Ecazkarfüsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

 

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Parkqoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla parkqoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Qaragöl Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

 

"Respublika".

 

 Qaragöl Dövlət Təbiət Qoruğu

 

17 oktyabr 1987-ci ildə Azərbaycan SSR və Ermənistan SSR-in direktiv orqanlarının qərarı ilə Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində ərazisi 240 hektar olan Qaragöl Dövlət Təbiət Qoruğu yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir.

Qaragöl dəniz səviyyəsindən 2658 metr hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsində, Böyük İşıqlı dağının yamacında yerləşir. Şimal-qərbdən Dəmirdaş və Kiçik İşıxlı dağı ilə, şimaldan Canqutaran dağı, şərqdən isə alçaq meren tirəsi ilə əhatə olunmuşdur. Mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malik olan Qaragölün suyundan yerli əhali əkin yerlərinin suvarılması və balıqçılıq təsərrüfatı üçün istifadə etmişlər. Göldə suyun həcmi 10 milyon kubmetrdən artıq, şəffaflığı isə 4,6 metrdir. Burada geoloji cəhətdən vulkanik dağların lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün ekoloji şəraiti və suyun müəyyən xüsusiyyətləri burada canlı aləmin inkişafına mənfi təsir göstərmişdir. Buna baxmayaraq, gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə rast gəlinir.

Qaragöl Dövlət Təbiət Qoruğu şimal, şimal-qərb və qərbdə quru ərazi yarğanlı və qayalıq, şimal-qərb hissədə bir neçə gətirmə konusu var. Qoruğun digər hissələrində isə relyef düzənlikdir. Burada ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. İllik yağıntının miqdarı 700 mm-ə bərabərdir. Göl oktyabr ayının ikinci yarsından aprelin axırına kimi donur. Sahildən mərkəzə doğru buzun qalınlığı 50 santimetr, qarın qalınlığı isə 45 santimetr olur.

Qoruğu əhatə edən quru ərazi dağlıq qurşağın səciyyəvi alp landşaft kompleksinə malikdir. Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yonca, şərq hissədə çəmənliklər inkişaf edir. Burada yalnız amfibi, qırxbuğum və qaymaqçiçəyi bitir. Ərazidə humusla zəngin çimli dağ-çəmən torpaqları yayılıb.

Qoruğun ərazisi seyrək meşəliklər və kolluqlar, eləcə də palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Yerin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına şərait yaradıb. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, qırqovul, turac bildirçin yayılıb.

Qaragölonun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur ermənilər digər ərazilərimiz kimi, buranı da 1992-ci ildə işğal etmiş, 30 ilə yaxın torpaqlarımızın işğal altında olması Qaragöl Dövlət Təbiət Qoruğuna da mənfi təsir göstərmişdir.

Laçın rayonunun işğaldan azad olması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən çağlayacaqQaragöl Dövlət Təbiət Qoruğu əvvəlki illərdə olduğu kimi, mühüm təsərrüfat əhəmiyyətinə malik olacaqdır.

 

Kamil İSMAYIL

 

Respublika.- 2022.- 31 avqust.- S.7.