Elçin Mansurov

 Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub.

Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir. Birinci sinfə Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbdə başlayıb. Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlının Kürəkçi kəndində oxuyub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçib. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi qulluq müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən "N" saylı hərbi hissələrdə çalışıb. Qorxmaz kəşfiyyatçı kimi ən çətin tapşırıqlara yollanıb, komandanlıq tərəfindən daim təqdir edilib. İctimai televiziyaya verdiyi müsahibədə çox danışmağı sevməyən mayor fikrini qısaca belə ifadə edib: "Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçılar yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam".

Elçin 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edirişğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Döyüş yoldaşları danışırlar ki, Elçin tez-tez təkbaşına kəşfiyyata gedib əsir gətirdiyi üçün dostları arasında həm də "Tənha canavar" ləqəbi ilə tanınıb. Düşmən onun sağ ələ keçirilməsi üçün külli miqdarda mükafat təyin edib.

O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçir və hər dəfə səfərləri "qanla" bitərmiş. Düşmən ona ləqəb də qoyub. Həmçinin, onu döyüş yoldaşları "Kəşfiyyatın vuran əli", "Tənha canavar", "Boz qurd" da adlandırıblar. Xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunur. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlir. Elçin həm də 2016-cı ildə Aprel savaşında da cəsurluğunu sübut etmişdi.

Elçin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılır. Vətən müharibəsində onun komandirliyi altında 24 nəfərlik qrupdan ibarət heyət heç bir itki vermədən düşmən postunu ələ keçirib. Sonrakı döyüşlərdə 17 şəhid, 5 yaralı olmaqla qısa müddət ərzində düşmənin olduqca strateji əhəmiyyətli 3 postunu ələ keçirib, 30 ildən sonra azad olunmuş mövqeyə bayrağımızı sancıb. İkinci hücum zamanı isə cəmi 45 dəqiqə ərzində, düşmənin 2 taqımını darmadağın edib. Sonra qorxmaz qəhrəmanımız mayor Elçin Mansurov tabeçiliyində olan qrupdan ayrılaraq, düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum edərək, daha 22 düşmən əsgərini təkbaşına məhv edib geri qayıdan zaman sentyabrın 27-də "Buğra dərəsi" adlanan ərazidə düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib. II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", həmçinin, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" Elçin Elşən oğlu Mansurovun adı verilmişdir.

Qardaşı Rövşən Mansurov: "Qardaşımın uşaqlıqdan hərbiyə marağı olub. İşinə çox bağlıydı, heç vaxt bayram, ad günlərini bizimlə qeyd etməzdi. Qardaşımla bağlı xatirələrim çoxdur, qardaş yox, atam rəhmətə getdikdən sonra əslində ata əvəzi olmuşdu bizə. Hər çətinlikdə qardaşımın varlığı o işin öhdəsindən gəlməyə kifayət edərdi. Hər kəs rahatlıqla dərdini bölüşərdi onunla, amma özü heç vaxt heç bir problemini, çətinliyini deməzdi, gizlədərdi. Əslində, hərbçilərə bir o qədər də xas olmayan ürəyi yumşaqlıq, mehribançılıq var idi ətrafındakılara qarşı. Qardaşım şəhid olduqdan sonra onunla xidmət edən əsgərlər mənə zəng edib qardaşımın onlara əsgər yox, qardaş kimi rəftarından danışırdılar. Fiziki cəhətdən çox dözümlü, cəsur idi. Qorxu deyilən bir şey yox idi onda. Müharibə başlayanda da qardaşımı tanıyan hər kəsdə sanki bir rahatlıq var idi ki, o cür insana heç bir şey olmaz. Müharibə vaxtı əsgərlərinə bir şey olmasın deyə tabeliyində olan qrupdan ayrılıb düşmən postuna təkbaşına hücum edib. 20-dən artıq düşmən əsgərini məhv edib, qəhrəmancasına şəhid olub. Bu cür qardaşı itirmək nə qədər ağır da olsa, torpaq yolunda, Vətən yolunda canını qurban verən oğulun qardaşı olmaq bir o qədər qürurvericidir".

Qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Elçin kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

Müşfiq MİRZƏ

Respublika .- 2022.- 25 noyabr.- S.12.