Onlar bizim gələcəyimizdir

 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə "Gəncliyimiz gələcəyimizdir" adlı tədbir keçirildi.

 

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev, Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, şair-publisist Hidayət Səfərli, rayonun fəal gəncləri, Qarabağ müharibəsinin iştirakçıları iştirak etdilər. Ümummilli lider Heydər Əliyevin abidəsi və "Şəhidlər" abidə-kompleksinin önünə gül dəstələri qoyulduqdan sonra tədbir 1 saylı qəsəbədə yerləşən Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Tədbirdə çıxış edənlər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər. Qeyd olundu ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

 

Tədbirdə ölkədə aparılan gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirildi, bir qrup fəal gənc Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanı ilə təltif olundu.

 

Sonda Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdilər.

 

T.YADULLAOĞLU

 

Respublika 2022.- 3 fevral.- S.10.