deyil, əməldə olması şəhid oğulların ailə üzvlərində, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş şəxslərdə dövlətə qarşı böyük sevgi və hörmət, minnətdarlıq hissi yaratmışdır. Xüsusilə, son dövrlərdə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə Qarabağ qazisinin müalicəsinə dəstək göstərilmiş, onların xarici ölkələrdə müalicəsinə maddi yardım olunmuşdur. Bununla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin problemləri daim diqqətdə saxlanılaraq onlara Fondun vəsaiti hesabına ev verilmiş, şəhid oğullarımızın övladlarının təhsil haqqı ödənilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə şəhid ailələrinin üzvləri ilə yaxından maraqlanmaq üçün onların evində qonaq olmuş, şəhid anaları ilə görüşmüş, onları bir-bir bağrına basaraq kədərlərinə şərik olduğunu səmimiyyətilə bildirmişdir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır.

Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırıb, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaradıb. Mehriban xanım Əliyevanın xarakterindən irəli gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi ona cənab Prezidentin qarşıya qoyduğu vəzifələri reallaşdırmağa imkan verir.

 Heydər Əliyev Fondu öz fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Respublikasının müxtəlif universalregional beynəlxalq təşkilatlara üzvlüyü, habelə ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi kontekstində çoxsaylı müqavilələr yolu ilə beynəlxalq və dövlətdaxili qurumlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin inkişafını daim diqqətdə saxlayır. Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra sazişlərin imzalanması bu sahədə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmiş, dövlətimizin beynəlxalq öhdəliklərinin icrası istiqamətində mühüm işlər görməyə imkan vermişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və xaricdə çox böyük layihələr həyata keçirilir. Eyni zamanda, beynəlxalq təşkilatların tədbirləri Fond tərəfindən uğurla təşkil olunur. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də təşkilat komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin nəticəsində mümkün olmuşdur. IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı da Mehriban Əliyevaya həvalə edilmişdi. Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var, o, bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeninə layiq görülüb.

Mehriban Əliyeva peşəkar, bilikli, təcrübəli, prinsipial dövlət xadimi, eyni zamanda çox xeyirxah bir insandır və Azərbaycan xalqı ona çox böyük rəğbət, sevgi bəsləyir. O, hər zaman məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə milli mədəni-mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında gördüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Prezident İlham Əliyev Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, "Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir". Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atmışdır. Məhz Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım aksiyalarının keçirilməsi, xarici ölkələrdə Fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyaların nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu və "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Bakıda Muğam Mərkəzi açılıb, Qarabağ xanəndələrinin albomu hazırlanıb, muğam festivalları keçirilir, ayrı-ayrı ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri təşkil edilir, xalqımızın adət-ənənələri, milli mətbəxi, musiqisi geniş təbliğ olunur. Məhz Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan muğamı, xalçaları, Novruz bayramı, aşıq musiqisi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. İşğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi vurğulamaq lazımdır. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlanılıb.

 

Yusif ƏLƏKBƏROV,

 

"Prant" şirkətinin prezidenti

 

Respublika.- 2022.- 26 avqust.- S.7.