“ŞUŞA İLİ" İLƏ BAĞLI TƏDBİR

 

Tərtər Rayon İcra Hakimiyyəti və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkda "Şuşa ili" ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə "Əsgərə məktub" layihəsi də iştirakçıların marağına səbəb olmuşdur. İştirakçılar qalib ordunun əsgərlərinə məktub ünvanlamışlar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Mərkəzi meydanda ulu öndərin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüblər.

Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğulamışlar.

Tədbirdə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qazilərimiz "Azərbaycan Bayrağı" ordenli Elnur Salahlı və Mehdi Sabirzadə çıxış edərək Şuşanın tarixindən, yerləşdiyi mövqeyə görə Şuşanın Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğundan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətdən və qazanılan qələbədən geniş söz açıblar.

Tədbir Tərtər rayon nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı, şəhər 5 saylı və Seydimli kənd körpələr evi-uşaq bağçalarının balaca fidanlarının çıxışları ilə davam edib.

 

Vəli VƏLİYEV

 

Respublika.- 2022.- 30 avqust.- S. 11.