Nəbi Mülkümov - "Vətən sevgisi"

Bədii yaradıcılıqla məşğul olan Nəbi Mülkümovun "Vətən sevgisi" adlı kitabı işıq üzü görüb. "Səda" nəşriyyatında çap olunan kitabının redaktoru Həvva Adəmsoy Vasalovadır.

Nəbi Mülkümovda şeirə, poeziyaya həvəs hələ məktəb illərindən başlamışdır. Gənc şairin daha da püxtələşməsində jurnalist və yazıçı, həmyerlisi Əhməd İsayevin, şair Abdulla Dağlaroğlunun böyük rolu olmuşdur. O, Vətən torpağına olan sevgi və məhəbbətini bu dəfə kitab formasında ifadə edib. Zaqatala rayonunun Suvagil kəndində dünyaya gələn müəllif öz kitabında el-obasından, bu yerlərin tanınmış, mötəbər insanlarından söz açır. Onların əmək fəaliyyətini şeirlərində tərənnüm edir. Kitaba nəzər salanda bu yerləri səyahətə çıxırsan sanki. Sovetlər birliyində Zaqatalanı Azərbaycanın Parisi adlandırıblar. Deməli, bu bölgə yüksək inkişafı ilə bərabər, həm də müasirliyi ilə də seçilib. Dağların qoynunda, meşələrin əhatəsində qərar tutan rayonun insanları da təbiəti kimi safdır. Bütün bu amilləri nəzərə alan müəllif kitabda bölgənin insanlarını öz bədii təxəyyülünün gözü ilə təqdim edir oxuculara.

Azərbaycanda multikulturalizmin ən gözəl inkişaf etmiş bölgələrindən biriZaqatala rayonudur. Nəbi Mülkümovun şeirlərinin ana xəttini təşkil edən qollardan biribudur. Bu bölgədə mehriban qonşuluq şəraitində yaşayan türklərin, avarların, saxurların, ingiloyların həyat və məişətini vəsf edən şeirlər çoxluq təşkil edir. Maraqlı olan məqamlardan biriodur ki, şair bu azsaylı xalqların öz dillərində də şeirlər yazmışdır. Onun vətənpərvərlik mövzusunda yazdığı xeyli sayda şeirləri var. Ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən, 30 illik işğal dövrünün nisgilindən bəhs edir bu şeirlər. Hələ Vətən müharibəsində qələbəmizdən öncə yazdığı "Qarabağ Azərbaycandır!", "Vətən torpağı", "Qarabağsız keçən illər" və sairə şeirlərini nümunə göstərmək olar.

Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr etdiyi şeirləri də kitabda xüsusi yer tutur. Yazdığı sevgi şeirləri isə yaradıcılığının əsas qollarındandır və onu nəğməkar şair kimi də tanıtdırır. Yazdığı xeyli sayda şeirə musiqi bəstələnib.

Ramidə YAQUBQIZI

Respublika 2022.- 9 oktyabr.- S.7.