Nadir Əliyev

 

Xalqımız  öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur.  Öz doğma yurdunu, torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Əsr-əsr, qərinə-qərinə igid ərənlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana şöhrət qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. Birinci Qarabağ savaşı da  yüzlərlə milli qəhrəman yetirmişdir ki, bunlardan biri  Əliyev Nadir Alış oğludur.

Nadir 30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində dünyaya göz açıb. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Elə həmin il Bakı Politexnik Texnikumuna daxil olmuşdur. 1981-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş, az sonra hərbi xidmətə çağırılmışdır. O, 1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub, Bakı Tunel Tikinti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verirhüquq fakültəsinə daxil olur. 1986-cı ildə bir neçə tələbə ilə birlikdə onu Moskva DTK-nın Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onu Milli Təhlükəsizlik Nazirliyinə (keçmiş Azərbaycan DTK) işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. Qarabağda başlanan müharibə zamanı Nadir Əliyevi öz xahişi ilə MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində döyüş bölgəsinə göndərirlər. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edirdi.

Nadir Vətənini, doğma torpağını öz canından artıq sevirdi. Qarabağda başlanan müharibə minlərlə insanı yurdsuz-yuvasız qoymuşdu. Nadirin gözündə qəzəb alovlanırdı. Öz xahişilə onu döyüş bölgəsinə göndərirlər. Nadir Əliyev Qarabağ və ətraf rayonlarda işlədiyi dövürdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilmişdi.

22 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin müdafiəsi uğrunda ağır döyüşlər başlayır. Ağdam sanki can üstəydi. Erməni silahlı qüvvələri bu bölgəni üzük qaşı kimi mühasirəyə almışdı. Vaxt ötdükcə mövqelərimiz daralır, qədim bir yurd əlimizdən çıxırdı. Düşmən Qiyaslı kəndi istiqamətindən böyük qüvvə ilə Ağdam şəhərinə girməyə can atırdı. Baş leytenant Nadir Əliyev əlavə qüvvələrin göndəriləcəyi ümidi ilə öz dəstəsinə irəli atılmağı əmr etdi. Qeyri-bərabər döyüş başlayır. Düşmən qüvvələri sayca çox olduğundan dəstə çətin durumda qalır. Atılan güllələrdən biri Nadirin sinəsini dəlib keçdi. O, ana yurdu Ağdamın qoynunda əbədiyyətə qovuşdu. İnamı əqidəsi ölümündən güclü olan Nadir də Vətən yolunda hər an canından keçməyə hazır olan insan idi. Vətən fədaisi olan Nadir Əliyevin hədər yerə olmayan ölümü onun ömrünün sonu deyildi. Onun kimi insanlar ən parlaq ulduzlara bənzəyirlər və gənc nəsillərə örnəkdilər. Onlar dünyadan köçsələr də işıqları heç zaman sönmür.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. İki övladı yadigar qalıb. Suraxanı rayonundakı 282 saylı orta məktəb 1996-cı ildən qəhrəmanın adını daşıyır.

Nadirin  canından çox sevdiyi Ağdam düşmən işğalından azad edilmişdir. Onun şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün öz sahibinə qovuşub. Onun dünyaya göz açdığı bu günü -60 illik yubileyini daha yüksək əhvali-ruhiyyə ilə anırıq.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə  adını qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı.

 

Respublika.- 2022.- 30 iyul.- S. 6.